Elm adamları insan ömrünü 200 ilə qədər uzatmağı hədəfləyən dərmanın hazırlandığını açıqlayıblar. İnsan ömrünü 200 ilə qədər uzada bilən dərmanlar hazırda sınaqdan keçirilir.
İnsan bədənindəki yaşlı hüceyrələri öldürərək qocalmanı dayandırmaq və ya yavaşlatmaq məqsədi daşıyan senolitik dərmanlar haqqında bioloq Andrew Steele danışıb.
A.Steele Britaniyanın “Daily Mail” qəzetinə müsahibəsində insanların 200 yaşa qədər yaşaması üçün heç bir bioloji maneənin olmadığını deyib.
“Nə qədər yaşaya biləcəyimizə dair hər hansı bir məhdudiyyət olduğunu düşünmürəm” deyən Steele sözlərinə belə davam edib: “Bir neçə ildən bir nəşr olunan araşdırmalar var ki, ömür həddini müəyyən edir. Ancaq onlar vacib bir məqamı yaddan çıxarırlar, bu da odur ki, biz heç vaxt qocalma prosesini müalicə etməyə çalışmamışıq. İnsanların 200 yaşa qədər yaşaya bilməməsi üçün heç bir fiziki və ya bioloji səbəb görmürəm. Sual ondan ibarətdir ki, biz bunu mümkün etmək üçün biotibbi elmi inkişaf etdirə bilərikmi?”
Gero biotibbi süni intellekt firmasını idarə edən rus molekulyar fizik Pyotr Fediçevin də aralarında olduğu mütəxəssislər hesab edirlər ki, insanlar təbii olaraq 150 yaşa qədər yaşaya bilərlər.
Lakin Fediçev insanların həyat keyfiyyətini yaxşılaşdırmadan onların ömrünün uzadılmasından narahat olduğunu söyləyərək, yaşlı insanların xəstəliklərə daha çox meylli olduğu üçün bu halda ömrü uzatmağın mənasız olacağını bildirib. Belə ki, insanda bu hal yeni hazırlanacaq dərmana ehtiyacın daha çox artmasına səbəb ola bilər.
Vüsal Cahanov