Tibb alimləri insan ömrünü uzadan, həyat keyfiyyətini yaxşılaşdıran idman növlərinin adlarını açıqlayıblar. 12 il müddətində aparılan tədqiqatların nəticələri maraqlı olmaqla yanaşı, hən də sağlamlığının qayğısına qalan insanlar üçün dəyərli məlumatdır.
Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, ömrü uzadan idman növlərinə tennis və badminton liderlik edir. Tədqiqatlardan aydın olub ki, bu idman növlərində hərəkətlilik, bütün orqanizmin daha çox fəal olması ürək-damar xəstəliklərinin yaratdığı ölüm riskini 56 faiz aşağı salır. Bu oyunlar yarış xarakteri daşıdığından, yəni “rəqib” tərəfin də olması beyin fəaliyyətini də fəallaşdırır ki, bu da öz növbəsində sağlamlığa müsbət təsir göstərir.
Nərminə Abbasova bildirir ki, üzgüçülük oynaqları gücə salmadan bütün əzələləri “işlədən” idman növüdür. Digər bir tərəfdən bu idman növü vasitəsilə insan daha çox su ilə təmasda olur ki, bu da orqanizm üçün olduqca faydalıdır. Məhz bu idman növü ilə ürək-damar xəstəliklərinə tutulma riskini 41 faiz aşağı salmaq olar.
Mütəxəssis vurğulayır ki, aerobika və gimnastika da sağlamlıq üçün ən faydalı idman növlərinin sırasındadır. Bu idman növləri ilə məşğul olmaqla ürək-damar xəstəliklərinin yaranmasını 36 faiz aşağı endirmək olar.
Həkim onu da qeyd edir ki, fiziki fəallıq insan sağlamlığı üçün ən vacib şərtlərdəndir. Xüsusilə də, gənclik illərini arxada qoymuş insanlar buna daha çox diqqət və vaxt ayırmalıdırlar. Ancaq bir şərtlə, idman müntəzəm və qədərində olmalıdır.