Xoşbəxt olduğumuz anlarda ürəkdən gülür və təbəssümü gizlədə bilmirik. Zarafat və ya gülməli hadisə ilə də qarşılaşdıqda özümüzdən asılı olmadan gülürük. Lakin gülüş heç də həmişə xoş emosiyaların təsiri ilə baş vermir. Bəzən qəlbimizin çox ağrıdığını gizlətmək üçün də gülürük.
Psixoloqlar bildirir ki, insanlar müxtəlif səbəblərə görə gülür və gülüş tərzi sahibi haqqında bir çox gizli məqamları aşkara çıxarır. Geotologiya (gülüşü öyrənən elm) elminə görə, insanların hər birinin özünəməxsus gülüşü və xarakteri var. Gülüşlə insanın xarakteri arasında bağlılıq mövcuddur. Gülüşü müşahidə etməklə insanın xasiyyətini də müəyyən etmək olar.
Psixoloq Lalə Əhmədovanın sözlərinə görə, gülüşlər səslərinə və üzə verdiyi ifadəyə görə fərqlənir: “Məsələn, səmimi “ha-ha-ha” kimi səslənən gülüş insanın qayğısız olduğunu və olduğu şəraitlə razılaşdığını göstərir. Bu cür gülüş həmsöhbətlər arasında gərginliyi aradan qaldırır. “Hi-hi-hi” kimi səslənən gülüş isə gərginliyi daha da çoxaldır. Bu cür gülüş tərzi həmsöhbətin qarşıdakı insana qarşı pis niyyətli olduğunu da göstərir. Ola bilsin ki, belə gülüş sahibi paxıllıq edir və ya nəsə gizlədir. “He-he-he” kimi səslənən, aqressiv, qəfil və diqqəti çəkən gülüş sahibləri isə sanki bu cür gülərək qarşıdakına “sən məni aldada bilməzsən”, “rəğbətimi qazana bilməzsən” deyir. Ümumiyyətlə, gülüş zamanı “e” səsinin çox səslənməsi həmin adamın sizin barənizdə pis düşündüyünü təsdiq edir”.
“Ho-ho-ho” kimi səslənən gülüş sahibinin təəccübləndiyini, tənqidi münasibət bəslədiyini və ya sadəliyini göstərir. İnsan gülərkən “hu-hu-hu” kimi səslər çıxartması insanın qorxduğunu, həyəcanlandığını göstərir.
Psixoloq qeyd edir ki, səbəbsiz gülüş, istənilən başqa emosiyaların idarə olunmaması isə bioloji səbəblərə görə baş verir və orqanizmin endokrin sisteminin fəaliyyətinin pozulması ilə bağlıdır. Onun dediyinə görə, əgər insan gülərkən başını arxaya edib ağzını bərk açırsa, həyatdan zövq ala bilir. Belə adamlar küsəyən olmur və başqalarının onların ünvanına deyilən mənfi fikirlərə sakit yanaşırlar: “Gülərkən qaşlarınızı çatırsınızsa, demək siz çox təmkinlisiz. Lakin özünüzdən çox razısız. Çalışın özünüzə kənardan baxın. Gülərkən əlinizi ağzınıza tutursunuzsa, özünüzə kifayət qədər güvənmirsiz. Tez sıxılırsız. Ətraf-mühitin diqqətindən kənarda qalmağı xoşlayırsız. Bu xasiyyəti tərgitin. Əks halda sonunadək tək qalacaqsız. Gülərkən başınızı yelləyirsinizsə, siz çox sadəlövhsüz. Ətrafdakılar sizi heç başa düşmürlər. Amma ürəyiniz çox təmizdir. Sizə bel bağlamaq olsa da qərar verəndə ağlınızın hökmünə deyil, ürəyinizin səsinə qulaq asırsız. Bu isə adətən məğlubiyyətlə nəticələnir”.
Əhmədova deyir ki, gülərkən burnunu qaşıyanlar çox dəyişkən insanlardır. Hər dəqiqə fikrinizi dəyişdirə bilərlər. Bu xasiyyətlərinə görə küləkdən geri qalmırlar. Özündən yaman razıdırlar.
Haylı-küylü gülüş sahibləri həddindən artıq temperamentli olurlar. Bəzən səbirli, bəzən tez özlərindən çıxırlar. Dostluqda alicənab olan bu şəxslərə düşünmədən etibar etmək olar. Onlar sevdiklərini yarı yolda buraxmazlar. Həm də tələbkardılar. Yalanı sevmirlər.
Özünəməxsus gülüş tərzi olanlarsa həm mülayim, həm də qəddar olurlar. Fərqli xüsusiyyətləri, fərqli dünya görüşləri var. Keçmiş üçün yox, gələcək üçün yaşayırlar. Onları yıxmaq hər adama nəsib olmur.
Psixoloqun sözlərinə görə, əgər həmsöhbət zarafata çox emosional reaksiya verirsə, bərkdən gülür, əllərini dizlərinə vurur, əlini stola çırpırsa, diqqət mərkəzində olmağa çalışır. Bu cür insanları onlara qarşı olan cüzi diqqət, tərif və ya tənqid cəlb edir. Onlar bayram mərasimlərinə getməyi sevir, başqalarını da şənləndirirlər. Belə adamların mənfi cəhətləri isə onların xəsis, eqoist və qapalı olmalarıdır.
Əhmədova bildirir ki, gülməyən və yalnız gülümsəyən kişilər çox qəddar olur. Bu cür kişilər yalançı və eqoistdirlər: “Gülüşünü boğmağa çalışanlar davranışlarına daim nəzarət edirlər. Onları əsəbləşdirmək çox çətindir. Belə adamlar özlərinə əmin olur və etibar qazanırlar. Lakin onların yaxınların və dostların dəstəyinə ehtiyacı var. Bu cür insanlar öz üzərində işləməyi sevir, özlərini inkişaf etdirirlər. Qarşılarına məqsəd qoyur və onlara doğru getməyə çalışırlar”.
Gülərkən burnunu büzüşdürməksə, məhz qadınların özlərinə çox nəzarət etməsini göstərir. Bu cür qadınların daim diqqətə və qayğıya da ehtiyacları olur. Qadın gülərkən başına toxunursa, romantik və xəyalpərəstdir. Belə qadınlar özlərinin uydurduğu dünyada yaşamağa üstünlük verirlər. Mübahisələrə düzgün reaksiya verə bilmirlər, qəfil qərarlar verir və sonra da peşman olurlar. Qadın gülərkən çeçələ barmağı ilə dodaqlarının kənarına toxunursa, kübardır və öz jestlərinə, hərəkətlərinə fikir verir. Bu cür qadınlar diqqət mərkəzində olmağa can atırlar.
Mütəxəssisin dediyinə görə, qadınların öz davranışlarına fikir verməsini gülərkən əlləri ilə ağzını tutması da göstərir. Belə qadınlar özlərinə əmin olmur və özlərinə qarşı tənqidi münasibət bəsləyirlər. Adamların arasında emosiyalarına nəzarət edir, artıq hərəkətlərə yol vermirlər. Onlar yaxşı həyat yoldaşı və fədakar dost ola bilirlər.