Son günlər Azərbaycanda intiharların artdığını müşahidə etmək olur. Bəs insanları intihara sürükləyən nədir?
Təbii ki, mövcud durumda intihar, onun motivləri və səbəbləri çox adamı düşündürür.
İnsanlar niyə intihar edir?
İntihar çətin və mürəkkəb məsələdir. Lakin problemə təkcə psixoloji aspektdən yox, kompleks yanaşmaq lazımdır. İntiharın səbəbləri bir deyil, bir neçədir. İntiharla ölən insanların heç də hamısına psixi xəstəlik diaqnozu qoyulmur. Ya da psixi xəstəlik diaqnozu qoyulanların çoxu intiharla həyatlarına son qoymaq istəmir.
İntihar etmək istəyən insanlar düşüncələrində və hisslərində emosional ağrılardan əzab çəkirlər. İntiharla ölən insanlar ümidsizlik, köməksizlik, acizlikdən bezdiklərini düşünürlər. Lakin özünəqəsd təkcə mənəvi dünyanın, xarakterin deqradasiyası və ya qüsurlarla bağlı deyil.
İnsanlar düşüncələri kimi, hisslərini də nəzərdən keçirir və belə qənaətə gəlirlər ki, onların “ağrıları” sona çatmayacaq. Onlar düşünür ki, intihar əzablardan xilas olmaq üçün yeganə yoldur.
Bir çox amillər və şərait təbii ki, intihar vasitəsi ilə həyatla vidalaşmaq istəyənlərə öz “töhfəsini” verə bilər.
Belə ki, narkomaniya, uşaqlıdakı travmalar və ya travmaların başqa forması, depressiya, ciddi xəstəliklər insanları intihara sürükləyə bilər.
İntihar dözülməz pisixi iztirablara, qorxu və ümidsizliklərə “sinə gərmək” üçün görülən tədbirlərin nəticəsidir – psixologiya ədəbiyyatlarında intihara həm də belə tərif verilir.
İntiharın qarşısını necə almaq olar?
Ən vacib məqamlardan biri də intiharın qarşısının alınmasıdır. Araşdırmalar göstərir ki, risklərin minimuma endirilməsi üçün insanların intiharlarının qarşısını almaq mümkündür. Bu isə həm də ictimai və dövlət səviyyəsində görülə biləcək tədbirlər sayəsində mümkündür. Nümunə üçün:
-İnsanların bəzi dərmanlara, silahlara çıxışının azaldılması;
-Psixi pozğunluqların müalicəsi – xüsusilə depressiya, alkoqolizm və şizofreniyadan əziyyət çəkənlərin müalicəsinə diqqəti artırmaq.
-İntihara meylli olanların ya da cəhd edənlərin nəzarətdə saxlanılması;
-Mediada intihar xəbərləri ilə bağlı məsuliyyətin artırılması,
-Psixi sağlamlığın təşviqi.
Bəzi hallarda insanlar, xəbərdarlıq etmədən intihar edir. Lakin anlamaq lazımdır ki, xəbərdarlıq olmadan intihar edilmə halları elə də çox deyil. Çünki, hadisə olmamışdan öncə intihara meylli insanlar öz hərəkətlərində, düşüncələrində bunu büruzə verir. Açıq, birbaşa ifadələr işlətməsələr belə.
Buna görə də, bütün məsələlər ciddi qəbul edilməlidir. Başa düşmək lazımdır ki, intihar haqqında danışan birinin fikri ciddidir, ona biganə yanaşmaq olmaz.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, kimsə intihar etmək haqqında düşünübsə və ondan çəkindirilibsə, bu, hələ riskin aradan qalxması demək deyil. Çünki, bu, daimi deyil, hər zaman intihar fikirləri yenidən insan şüur və düşüncəsinə hakim kəsilə bilər.
Bizlər intihar haqqında niyə fərqli danışırıq?
Dil qarşılıqlı anlaşma, qayğıkeşliyin açarıdır. Bizlər intihardan danışanda ictimai qınaqdan çəkindiyimiz üçün ya da terminolgiyamıza “uğursuz intihar cəhdi”, “uğurlu intihar” kimi ifadələr daxil etmişik. Bunun əvəzində isə “İntihar edərək öldü” ifadəsini işlətməliyik.
“İntihar edərək dünyasını dəyişdi” əvəzinə “intihara üstünlük verildi” deyilməlidir. Çünki, bu ifadə təhlükənin ciddiliyindən xəbər verir, o birilər isə nisbətən yumşaldıcıdır.
İnsanlar, öz aralarında da maarifləndirmə aparmalıdır – unutmaq lazım deyil ki, kimisə intihardan çəkindirmək üçün ekspert olmaq vacib deyil.
Adi insanlar da intihara meylli olanların davranış və özünü ifadələrində, düşüncələrində bunu oxuya bilər.
Sosial münasibətlərin araşdırılması, ciddi təhlil edilməsi də intihar risklərini aşağı salan amillərdəndir.
İntihar risklərini azaltmaq üçün homoseksullara nifrət, irqçilik, qadına nifrət, təhqirlərlə müşayiət olunan fikirlərə çıxış azaldılmalıdır. Fərdlər, sosial ədalət və bərabərliklə yanaşı, lazımi psixoloji və tibbi müalicə ilə də təmin edilməlidir.
Özünəqəsd və psixi problemlər
Yuxarıda qeyd edildiyi kimi, psixi pozğunluq diaqnozu qoyulan insanların heç də hamısı intihar edərək ölmürlər.
Psixoloqların gəldiyi qənaətə görə, depressiya diaqnozu qoyulanların 85-98 faizi intihara meylli olmurlar.
Bipolyar pozuntu diaqnozu qoyulanların 80-97 faizi də, intihar etməyi düşünmür.
Şizofreniya diaqnozu qoyulanların isə 85-94 faizi intihar edərək ölməyi düşünmürlər.
Göründüyü kimi, intihar təkcə, bir aspektdən yox, bir neçə prizmadan araşdırılmalıdır. İctimai münasibətlər, bunların insane həyatına hansı formada təsiri də təhlil olunmalıdır. (Modern.az)