falci

“İnstagram”da 5-10 manata “xoşbəxtlik” satanlar

Baxış sayı: 2. 335

“Xanım, çox üzr istəyirəm, səbir edə bilmədim. 15 gün demişdin, inanmadım. Təsirini göstərmir deyə, 10-cu günündə bir az əsəbi oldum, aldadıldım deyə qorxdum. Ona görə sizə o sözləri yazdım. Yoldaşım evə qayıdıb, evdən çölə çıxmır. Haqqını halal elə, dünən yazdığın ünvana gül göndərdim. İnşallah, bu, aramızda soyuqluq yaratmaz. Allah səndən razı olsun. Səhv etdim, bağışla. Əlaqəni kəsməyəcəm səninlə”…

“Qurban olum, inboksa baxın, gecədir, narahat edirəm. Amma mənə təcili lazımsınız. Bacım sevgilisindən ayrılıb, çox pis vəziyyətdədir. Məni xoşbəxt etdiyiniz kimi, onu da edin. Qurban olum sizə, tək çarəm sizsiniz. Xahiş edirəm, onun da işini düzəldin, mənim sizə inamım sonsuzdur”…

Qeyd etdiyim bu fikirlər sosial şəbəkədə falçılardan birinin səhifəsinə yazılan rəylərdir. Digər falçıların da sosial şəbəkə səhifələrinə baxanda, insanların onlara marağını, tərif dolu rəylərini görürük. Düzdür, bu rəylər falçıların özlərinin yaratdığı saxta profillərdən də yazıla bilər, amma səhifələrə baxanda ümumi fikir onu göstərir ki, insanlar arasında onlara böyük maraq var. Xüsusilə “İnstagram” sosial şəbəkəsində həddindən artıq falçı səhifəsi var… Və artıq bu sahədə də onlayn xidmətlər tətbiq olunur, yəni harasa getməyə də ehtiyac yoxdur, pulunu onlayn ödəyirsən, yaxud da konturla baxanlar da var. Qiymətlər isə 2 manatlıq konturdan başlayır… Xidmət də onlayn olaraq göstərilir. Məsələn, Günay adlı baxıcı bildirdi ki, 10 manat kontur kodu göndərirsiz, bu zaman sizə nömrə verirlər, zəng vurursuz, fala baxılır. Ad, ana adı və şəkillə baxılır.

 

Baxmağın ayrı, işin ayrı qiyməti var

Afaq adlı baxıcı ilə bəxt açdırmaq istəyən müştəri qismində söhbətləşdik. Dedi ki, “bəxt açmağın” qiyməti 250 manatdır. Ödəniş öncədən onlayn şəkildə ödənilir, bundan sonra “iş” görülür. Elə bu zaman da xidmət onlayn olaraq göstərilir. 15 günə isə artıq nəticəsi görülür. Hətta bildirdi ki, dedikləri olmasa, ödəniş geri qaytarılır. Amma qeyd etdi ki, alınmamaq kimi hallar olmur. İnanan daşa dönsünmü, dönməsinmi?

Ümumi olaraq bir neçə falçıyla danışdıq. Hər falçının öz qiyməti və baxma üsulu var. Sadəcə, diqqəti çəkən məqam odur ki, “baxmaq” çox aşağı qiymətə olsa da, işə gələndə qiymətlər ceyran belinə qalxır. Necə deyərlər, baxmağın qiyməti ayrı, işinki tamam ayrı. Məsələn, cadu təmizləməyin qiyməti 50 manatdır. Bəxt açmaq isə bir neçə dəfə baha… Və beləliklə, bir dəfə məzə xatirinə “baxdıranlar”, bir də görürlər ki, böyük məbləğləri falçıya paylayıblar… Əslində, hansısa xidmətdən istifadə edərkən razı qalmayanda pulu geri almağa çalışırıq, lazım gələndə məhkəməyə müraciət edirik. Amma falçıya müraciət edənlər bunu gizli etdiyi üçün açıq mübarizəyə də getmirlər. Bunlar dələduzlar üçün böyük gəlir mənbəyi ola bilər və olur da…

Falçılıqdan danışanda, Mirzə Fətəli Axundovun “Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah” komediyasından gəlinən bu qənaət yadıma düşür: “Bəzən yerinə düşən hadisələr yalançı cadugərliyin yayılmasına gətirib çıxarır”. Zaman keçir, dünya inkişaf edir, Avropaya, dünyaya açılırıq, amma hələ də falçılara inam bizdə qalır, azalmır ki, artır. Bəs insanlar arasında falçılara maraq niyə bu qədər var? Yerinə düşən hadisələr və fikirlərlə insanları aldatmaq bu qədərmi asan olur? Falçılıqla məşğul olanlarla bağlı qanuni səviyyədə hər hansı mübarizə mexanizmi varmı?

 

“Normal təhsil verilməyəndə, dünyagörüşü inkişaf etdirilməyəndə…” 

Psixoloq Rövşən Hümbətov bildirdi ki, falçılıq dünyada ən qədim sənətlərdən biri olsa da, zaman keçdikcə, inkişaf getdikcə, bir çox ölkələr bundan imtina ediblər: “Qədim zamanlarda qəbilə başçılarının köməkçiləri adətən falçı, münəccim kimi gələcəyi görə bilən adamlar olurdu və bütün vacib qərarlar onların iştirakı ilə alınırdı. Bu əsrlər öncənin düşüncəsi idi. Amma zaman keçdikcə, elm-texnika, dünya inkişaf etdikcə, müəyyən ölkələr bunlardan uzaqlaşmağı bacarıblar. Lakin bizim kimi Şərq cəmiyyətlərində falçılıq hələ də öz aktuallığını qoruyub saxlayır.

Əsas səbəb kimi isə təhsil və dünyagörüşü səviyyəsini qeyd etmək olar. Məsələn, Qərb ölkələrində insanlar mütəmadi olaraq psixoloqa gedirlər, problemləri olanda normal, məntiqli yollarla həlli istiqamətində işlər görürlər. Bizdə isə falçılara inanan insanlar problemi mistik yollarla, qeyri-adi üsulla həll etmək istəyirlər. Hətta bu bizim nağıllarımızda da əks olunub. Məsələn, Simurq quşu lələyini verir, problem olanda yandırırsan, gəlib kömək edir. Yaxud lampanın içindən cin çıxır və problemləri həll edir. Bütün bunlar insan psixologiyasında problemin həllini qarşı tərəfdən gözləmək, mistik üsullara meyil etmək kimi bir fikir formalaşdırır. Normal təhsil verilməyəndə, dünyagörüşü inkişaf etdirilməyəndə isə, bu cür nağılları eşidən, oxuyan adamların falçılara, baxıcılara inanması halları da olacaq”.

 

“İstənilən insan üçün keçərli “proqnoz və görmələr”

Psixoloq qeyd etdi ki, falçıların “görüb, söylədikləri” əslində hər kəsin gündəlik başına gələcək hadisələrdir və onlar istənilən insan üçün keçərli “proqnoz və görmələr”dir: “İnsan üçün ölümdən də qorxulu hal qeyri-müəyyənlik hissidir. İnsan gələcəkdə nə olacağını öncədən bilmək üçün müəyyən yollar axtarır. Bir qisim plan qurur, həlli üçün özü çalışır, bir qisim isə falçıya getməklə nəsə əldə edəcəyinə inanır. Falçılar da əslində hamıya aid ola biləcək ümumi sözlərdən istifadə edərək gələn adamı razı salır, eşitmək istədiyi sözü deyir, insan da bununla rahatlıq tapır, probleminin həll olunduğunu, yaxud olunacağını düşünür. Onların söylədikləri həqiqətən də hamının başına gələn, hər kəsin gündəlik qarşılaşa biləcəyi hadisələr olur. Məsələn, “sizin ciddi probleminiz var”, “bilirəm ki, ətrafa xoş görsənsəniz də, dərin ağrılar yaşayırsız, kədər hissi sizi üzür”, “maddi problemlər yaşayırsız”, “ailənizdə xəstə adam var”, “yoldaşınızla, yaxud sevgilinizlə probleminiz var” kimi cümlələr onların dedikləri əsas sözlər olur. Bu, günümüzdə hər kəsin rastlaşdığı problemlərdir. Demək olar ki, hər kəs bu problemlərdən bir və ya bir neçəsini yaşayır. Falçının bir az mistik düzəldilmiş otağının ab-havasına düşən, orda problemlərini, eyni zamanda hər şeyin yaxşı olacağını eşidən insan daxili rahatlıq tapır və ondan sonra evinə qayıdır. Bir müddət sonra problem həll olunanda, bunu falçının köməyi ilə əlaqələndirir, həll olunmayanda isə, “bu yalançı falçıdır” deyib başqa birini axtarır”.

 

“Köklü inanc və əqidələr qarşısında falçılar davam gətirə bilmirlər” 

Sosioloq Cavid İmamoğlunun sözlərinə görə, insanlar həmişə öz gələcəkləri barədə maraqlı olublar: “Bu, təbiidir və hər kəs buna can atır. Xüsusilə gənc qızlar və oğlanlar gələcək həyatın, ömür-günlərinin necə olacaqları barədə çox maraqlanırlar. Təbii ki, falçılar və ya öngörənlər də məhz bu ehtiyacı aradan qaldırmaq üçün meydana çıxıblar. Onlar insanları bəzən faktlar qarşısında qoymaqla, özlərinə qarşı böyük inam və hörmət də qazana bilirlər. Dünya praktikasında falçılar deviyant əhali qrupuna daxil edilir və onların hərəkətləri sosial normalardan kənar hərəkətlər kimi qəbul edilir. Bəzən bu şəxslər insanların şəxsi həyatına müdaxilə edə biləcək qədər cinayət tərkibli əməllərə də sahib ola bilirlər. Belə olduğu təqdirdə, falçılar çox təhlükəli ola bilirlər. Belə şəxslər köklü inanc və inamın zəif olduğu yerlərdə özlərinə daha çox yer tapa bilirlər. Mədəni və mənəvi ənənələrin kök atdığı yerlərdə, o cümlədən köklü inanc və əqidələr qarşısında falçılar davam gətirə bilmirlər. Çünki fundamental əqidələr insanları cəhalətdən nura, süstlükdən inkişafa səsləyir və qeyri-sosial vasitələr ilə insana təsir etməyə çalışmır. Bəzi falçılar isə mümkün qədər təəccübləndirə bilmək və təsir altına almaqla insanların hiss və emosiyalarını idarə etməyə çalışırlar. Bu da ki, insanın şəxsi inkişafına, şəxsi fikir və düşüncələrinin formalaşması prosesinə əngəl olur”.

 

“Falçılığın qadağan olunması barədə göstəriş yoxdur” 

Hüquqşünas Ceyhun Cəfərli bildirdi ki, şikayət olduğu halda, falçıların əməllərini dələduzluq kimi qiymətləndirmək olar. Qanuni səviyyədə mübarizə mexanizmi yalnız bundan ibarətdir: “Bu, dinimizdə qəbul olunmur, amma elə adi formal məntiq də bunu qadağan edir. Hüquqi müstəvidə falçılığın qadağan olunması barədə göstəriş yoxdur. Amma bu əməl özlüyündə insanların inam və etibarından sui-istifadə edərək onların əmlakını ələ keçirmə fəaliyyətidir. Özü də bu, mütəmadi olaraq həyata keçirilir. Adi qaydada klassik dələduzluq əməlində daha çox rast gəlinən hal budur ki, hər kəs bir və ya bir neçə şəxsi bir, ya iki dəfə aldatsa da, bunu müxtəlif adlar altında edir. Burda isə müntəzəm xarakter daşıyan fəaliyyətdir. Onun qarşısını almaq üçün hüquqi mexanizmlər işlənib hazırlanmalıdır. Hətta cəmiyyətin sağlam şəkildə inkişafını təmin etmək məqsədilə həmin əməllərə cinayət xarakteri verib, Cinayət Məcəlləsi ilə qadağan etmək lazımdır. Bu, şəxsi yanaşmamdır. Çünki bu, cəmiyyətin normal, sağlam inkişafını əngəlləyir, xurafata meyil yaradır və inkişaf etməkdə olan gənc nəslin dünyagörüşünü zərərli istiqamətə dəyişir”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir