İnsultun ilk simptomlarını və həkimə qədər ilk yardım qaydalarını hər bir insan bilməlidir. Bu çox vacibdir.
ABŞ və bir çox digər ölkələrdə hətta uşaqlara insultu aşkar etməyin qaydaları öyrədilir. Bu çox effektlidir. Adətən uşaqlar yaşlı insanlara tapşırılır və uşaqlar nənə və ya babanın vəziyyətində hər hansı dəyişikliyi gördükdə vaxtında “təcili yardım” çağıra bilərlər.
İnsult baş verdikdən sonra ilk 3 saat ərzində xəstəni xilas etmək mümkündür. Daha sonra beyində geriyədönməz dəyişikliklər artmağa başlayır ki, insanda da əlil qalmaq və ya həyatını itirmək riski artır.
Yaşlı, artıq çəkisi, ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet xəstəliyi olan, yaxın qohumları arasında infarkt və insult keçirmiş, siqaret çəkən insanlarda insultun riski daha çoxdur. Lakin nəzərə almaq lazımdır ki, insult hətta cavan və nisbətən sağlam insanlarda da inkişaf edə bilər.
İnsultun simptomları arasında:
– baş ağrısı
– ani başgicəllənmə
– ani zəiflik
– bədənin bir tərəfində qol və ayaqda keyimə hissi
– üzün keyiməsi, əyilməsi
– görmənin, eşitmənin, nitqin pozulması
– bəzi hallarda bayılma
– ağır hallarda ürək fəaliyyətinin və nəfəsalmanın dayanması.
İnsultdan şübhələndikdə belə sadə testdən istifadə edin:
– insandan gülümsəməyi,
– qollarını qaldırmağı
– öz adını, familiyasını, yaşını və s. deməyi,
– dilini çölə çıxartmağı xahiş edin.
İnsult zamanı insan gülümsəyəndə ağzı əyilir, qollardan biri qalxmır və ya az qalxır, nitqi pozulmuş olur, dili əyri olur və ya ağzın bir tərəfinə düşür.
Bu simptomlardan heç olmasa biri müşahidə olunduqda:
1. Dərhal təcili yardım çağırın və dispetçerə insultdan şübhələndiyiniz haqda məlumat verin. Bu halda çağırışa nevroloq həkimi gələcək.
2. Xəstəni uzandırın. Xəstə hərəkət etməməlidir, bu onun vəziyyətini daha da ağırlaşdıracaq. Onun başı və çiyinləri ayaqlardan yuxarıda olmalıdır.
3. Otaqda pencərəni açın, xəstədən kəmər, şərf və s. nəfəsalmanı çətinləşdirən paltarları çıxardın.
4. Həkimlər gələnə qədər xəstəyə su, dərman, qida və s. vermək olmaz.
5. Xəstəni həyacanlandırmayın və öz narahatçılıq və qorxunuzu ona göstərməyin. Xəstə üçün mümkün qədər sakit və rahat şərait yaradın.
Nevroloqun ilkin müayinəsindən sonra xəstə xəstəxanaya çatdırılmalı və dərhal kompüter tomoqrafiyasından keçməlidir. Diaqnoz təsdiq olunduqda insultun növündən asılı olaraq (işemik və ya hemorragik) xəstəyə xüsusi müalicə təyin olunur.