internet

İnternet ev yıxır, ya ev qurur?

Baxış sayı: 519

Bir zamanlar qız bəyənmək üçün qohum-qardaş toyunda subay qızları süzgəcdən keçirən, öz bacısından, qızın rəfiqəsindən xəbər göndərən oğlanlar indi evlənəcəyi qızı internetdə axtarır, axtarır, tapır, bir dəfə “dürtmələyir”, ikinci dəfə “like” edir, üçüncüdə paylaşımına rəy yazır, lap axırda da “inbox”una ürəyini boşaldır. Bəli, daha qız bəyənmək üçün universitet qapılarında qızların dərsdən çıxmasını gözləməyə, toya-düyünə getməyə ehtiyac yoxdur. Bu, gənclərin ürəyindəndir, amma valideynlərin çox da ürəyinə yatmır.

 

Ünsiyyət problemi yaradırsa…

XXI əsrdə texnologiyanın inanılmaz sürətli inkişafı bizə müsbət təsiri ilə yanaşı mənfi təsirini də nümayiş etdirdi. İnternet sayəsində tanınmış kitabxanaların elektron məhsullarını gözdən keçiririk, satışda olmayan kitabların elektron versiyasını əldə edirik, uzaqda olan yaxınlarımızı canlı görə bilirik, yeni dostluqlar və münasibətlər əldə edə bilirik. Bütün bunlar müsbət xüsusiyyətlərdir, yaxşı bəs o zaman internetin bizə verdiyi mənfi tərəflər hansılardır?

Bir vaxtlar insanlar üzbəüz ünsiyyətdən zövq alırdılar, amma indi virtual ünsiyyət daha çox dəbdədir. Ofisdə bir-biri ilə ünsiyyət qurmağa “ərincəklik” edən iş yoldaşları bir-birinə sözü olanda facebook-dan mesaj yazırlar. Bir çox insan virtual məkanda hisslərini daha yaxşı ifadə etdiklərini deyirlər. Mütəxəssislər isə bunu ünsiyyət problemi ilə əlaqələndirirlər. Hətta bəzi sosioloqlar internet vasitəsi ilə ünsiyyət qurmanın fərdin real şəxsi ünsiyyət qurmasındakı ən böyük sədd olduğunu düşünürlər.

 

Evdən qaçan qızlar internetin qurbanıdır?

İndi qəzet və saytlarda, bəzən televiziyalarda internetdə tanış olduğu oğlanla qaçan yeniyetmə qızlar barədə olduqca çox məlumat olur. Yaşlı nəsil qətiyyətlə əmindir – internet yeniyetmələri yoldan çıxarır. Gənc nəsil isə internetin bu məsələdə günahsız olduğunu deyir. Məsələ burasındadır ki, gənc nəsil evdən qaçmaq istəyən yeniyetmənin internetsiz də bir yol tapa biləcəyinə əmindir.

Psixoloq Məhəbbət Həsənzadə deyir ki, bu məsələyə əsasən yaşlı nəsil neytral, bəzən də ciddi olaraq etiraz edir: “Bəzən də olur ki, yaşlı nəsilə oxşamaq istəyən, sanballı və ciddi görünmək arzusunda olan konservant cavanlar da virtual tanışlığa neqativ münasibət bəsləyir. Onların yaxınlarının, doğmalarının, tanışlarının arasında virtual tanışlıqdan zərər cəkən insanlar ola bilər, elə buna görə də neqativ yanaşa bilərlər”. Psixoloq deyir ki, tanışlığın necə, hansı şəraitdə və harda baş verməsi vacib deyil. Daha vacib olan tanış olan insanların bu tanışlıqdan nələr gözləməsi və nələr əldə etməsidir.

 

Valideynlər internetdən tapılan gəlini istəmir

Qeyd edək ki, ölkəmizə internet yeni-yeni “ayaq açanda” virtual məkandan tanışlıq üçün indi olduğu qədər çox istifadə edilmirdi. İnternet-klublarda daha çox oyunlar oynayan gənc nəsil illər sonra söhbət saytlarını, “çat”ları kəşf etdi, daha sonralar sosial şəbəkələr həyatımıza girdi. Bununla da bir vaxtlar “çat”larla kifayətlənməli olan gənc nəsil indi sosial platformalarda hər cür görünüşə, əxlaqa, mühitə, çevrəyə malik insanların olduğu məkanlarda vaxt keçirirlər.

Psixoloq deyir ki, əvvəllər gənclərin internetdə tanış olub evlənmək istəyi çox vaxt elə istək və arzu olaraq qalırdı. Çünki valideynlər bu cür tanışlığa və evliliyə razı olmurdular: “Onlar adət etməyiblər ki, hansısa bir qurğu vasitəsi ilə kiminləsə yazışasan, tanış olasan, sonra da onunla sevgi münasibətin olsun. Çünki böyüklərin çoxusu real ünsiyyət formasına üstünlük verir və haqsız da deyillər. Virtual məkandakı söhbətin real və ya yalan olmasını aydın etmək olmur. Aldanmaq təhlükəsi çoxdur. Amma indi sosial çevrəsi internetdə formalaşan insanlar çoxdur və bu çevrəsi zamanla real çevrəyə çevrilir. Yəni, əvvəl yaranan qorxular indi əsassız olur”.

 

Yarını internetdə tapan: “Xoşbəxtəm…”

Həyat yoldaşını internetdə, daha dəqiq ifadə etsək, “Facebook”da görüb bəyənən, elçi düşən və evlənən Habil Müsəllimovla həmsöhbət olduq. O, 11 il əvvəl evlənib. Müsahibimiz deyir ki, münasibətlər əvvəlcə sadəcə virtual idi, elə indiki həyat yoldaşına da eşqini onu realda görmədən bəyan edib: “4-5 ay idi ki, virtual tanış idik, söhbət edirdik internetdə, bir gün ona sevgimi etiraf edəndə dedi ki, məni realda görməmisən, bəlkə şəkildəkindən fərqliyəm. Dedim ki, mən sənin yazı tərzindən, söhbətindən bəyənmişəm, realda görsəm də fərq etməz. Həqiqətən də, 6 aydan sonra görüşdük, fikrim dəyişmədi”.

Müsahibim deyir ki, ailəsi oğullarının gələcək gəlinlə internet vasitəsi ilə tanış olduğunu biləndə etiraz ediblər: “Əvvəlcə etiraz elədilər. Valideynlərim dedi ki, yaxşı qızın çatda nə işi var. Axı əvvəllər “çat”lar əxlaqsızlıq yuvası kimi başa düşülürdü, internetə girən qıza deyirdilər yaxşı qız deyil. Valideynlərim də elə bilirdi ki, internetdə ancaq veyil, avara insanlar vaxt keçirir. Amma tanıyandan sonra gördülər ki, o yaxşı bir ailənin qızıdır və intenrnet pis yer deyil. Evləndik, onunla xoşbəxtəm. Məşhur misalda deyildiyi kimi, bıçaqla çörək də doğramaq olar, adam da öldürmək. İnternetdən istifadə də beləcədir – gənclərin öhdəsinə bu məsələdə çox şey düşür.”

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir