2017-ci ilin arxada qoyduğumuz iki həftəsi ərazisində ölkədə intihar edənlərin statistikası məlum olub. Belə ki, ayın birinci yarısında 19 nəfər intihar edib, 6 nəfər isə intihara cəhd etsə də, həyatı xilas edilib.
Qeyd edək ki, ilk intihar hadisəsi Hacıqabulda yeni il axşamı qeydə alınıb. Hadisə rayonun Nəvahi stansiyası adlanan ərazisindəki restoranlardan birinin yaxınlığında baş qeydə alınıb. 1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. Ümumiyyətlə, intihar daha çox bölgələrdə qeydə alınır. Hacıqabulda 1966-cı il təvəllüdlü Zöhrə Məmmədova, Cəlilabadda 19 yaşlı Tünzalə Əliyeva, Neftçalada 18 yaşlı Coşqun Bəşirov, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Murad Əliyev, Şəmkridə 1977-ci il təvəllüdlü Maisə Musayeva, Qubada 1974-cü il təvəllüdlü Eldar Eldarov, Gəncədə 1955-ci il təvəllüdlü Validə Abdullayeva, Biləsuvarda 1985-ci il təvəllüdlü Elşən Nəciyev, Zaqatalada 1965-ci il təvəllüdlü Eldar Ramazanov müxtəlif üsullarla intihar edib.
Bakıda isə 14 gün ərzində 27 yaşlı Natiq Müslümov, 53 yaşlı Anatoli Mehdiyev, 1958-ci il təvəllüdlü İradə Musayeva, 1980-ci il təvəllüdlü Ramidə Bağırova, 40 yaşlı Leyla İsmayılova, 1984-cü il təvəllüdlü Vaqif Əsədov, Şakir Cavadov, 1969-cu il təvəllüdlü Azər Süleymanov canına qəsd edib.
Bundan əlavə, Bakıda ciddi rejimli cəzaçəkmə müəssisəsində də məhbus intihar edib. Orada cəza çəkən 1984-cü il təvəllüdlü Mahir Aslanov müəssisəsin yaşayış sahəsində yerləşən idman kompleksindəki meydançanın tavanından özünü şalvarının kəməri ilə asıb.
2017-ci ilin ilk iki həftəsində intihar edərək həyatına son qoymaq istəyən şəxslərin bəziləri xilas edilib. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektində yerləşən 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü yerə atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 39 yaşlı A.Q bir neçə dərman həbi, 1996-cı il təvəllüdlü Sevər Qasımzadə, 1972-ci il təvəllüdlü Səbinə Mikayılova və 1979-cu il təvəllüdlü Vasif Kərimov sirkə turşusu içərək intihara cəhd edib. Eyni zamanda, 1943-cü il təvəllüdlü Qəndalı Məlikov intihar etmək məqsədilə özünə bir neçə bıçaq zərbəsi vurub. Lakin həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Yanvarın 15-də Salyan rayonunda intihara cəhd hadisəsi baş verib. Yenikənd sakini, 34 yaşlı Sitarə Rzayeva sirkə turşusu içərək özünə qəsd etmək istəyib. Bundan xəbər tutan doğmaları onu dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.
Dünənsə Bakıda 25 yaşlı kişi özünü asaraq öldürüb. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Kürdəxanı qəsəbəsi, yeni yaşayış sahəsində yaşayan 1992-ci il təvəllüdlü Fərrux Qəhrəmanlı özünü yaşadığı evin tavanından iplə asaraq intihar edib. F.Qəhrəmanlının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Psixoloq Ahmet Tuğrul Demirin sözlərinə görə, insanlar arasında ən geniş yayılmış düşüncə tərzi öhdəsindən gələ bilmədikləri duyğulara sinə gəlmək üçün intiharın tək çıxış yolu olduğuna inanmalarıdır: “Dünyada hər 40 saniyədən bir insan intihar edərək ölür. Hər 3 saniyədən bir insan intihar etməyə cəhd edir”.
A.T.Demir bildirib ki, insan təbiətcə həyatını davam etdirməyə qadirdir: “Hər kəs zaman-zaman yalnızlıq, depressiya, çarəsizlik və ümidsizlik duyğuları yaşayar. Ailə üzvlərindən birinin ölümü, bir sevgi münasibətinin bitməsi, qürura vurulan zərbələr, dəyərsizlik hissi və ya böyük maddi əksikliklər hər kəsin həyatının bir nöqtəsində üzləşmək məcburiyyətində qala biləcəyi ciddi problemlərdir. Son zamanlarda dolların birdən yüksəlməsiylə dollarla borclanan, kredit götürüb ev, maşın alan insanların borclarının da artması intiharı son seçim edən səbəbdir. Hər kəsin duyğusal vəziyyəti fərdidir, hər kəs sadalanan durumlara fərqli şəkillərdə cavablar verir”.
Onun sözlərinə görə, əgər insanın çıxış yolu tapmaq bacarığı zəifdirsə, “buna daha nə qədər dözə biləcəyimi bilmirəm” fikrini daim ağlından keçirir. “Dolların qiymətinin artmasıyla artan borcları necə ödəyəcəyini düşünən insan çıxış və məsələnin həlli yolunu tapa bilmədikdə ən asan yol olan intiharı seçə bilir”.
Həmsöhbətimiz qeyd edib ki, intihara meylli olan insanların baxış bucağında pis vəziyyəti düzgün dəyərləndirməməsi qaçılmazdır: “Nəsə tədbir görməyin mümkün olduğu kimin üçünsə mənasız ola bilər və biri üçün önəmsiz olan bir hadisə başqasına son dərəcə güclü stresverici ola bilər. Düşdüyü pis vəziyyətlərin dərinliyinə varmadan, əgər kimsə həmin vəziyyətin öhdəsindən gələ bilməyəcəyini hiss edərsə, intiharın çəkici kimi görməsi təhlükəsi var”.
Psixoloq bildirir ki, son illərdə intihar edənlərin sırasında gənclər çoxluq təşkil edir: “Bu hadisələri ağ-qara məntiqi, “hər şey, ya da heç nə” məntiqi ilə sıralama və şüurunda saxlama meylindəndir. Bu səbəblərlə dərdi yaşamağa və ya yaşamamaqdan başqa seçimlərinin olmadığına inanırlar. Onlar üçün intihar əslində keçici bir problemə qalıcı həlli yoludur”.
Mütəxəssisin fikrincə, gəclərin intihar haqqında düşüncələrinə və ya intihara cəhdinə səbəb olan yaxın günlərdə yaşadığı bir travma və ya hadisə əslində çox daha dərinlərdə yatan problemlərdən və duyğulardan qaynaqlanır: “Bu problemlərin daha əvvəllər, uşaqlıq illərinə söykəndiyini görürük. Ailənin parçalanması, bir yaxın insanın ölümü, sevgilisindən ayrılma, iş tapa bilməmək, özgüvən duğusunun azalması, cinsi və fiziki şiddətə məruz qalması və başqa amillər intihar düşüncəsinin təməlində yatan əsas səbəblərdir”.
Onun sözlərinə görə, ümumilikdə, şüur və şüuraltımızda oturuşan və intihara meylli edən ətrafımızda bir çox ünsürlər var: “Bəzən heç bunun fərqinə varmadan ölüm, ya da intiharla bağlı danışmaq, zarafatlar etmək bunlardan bəziləridir. Spirtli içkilər və narkotik maddələrdən istifadənin artırılması da intihara işarə edər. Bunlarla yanaşı, aqressivlik və əsəbiliyin artması, dözümsüzlük, uzun sürən sıxıntılı hallar və mənəvi çökmələr, gözlənilməz həyəcan, ümidsizlik hissini göstərən davranışlar, ölüm və intihar düşüncələrinin hakim olması, yuxu pozulması, iştahasızlıq və başqa hallar bizə intihara meylli olmağı xəbər edən işarələrdir. Bu cür əlamətlərin müşahidə olunduğu insanlar varsa, mütləq psixoloqdan yardım almalıyıq”.
Aynurə MƏMMƏDOVA