Çağdaş zamanda investisiya dedikdə nə qədər təəccüblü olsa da ağla daşınmaz əmlak, birja, qiymətli metallar və ya daşlar ilə bərabər həm də çantalar gəlir. “Çantaya da investisiya edərlər?” deyirsinizsə, bu siyahı fikrinizi dəyişə bilər.
Qeyd edim ki, siyahını sadəcə çantaların dəyərinə əsasən azalan qaydada sıralasaydım ilk beşliyin üçü “Hermes” çantalarına hərs olunacaqdı. Mən isə sizin üçün bahalılıq dərəcəsinə görə ilk onluqda olan fərqli markalardan çantalar seçmişəm. Bu halda belə beşliyimdə “Hermes”ə iki yer verməli oldum, çünki “Hermes” gözardı edilməyəcək dərəcədə dəyərli çantalar istehsal edib.
1. “Mouawad’s 1001 Nights” çantası
Məşhur cəvahirat markası olan “Mouawad” tərəfindən dizayn edilmiş bu daş-qaşlı kiçik əl çantası 3 800 000 dollar ilə bu siyahıya başçılıq edir. Çanta bu özəlliyinə görə Ginnesin Rekordlar Kitabına da düşüb. Çanta ümumillikdə 10 usta tərəfindən hazırlanıb və üzərinə 18 əyar qızıl işlənilib. Ustalar bu çantaya toplam 8800 saat vaxt sərf ediblər. Təsəvvür edirsiniz? Bu azmış kimi çantanın üzərinə 4517 ədət brilyant işləyiblər.
2. “Hermes Kelly Rose Gold” çantası
Məşhur zərgər Pirs Hardi ilə əməkdaşlıq nəticəsində ortaya çıxan və dünyada sadəcə 12 sahibi olan bu sənət əsərinin qiyməti 2 000 000 dollardır. Əsl timsah dərisi və saf qızıl ilə işlənərək hazırlanıb, üzərinə 1160 ədəd brilyant həkk olunub. Limitli sayda istehsal edilməsi də çantanı dəyərli edən məqamlardandır.
3. “Hermes Birkin Bag by Ginza Tanaka” çantası
Əminəm moda ilə maraqlamasanız belə “Hermes” çantaları barədə məlumatlısınız. Çünki o hər yerdədir, dünyanın ən məşhur seriallarından tutmuş, yaxından izlədiyimiz məşhurların fotolarına qədər “Hermes” çantasına rast gəlmək olar. Çünki dünyanın ən bahalı və ən arzuolunan çantalarını bu marka istehsal edir. Bu seriya isə bir az fərqlidir, çünki yapon dizayner Ginza Tanaka tərfindən dizayn edilib. Çantanın qiyməti bir sərvət dəyərindədir – 1 900 000 dollar. “Bir çantaya o qədər pul vermərəm” deyəcəksinizsə, tələsməyin, çünki bu sadəcə çanta deyil, 2000 ədəd brilyantla bəzənmiş qulpundan bilərzik və boyunbağı, üzərindəki 8 karatlıq brilyantla işlənmiş bəzək detalını da broş kimi istifadə etmək olar.
4. “Chanel Diamond Forever” çantası
Bu çantadan sadəcə 13 ədəd istehsal olunub, qiyməti isə 261 000 dollardır. Çanta bütün detalları ilə “mən Şaneləm“ deyir, sadəcə çantanın ən önəmli detalı sayılan marka emblemi brilyantla işlənilib. Buna isə nə az, nə çox 334 ədəd brilyant istifadə olunub.
5. “Lana Marks Cleopatra” çantası
Bu çanta bir az ucuzdur – 250 000 dollar. Bir çanta təsəvvür edin ki, qulpu ağ qızıldan olsun, üzərində də 1500 ədəd ağ və qara brilyant olsun. Bu çantanın dizaynı ildə bir dəfə yenilənir. Bundan sonra qırmızı xalıda ulduzların əlinə diqqət etsəniz, bu çantanı tez-tez görəcəksiniz. Varlığa nə darlıq? Onu da deyim ki, hər il yenilənən çanta bir məşhur ulduzun şərəfinə adlandırılır. “Adımıza çanta da olmadı” dediyinizi hiss edirəm.
Tarixən çantalar əşya daşımaq kimi vacib funksional rol daşısa da zamanla şöhrət göstəricisinə çevrilib. İnsanoğlu bahalı və tayı-bərabəri olmayan çantaları investisiya məqsədli aldığını müdafiə etsə də bu iş daha çox status müəyyənləşdirməsinə xidmət edir. Amma bu nüans çantaların investisiya dəyərini aşağı salmır. Yuxarıda sadaladığım çantalar, xüsusən də limitli istehsal edilənlər hər keçən gün dəyərlənirlər.
(“Nevarneyox.com”)