ipoteka

İpoteka faizləri enir, bazar canlanır – ARAŞDIRMA

Baxış sayı: 559

Son vaxtlar banklar daha aşağı faizlərlə ipoteka kreditləri təklif edirlər. Əvvəllər 15-20 faizlik rəqəmlərlə qarşılaşırdıqsa, bu gün 8, 10, 12 və s. faizləri görürük. Hətta bugünlərdə banklardan biri 6 faizlə ipoteka krediti təklif etdiyini açıqladı. Faizlərin azalması bankların ipoteka kreditlərinə marağının artmasını göstərir. Bunun isə əmlak bazarında təsirləri olacağı bildirilir.

 

Bazara daha çox pul gəlir

Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı deyir ki, bankların ipoteka kreditləşməsində aktiv iştirakı təqdir ediləsi haldır: “İpoteka prosesinin tam olaraq dövlət resursları hesabına həyata keçirilməsinin tərəfdarı deyilik. Həm də paralel olaraq kommersiya banklarının prosesdə iştirakında maraqlıyıq. Yəni müvəkkil kredit təşkilatı kimi deyil, birbaşa daxili resursları hesabına bu prosesdə iştirakının tərəfdarıyıq. Bu, beynəlxalq təcrübədə də çox rast gəlinən məsələdir. Hətta bir sıra xarici ölkələrdə ipoteka kreditləri bilavasitə kommersiya banklarının nəzarətindədir. Bizdə də faizlərdə enmə müşahidə edilir. Bu, təqdir olunası haldır”.

R.Osmanlı bildirdi ki, kommersiya banklarının prosesə qoşulması əmlak bazarına daha böyük məbləğdə pulların gəlməsinə şərait yaradır: “Dövlət ipotekasında müəyyən limitlər var. Bu limit ümumi ipotekada 150 min, güzəştli ipotekada 100 min manatdır. Kommersiya banklarının təqdim etdiyi ipoteka kreditlərində limit yüksəkdir. 200-500 min manat arası məbləğdən söhbət gedir”.

 

Əmlak bazarında qiyməti artıracaq

Faizlərin azalmasının əmlak bazarına öz töhfəsini verəcəyini bildirən R.Osmanlı deyir ki, bu təsir qısamüddətli deyil, orta və uzunmüddətli dövrdə özünü daha çox göstərəcək: “Faizlərin düşməsi bazara pul axınlarına bilavasitə təsir göstərir. Bazara yeni oyunçular, əlavə pul kütləsi daxil olur. Tələbin çox olması həm də qiymətlərdə artım formasında özünü göstərəcək. Ümumilikdə, əmlak bazarında aktivliyin artımında kifayət qədər əhəmiyyətli məsələdir. Eyni zamanda ipoteka kreditləri üzrə məhsulların müəyyən mənada artımına gətirib çıxaracaq. Bu məhsullar yalnız mənzildən ibarət olmayacaq. Digər daşınmaz əmlakların da ipoteka kreditləri ilə alınması mümkün olacaq”.

İpoteka kreditləri kütləviləşir?

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyir ki, faizlər ensə də, hazırda ipoteka kreditlərinin kütləviləşməsinə mane olan faktorlar var: “Vətəndaşların kreditlə mənzil alması üçün ilk olaraq bankların şərtləri sadələşməlidir. Məsələn, bir çox adamın rəsmi gəliri ipoteka şərtlərinə cavab vermir. Onların əlavə gəlirləri var və rahatlıqla aylıq ödənişlərini edə bilərlər. Maaşları yüksək olmadığı üçün ipotekadan yararlana bilmirlər. Bu baxımdan banklarda müəyyən şərtlər dəyişilməlidir. Digər məsələ həyət evlərinin ipotekada payının az olmasıdır. İpoteka və Kredit Zəmanət Fondu məlumat yaydı ki, ipoteka kreditlərində 93 faiz bina, 7 faiz həyət evlərinin payına düşür. Vətəndaş üçün həyət evləri daha sərfəlidir. İnşaatçılar metrosunun yaxınlığında 1 otaqlı evin qiyməti 100 min dollardır. O qiymətə şəhər kənarında 3-5 otaqlı həyət evi almaq mümkündür. Niyə ala bilmirlər? Çünki həyət evlərinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Ümumilikdə, iş yerlərinin sayı çoxalmalı, vətəndaşlara verilən maaş ipoteka kreditini almağa imkan verməlidir”.

 

İpoteka faizləri aşağı olarsa…

E.Fərzəliyevin sözlərinə görə, bir çox ölkələrdə daşınmaz əmlak kreditlərində faizlər çox aşağıdır. Çünki bu, dolayısı ilə ölkə iqtisadiyyatına təsir edən faktordur: “İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, daşınmaz əmlak kreditlərində təxminən 2 faiz civarında rəqəmlər görərik. Çünki daşınmaz əmlak kreditlərində faiz dərəcələri azaldıqca, bu sahəyə tələb artır. Tələb artanda tikinti sektoru inkişaf edir, bu da ölkə iqtisadiyyatının inkişafına müsbət təsir edir. Azərbaycanın tikinti materiallarının çox hissəsi idxal edilsə də, daxili istehsalımız da var. İstehsal müəssisələrinin satışı artar, fəaliyyəti genişlənər, yeni işçi qüvvələri cəlb edilər. Tikinti bitdikdən sonra evə köçən adam ev üçün lazım olan çox şeyi alır. Bu da digər sahələrə təsiridir. Bu səbəblərdən dolayı faizləri aşağı edirlər”.

Kirayə pulunu ödəyirlər, amma…

E.Fərzəliyev bildirdi ki, ipoteka kreditlərindən yararlananların sayı nə qədər çox artsa, bu, əmlak bazarına müsbət təsir göstərər: “İpoteka kreditləri rüblük verilir. Hər kredit verilən zaman əmlak bazarına yüzlərlə, minlərlə alıcı gəlir. Onların çoxu istədiyini tapa bilməsə də, mövcud satışlar belə bazarda öz təsirini göstərir. Daha çox alıcı olsa, əmlak bazarında ciddi canlanma baş verər”.

ipoteka-ev
Alıcıların istədiklərini tapa bilməmə səbəblərinə gəlincə, E.Fərzəliyev bunları söylədi: “Çünki ipoteka predmetinə çevrilə bilən aşağı kvadratlı mənzillər təklif olunmalıdır. Bizdə gənc ailələr evsizlik problemi ilə üzləşirlər. Kirayədə qalırlar. Kirayə pulunu ödəyə bilir, amma ipoteka ilə mənzil götürmək istəyəndə məlum olur ki, ipoteka kreditinin aylığı kirayə xərcindən yüksəkdir. Buna görə, xırda kvadratlı ekonom sinif mənzillər tikilməlidir. Yeni tikilən binalara baxsaq, çoxunda bir otaq 60-70 kvadratdır. Hansı ki köhnə binalarda 3 otaqlı ev 65 kvadrat olur. Kvadrat az olduqca ümumi dəyər də aşağı düşür”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir