Bu ilin üçüncü rübündə Azərbaycanda ipoteka kreditləşməsinə ümumi tələbat azalıb ki, bu da əsasən faiz dərəcələrinin artması ilə əlaqədar bankların daxili ipoteka kreditlərinə tələbatın azalması ilə bağlıdır.
Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə bankların daxili resursları hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sərtləşdirilməsi müşahidə edilib, İpoteka və Kredit Zəmanət Fondu (İKZF) hesabına ipoteka kreditləşməsi qaydaları isə dəyişməyib.
Bankların gözləntilərinə görə, dördüncü rübün yekunlarına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin regional layihələri üzrə mənzillərin kütləvi satışı fonunda ipoteka kreditlərinə tələbat artacaq.
İpoteka Fondunun kapitalı artırılıb
Bu ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 87,7 milyon manat vəsait ayrılıb. Beləliklə, fondun nizamnamə kapitalı 1 milyard manatı ötəcək.
Ümumilikdə, fond yaradıldığı 2017-ci ildən bu günə kimi 3,2 milyard manatdan çox məbləğdə 51 778 ipoteka krediti verib.
Azərbaycanda da güzəştli ipoteka krediti almaq mümkündür. Bu, illik 4% dərəcəsi ilə 3 ildən 30 ilədək müddətə 100 000 manatadək məbləğdə verilir. Kreditin verilməsi üçün şərtlərdən biri daşınmaz əmlakın dəyərinin 10%-i məbləğində ilkin ödənişin ödənilməsidir. Kredit verilərkən borcun ödənilməsi zamanı borcalanın yaşının pensiya yaşından (65 yaş) çox olmaması nəzərə alınır.
Qeyd edək ki, hər kəs mənzil almaq üçün kredit götürə bilmir və bu, əsasən gəlirlərin kifayət qədər olmaması ilə bağlıdır.
Yalnız iki bank daxili ipoteka krediti verir
“Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirir ki, bütün banklar daxili vəsaitlər hesabına ipoteka kreditləşməsində iştirak etmir, çünki onların əksəriyyətində kifayət qədər vəsait yoxdur, buna görə də bu il ən fəal olan yalnız iki kommersiya bankı var”.
Eyni zamanda, kommersiya banklarından biri faiz dərəcələrini təxminən 25-30%-ə qədər artırıb və bu səbəbdən verilən ipoteka kreditlərinin sayı azalıb.
QHT rəhbəri onu da bildirib ki, 2022-2023-cü illərdə daşınmaz əmlak qiymətlərinin artması üzündən insanlar öz pul ehtiyyatları ilə daşınmaz əmlak ala bilmədiklərindən ipotekaya tələbat artıb. Əksər vətəndaşlar daşınmaz əmlak qiymətlərinin orta hesabla 10%-dən çox artdığını müşahidə ediblər və fondun faiz dərəcələri təxminən 8%, kommersiya banklarının isə 10%-ə yaxın olduğundan onlar əminliklə ipoteka ilə daşınmaz əmlak almağa üz tutublar.
Ekspertin sözlərinə görə, kommersiya bankları öz vəsaitlərini ipoteka kreditləşməsi üçün istifadə etməyə başlayandan sonra bankların imkanları bu cür kreditlərin kommersiya faydaları kimi azalıb. Bununla əlaqədar olaraq, kommersiya bankları ipotekaların verilməsini azaldıb, dövlət vəsaitlərindən isə bu gün də fəal şəkildə istifadə olunur.
“2024-cü ilin əvvəlində İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsinə ayırdığı vəsait fevral və sentyabr aylarında tamamilə tükənib və buna görə də fonda əlavə vəsait daxil olub”, – Azadov qeyd edib.
Tələbdən aşağı təklif
İqtisadçı ekspert Əkrəm Həsənov hesab edir ki, ipoteka kreditlərinə tələbat azalıb, lakin bu gün buna təklif ondan da aşağıdır.
“Əvvəlki kimi hər kəs ipoteka krediti ala bilməz. Belə ki, əgər əvvəllər, məsələn, 500 ipoteka krediti tələbinə qarşı təklif 100 idisə, bu gün tələb 350-dir, lakin təklif hələ də 100 səviyyəsindədir”, – Həsənov Sputnik Azərbaycan-a bildirib.
İqtisadçı hesab edir ki, ipoteka kreditləşməsinin azalması daşınmaz əmlak bazarına təsir etməyəcək, çünki bazarda təklif hələ də aşağıdır.
Həsənovun fikrincə, ipoteka kreditlərinə tələb əsasən Azərbaycan əhalisinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədar azalıb.
“Əhali ipoteka krediti almaq üçün kifayət qədər gəliri olmadığını başa düşür. Digər tərəfdən, hökumət bu tələbi, məsələn, sosial ipoteka sahəsində süni şəkildə azaldır. Belə ki, bəzi sosial qruplar bu cür ipoteka ala bilənlərin siyahısına daxil edilməyib”, – Həsənov fikrini yekunlaşdırıb.
Aygül Tağıyeva