Ali Al-Komeli

İraqlı tələbə: “Bizdə qızın ailəsi ilə tanış olmamış, elçi getməmiş, sevgili münasibəti qurmaq olmaz”

Baxış sayı: 1. 708

Müharibənin böyütdüyü uşaqlardandır. Ailəsi ilə evində oturub evlərinə bomba düşəcəyi, bütün xatirələrinin alt-üst olacağı günləri gözləyib. Müharibənin dəhşətini unutmayıb, amma qəbul edib və alışıb… Döyüşlərin qızğın vaxtında yaşadığı üçün müharibəyə, partlayışa, terrora, ədalətsizliyə, məhv edilən uşaqlığına öyrəşib… Deyir ki, insan oğlu hər şeyə öyrəşir. Amma gələcəyə ümidlidir… Düşünür ki, gələcək müharibənin böyütdüyü uşaqlarla gələcək… Azərbaycanda inşaat mühəndisliyi ixtisasına yiyələnib, öz vətənində dağıdılan binaları, məhv edilən abidələri yenidən bərpa etmək istəyir.
“Əcnəbi” rubrikamızın bu dəfəki qonağı Ali Al-Kamoledir. Ali İraq vətəndaşıdır. Bağdad şəhərində anadan olub. Hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil alır.

 

“Ölkəni sevdim”

Deyir ki, təhsil almaq üçün ölkələri araşıdıranda, ona Azərbaycan haqqında dostu məlumat verib və Ali də ölkəni tanıdıqdan sonra burada təhsil almağa gəlib: “Azərbaycan haqqında məlumatım yox idi. Universitetə qəbul olmaq üçün xarici ölkələrə baş vurdum. Əvvəlcə Azərbaycanı Avropa ölkəsi kimi tanıyırdım. Burada oxuyan dostum mənə Azərbaycan haqqında məlumat verdi və buranı çox təriflədi. Əsas buradakı təhsillə maraqlandım və dostlarım mənə dedi ki, burada yaşamaq da, təhsil də çox yaxşıdır. Araşdırdıqdan sonra ölkəni daha çox sevdim”.
Ali də digər əcnəbilər kimi qonaqpərvərliyimizə heyrandır. Deyir ki, azərbaycanlılar yolu tanımayan birinə kömək etmək üçün əllərindən gələni edirlər: “Azərbaycanlılar əcnəbi ilə tanışlığa maraqlıdırlar. Bizimlə çox yaxşı davranırlar. Qayğıkeş, mehriban və gülərüzdürlər. Əgər ünvan soruşuruqsa, səni gedəcəyin ünvana qədər aparırlar”.

 

“Ərəb olmaq zəngin olmaq demək deyil”

Həmsöhbətimizin narazılığı isə taksi sürücüləri ilə bağlıdır. Deyir ki, ərəb olduğunu bildikdə, zəngin olduğunu düşünürlər və çox pul almağa çalışırlar: “Ərəb olmaq zəngin olmaq demək deyil. Hər ölkənin zəngini də, normal vəziyyətdə olanı da, kasıbı da var. Taksi sürücüləri bizim ərəb olduğumuzu bildikdə, deyirlər, siz çox varlısınız. 2 manatlıq yol üçün bizdən 10 manat alırlar”.
Ali özünəməxsus imici ilə həmyaşıdlarından fərqlənir. Xüsusilə saç düzümü ətrafda hər kəsin diqqətini çəkir. Danışıq və saç düzümünə görə bir neçə dəfə sevgilisi ilə gəzintiyə çıxan cütlüklərin tənəsinə tuş gəlib: “Məni ən çox narahat edən məsələlərdən biri isə dilimi anlamadıqları üçün insanların məni səhv başa düşmələridir. Məsələn, bir dəfə “Torqovı”da dostlarımla söhbət edə-edə gedirdik ki, bir oğlan mənə yaxınlaşdı. Oğlan mənə dedi ki, sən mənim sevgilimə söz atdın. İzah etdim ki, mən dostumla danışıram, sizinlə işim yoxdur. Uzun müzakirələrdən sonra bir-birimizi anladıq. Belə hallar çox olur”.

 

Qızı bəyəndinsə…

Ali ilə toy adətlərindən də danışdıq. Müsəlman ölkəsi olduğumuz üçün adətlərimizin bir-birinə bənzədiyini deyir. Amma fərqli cəhət oğlanla qızın münasibətində özünü biruzə verir: “Evlənmək qaydaları demək olar, eynidir. Məsələn, bizdə də tanışlığa əvvəl qadınlar gedir. Razılıq aldıqdan sonra kişilər gedir. 3-cü elçilik isə böyük olur. Bu zaman kəbin kəsilir. Amma bizdə qızın ailəsi ilə tanış olmamış, elçi getməmiş, sevgili münasibəti qurmaq olmaz. Qızı bəyəndinsə, mütləq ailəsindən icazə almalı, elçi göndərməlisən. Ailələrin razılığı olmadan sevgili olmaq mümkünsüzdür, harasa birlikdə getmək belə olmaz. Bu münasibələr ancaq nişanlanandan sonra baş tuta bilər”.

 

“Bu ölkədə qızla danışa bilməzsən”

Təbii, hər millətdə olduğu kimi, ərəb gənclərin də ailədən gizlin görüşmək kimi çılğınlıqları olur. Amma bunun cəzası ağır olur: “Əgər qızla oğlan sevgili olsa, oğlan ya qızla evlənməli, ya da qız ev dustağı edilir və ciddi şəkildə cəzalandırılır. Hər ailənin öz cəzalandırma üsulu var. Bəzilərində isə bu cəzalar daha dəhşətli olur. Amma evləndikdən sonra məsələ həllini tapır”.
Həmsöhbətimizin sözlərinə görə, sevgili olmasalar belə, İraqda küçədə gedən bir qıza yaxınlaşıb salamlaşa, söhbətləşə bilməzsən: “Azərbaycan qızları çox sərbəstdir. İstədikləri vaxt çölə çıxırlar. İraqda belə deyil. Küçədə gedən qızla danışmaq, ondan nə isə soruşmaq olmaz. Hətta sənin sinif yoldaşın olsa belə, danışa bilməzsən. Bizdə qızlar çox qapalı böyüdülür”.

 

Hər kəs bir qadınla evlənsə…

Bir çox kişilərin qibtə etdiyi çoxarvadlılıq məsələsinə gəldikdə isə, Ali deyir ki, İraqda hər kişinin 4 arvadla evlənməsi qanuni olsa da, o və ailəsi bu üsulu qəbul etmir: “Bu, insandan asılıdır. Kimi 4 qadınla ailə qurur, kimi də biri ilə kifayətlənir. Məsələn, mənim qohumlarımda hər kişinin bir qadını var. Mən özüm də bir qadınla ailə quracam”.
Ali deyir ki,  hazırda qadınların sayı kişilərdən çox olduğu üçün İraqda subay qadınlar çoxluq təşkil edir: “İraq müharibə şəraitində olduğu üçün kişilər müharibədə ölüb. Xanımlar tək qalıblar. Qadınların sayı kişilərdən çoxdur. Hər kəs bir qadınla evlənsə, çox qadın subay qalır. 4 qadını bir ailədə idarə etmək isə kişidən asılıdır. Hər birinə barəbər sevgi göstərməlidir. Həftənin hər gününü biriylə keçirir, qadınlar arasında heç bir fərq qoymur. Qadınların bir-birilə münasibəti isə kişidən asılıdır. Kişi düzgün idarə etsə, qadınlar arasında da mehribançılıq olur. Bir və ya birdən artıq qadınla ailə qurmaq hər kişinin öz qərarıdır”.

 

“Məni oğurlamısan”, pulunu ödə”

İraqdakı hazırki vəziyyətdən danışan həmsöhbətimiz deyir ki, ailəsi üçün narahatdır: “İraqda hazırda çox problem var. Şəhər terrorçularla doludur.  Düzdür, indi Bağdadda müharibə getmir, amma terrorçular çoxdur. Məsələn, yolda getdiyin yerdə maşını saxladır, maşınına əyləşir və deyir ki, “məni oğurlamısan”, pulunu ödə. Aşirətə müraciət edirlər. Bizdə belə qayda var ki, əgər kiməsə zərər yetirmisənsə, aşirət o zərəri hesablayır və dəvə ilə zərəri ödəyirsən. Yaxud kimisə öldürsən, döysən belə, qanpulu verməlisən. Terrorçular da bu vəziyyətdən istifadə edirlər”.
Müsahibimiz deyir ki, Azərbaycan gənc olmasına baxmayaraq, çox müasir və sakit ölkədir: “Azərbaycanda ən sevdiyim cəhət ölkənin müasir olmasıdır. Məsələn, onlayn alış-veriş, onlayn kartlar çox gözəldir. Mən də ölkəmdə bunların olmasını istərdim. Azərbaycanı təhlükəsiz olduğu üçün sevirəm. Öz ölkəmdə də belə sərbəst gəzmək, gecələr istədiyim vaxt tək, qorxmadan çölə çıxmaq imkanımın olmasını istəyərdim. Qorxusuz yaşamaq hər şeyə dəyər. Xüsusilə istərdim ki, insanlarımız bomba qorxusu ilə yaşamasınlar”.

 

“İraqda memara ehtiyac var”

Həmsöhbətimiz deyir ki, Bağdadda inşaatçıya, memara ehtiyac olduğu üçün bu sənətin sirlərini öyrənir: “Bağdadda bu sahədə kadr çatışmazlığı var. Çünki ölkə müharibədən sonra dağılmış vəziyyətdədir. Binalar yerlə-yeksandır. Memarlıq, dizayn yox dərəcəsindədir. Müharibənin dəhşətlərini dünənki kimi xatırlayıram. Çoxlu bombalar partlayırdı,  hamımız bir yerə yığışıb başımıza bomba düşəcəyi günü gözləyirdik. Hər bomba partlayanda evimiz silkələnirdi, binalar zərər görürdü. Bunları yenidən bərpa etməliyik, şəhəri qurmalıyıq. Bu da bizim üzərimizə düşür. Ona görə də məhz inşaat fakültəsində təhsil alıram”.

 

“Hamıya görk olsun”

Alinin Azərbaycanda görmək istədiyi qanun isə edam cəzasının bərpa edilməsidir. Deyir ki, əgər vəhşi şəkildə cinayət törətmiş biri sərbəst buraxılırsa, elə bir hadisəni yenidən törədir: “İraqda edam cəzası qüvvədədir. Əgər zərərçəkənin ailəsi günahkarın edam edilməsini istəyirsə, həmin insan edam edilir. Bunun Azərbaycanda da tətbiq edilməsini istərdim. Məsələn, təcavüzün, xüsusilə uşaqlara edilən  təcavüzlərin cəzası edam olmalıdır ki, hamıya görk olsun. Düzdür, sizdə qanunlar güclüdür, amma bəzi hallarda edam tətbiq edilməlidir. İraqda hazırda qayda-qanun da yaxşı vəziyyətdə deyil. Müharibədən öncəki İraqla sonraki İraq tam fərqlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir