İnsanın kimliyini, daxili aləmini onun geyimlərinə baxıb müəyyən etmək mümkündür. Adətən şən, romantik insanlar rahat geyimlərə, qaraqabaq, tündxasiyyətli adamlarsa qapalı və ciddi geyimlərə üstünlük verirlər. Bu, cəmiyyətin müxtəlif sferalarında özünü büruzə verir. Ən çox da iş yerlərində…
Müasir zəmanəmizdə xanımlarımız da ən az kişilər qədər işləyir və bütün sahələrdə çalışırlar. Təbiidir ki, iş xanımları geyim tərzləri ilə daha çox diqqət mərkəzində olurlar.
Azərbaycanda tanınmış gözəllik salonu şəbəkəsinin yaradıcısı Elnarə Nəhmədova bildirir ki, xarici görünüş ictimaiyyətə verilən vizual mesajdır:
“Deyildiyi kimi, insanı geyiminə görə qarşılayarlar. Uğurlu insanın obrazı hər şeydən əvvəl tədbirə qatıldığı səliqəli, dəbli geyimdir. Həddindən artıq açıq və ya vulqar görünməmək üçün mütləq şəkildə ölçü olmalıdır. Mən uzun illər stilist işlədiyim, moda və tərzdən yaxşı anladığım üçün “look”larımı özüm seçirəm.
Heç vaxt ofis və ya bank işçisi olmamışam. Ona görə də həmişə klassik biznes stilinin çərçivələrindən çıxa bilmişəm, hətta biznes idarəetməyə başlayandan sonra da… Geyim tərzimdə “business casual” stilini üstün tuturam. Bunun səbəbi isə dəbdəki trendlərlə klassik biznes tərzini qarışdırmağın mümkünlüyüdür”.
E. Nəhmədova qeyd edir ki, gündəlik həyatında istifadə etdiyi geyimlərində parlaq, qışqıran rənglər üstünlük təşkil etmir:
“Mən gündəlik iş tərzindəki geyimlərimə kiçik, canlı detal və ya aksesuar əlavə etməyi çox xoşlayıram. Bu, rəngli şərf, kəmər, çanta, ayaqqabı ola bilər.
Hündürboylu doğulmadığım üçün isə dikdaban mənim davamım sayılır. Düzünü desəm, dikdaban ayaqqabıda qadın daha effektli görünür. Təsəvvür etmirəm ki, nə vaxtsa hətta komfort üçün belə olsa, onlardan imtina edim. Ona görə də dikdaban mənim üçün həmişə prioritetdir.
Öz stilim var və düşünürəm ki, onu heç də pis təqdim etmirəm”.
Məşhur modelyer Afaq İsmayılzadə isə tanınmış şəxslərin və iş qadınlarının geyim tərzinə mütləq diqqət yetirməli olduğunu vurğulayır:
“Həmin şəxslər bir çox insana örnək ola bilər. İş qadınları üçün daha çox klassik stili uyğun görürəm. Çünki müəyyən dövlət, mədəniyyət tədbirlərinə bu tərz daha çox yaraşır. Amma hər xanımın öz dəsti-xətti olmalıdır. Qadınlar bu tərz geyimlərdə müxtəlif aksesuarlardan istifadə etməklə daha cazibədar görünə bilərlər.
Getdiyi məkana uyğun rəng çalarlarında geyinmək isə nəinki iş qadınlarına, hər kəsə aiddir. Məkana uyğun rəng və model seçimi mütləqdir. Məncə, qadınlar hər rəngdən çəkinmədən istifadə edə bilərlər. Amma onu düzgün bir şəkildə istifadə etmək lazımdır”.
Modelyer qeyd edir ki, gözəl görünüşlə yanaşı komfort da olmalıdır:
“Təəssüflər olsun ki, bəzi xanımlar ancaq rahatlığa üstünlük verir. Bu, düzgün yanaşma deyil. Əgər siz tanınmış simasınızsa, istər sport, istər gündəlik geyim tərzinizə diqqət yetirməlisiniz. Bu gün dəb çox geniş şəkildə bizə təqdim olunur.
Şəxsən mənim sport geyimlə klassik geyimin qarışığından çox xoşum gəlir. Adətən yastıdaban ayaqqabı ilə klassik geyim tərzini sintez edirəm”.
Afaq İsmayılzadə dəbi izləməyə vaxtı olmayan insanlara peşəkarlarla işləməyi məsləhət görüb:
“Doğru geyim seçimi insanın özünə güvənini artırır. Əgər modelyər sizi düzgün istiqamətləndirsə, bir müddət sonra özünüz seçimlərinizi asanlıqla formalaşdıracaqsınız.
İnsanın tərzi həm də onun xarakterindən irəli gəlir. İstərdim ki, xanımlarımız hər zaman istəkli və baxımlı olsunlar”.