Ali məktəbi yenicə qurtarmısınız və iş tapa bilmirsiniz? Onlarca CV göndərmisiniz, amma yenə də sizi istədiyniz işə götürmürlər? Siz artıq panikaya düşürsünüz və fikriləşirsiniz ki, bu neçə ili boş yerə təhisl almısınız?
Aşağıdakı məsləhətlər iş təcrübəniz olmasa belə, sizin şanslarınızı əhəmiyyətli şəkildə artıra bilər.
1. İş axtarmağa iş kimi baxın
“Məsləhət çox sadədir, amma iş axtaranlar ona nadir halda əməl edirlər, – deyir Dallasdakı Golin qlobal kommunikasiyalar şirkətinin filial direktorları şurasının rəhbəri Ginger Porter, – Hər gün iş axtarmağa elə başlayın ki, guya bu da bir işdir”.
Pijama əyninizdə çarpayının üstünə yıxılıb seriallara baxmaqdan bir şey çıxmaz. Səhər durun, özününzü qaydaya salın. Elə bilin ki, bu gün çox vacib bir işiniz var. Yəni iş tapmaq işi.
Porter təklif edir ki, işləmək istədiyiniz sahədə sizə tanış insanların siyahısını tərtib edin.
Bu siyahıya elələrini salın ki, sizinlə görüşməyə və sizə iş tapmaqda kömək etməyə hazır olsun.
Onları bir fincan qəhvəyə dəvət edin və ya zəng vurun, email göndərin. Onlardan dərhal sizi işə götürmələrini xahiş etməyin.
“Bu adamların hər biri ilə söhbət edin və konkret olmağa çalışın: “Mən belə bir şirkətdə iş axtarıram. Bu sahədə bacarıqlarımı harada sınaya bilərəm? Mənə nə tövsiyə edərdiniz?” – deyə təklif edir Porter:
“Adamlar məsləhət verməyə həvəslə vaxt sərf edirlər və bu, onların vaxtını iş xahişi ilə almaqdan daha yaxşıdır”.
Görüş vaxtı özünüzü mütəxəssis kimi təqdim edin.
Bacarıqlarınızdan keçmişlərdə uğurla istifadə etdiyiniz vaxtları xatırlayın. Bu hər hansı bir təhsil layihəsi və ya iş təcrübəsi də ola bilər. Məqsədiniz təəssürat oyatmaq olmalıdır.
Vidalaşarkən soruşun ki, həmsöhbətiniz görüşmək üçün sizə daha kimi tövsiyə edə bilər. Bunu hər görüşdə edin.
“Belə bir sistemin sayəsində sizin potensial işverənlərinizin sayı həndəsi silsilə ilə artacaq, – deyir Porter, – Bu məsləhətə əməl etməklə siz yüzədək adamla görüşə bilərsiniz və mən sizi əmin edirəm ki, onların arasında sizə ixtisasınıza uyğun işi verə biləcək kimsə olacaq”.
2. Rahatlıq zonasından çıxın. Lap bir balaca…
Əgər sizi ixtisasınıza uyğun olmayan şirkətə söhbət üçün dəvət ediblərsə, ərinməyin. Yaxşısı budur ki, vaxtınızı daha çox öz ixtisasınız üzrə daha çox təcrübə yığmağa həsr edəsiniz.
Nonstop Recruitment Schweiz AG işədüzəltmə şirkətinin Praqa filialının direktoru Oliver Donoghue məsləhət görür ki, bir az da hətta arzunuza uyğun olmayan, amma ixtisasınıza uyğun sahədə çalışasınız və təcrübə toplayasınız.
“Bu o demək deyildir ki, gözləntilərinizi radikal şəkildə dəyişməlisiniz. Sizə uyğun gələn şirkətdə qısa müddətdə çalışmağınız belə iş verənlərə göstərər ki, siz öz karyeranıza necə bir ciddiliklə yanaşırsınız” – deyir o.
3. Öz üstünlüyünüzü göstərmək üçün CV-dən istifadə edin
Əgər təhsil zamanı sizi maraqlandıran sahə üzrə iş təcrübəsi keçmisinizsə, bunu yalnız ötəri qeyd etmək olmaz.
“İş təcrübəsi zamanı gördüyünüz işi tam təsvir etməlisiniz, – deyir Londondakı Accenture şirkətinin strategiya bölümünün icraçı direktoru Payal Vasudeva:
“İş təcrübəsi, ictimai əsaslarla iş və ya könüllü fəaliyyət zamanı qazandığınız konkret peşəkar vərdişləri göstərə bilmək sizin iş tapmaq şanslarınızı artırır”.
Əgər CV-ni daha sanballı etmək istəyirsinizsə pulsuz işləyin və istədiyiniz iş üçün zəruri olan bacarıqları öyrənmək naminə peşə hazırlığı kursu keçin.
“İş verənlər sizdə öz işə uyğunluğunuzu artırmaq üçün gördüyünüz işlərin əlamətini axtara bilər. Əlavə təcrübəniz həlledci faktor ola bilər” – deyir Donoghue.
Texas ştatından etiket və mədəniyyətlərarası ünsiyyətlər məsləhətçisi Sharon Schweitzer bildirir ki, bunu etmək çox asandır.
O məsləhət görür ki, məhsuldarlığı artıran müasir vasitələri və hətta rəqəmsal texnologiyalar sahəsində işləmək fikriniz olmasa belə, rəqəmsal alətləri öyrənəsiniz.
Hazırda bu alətlər geniş yayılıb və gələcəkdə isə onların rolu yalnız artmaqda davam edəcək.
“Aydındır ki, siz Pokemon Go oynamağı bacarırsınız. Lakin iş verənləri sizin Tumblr, YouTube və Twitter kimi platformalardan istifadəni necə bacarmağınız maraqlandırır”, – deyir Schweitzer.
“Qazandığınız bilikləri praktikada tətbiq edin, – deyir Payyal Vasudeva, – Biz smartfon və sosial şəbəkələrdən dostlarla ünsiyyətdən tutmuş nə isə almağadək hər işdə istifadə edirik”.
“Peşəkar aləmdə öz həyatınızın yeni fəslinə başlamaq istəyirsinizsə, xüsusi mobil əlavələrdən istifadə edin. Yeni əlaqələr qurmaq və müəyyən sahədə bacarıqlarınızı göstərmək üçün Linkedin və başqa sosial şəbəkələrdən faydalanın”.
4. Çox iş bacarırsınız, amma təcrübəniz yoxdur? Hər şeyi yadınıza salın!
SW Career Coaching (Britaniya) şirkətində karyera təlimatçısı Sally Walker yazır: Əgər sizin real iş təcrübəniz yoxdursa, hazırladığınız CV-də ixtisasınızı vurğulayan məqamlar daha çox olmalıdır.
Elə birinci səhifədə – başlıq yerində bu iş üçün uyğun gələn bacarıqlarınızı sadalayın. Bu başlıqların altında nailiyyətlərinizin siyahısını yazın. Bu sizin həmin bacarıqlara malik olduğunuzu təsdiqləyir.
“Həyata keçirməli olduğunuz bütün əhəmiyyətli fəaliyyət növlərini, konkret nəticələri yazmağı unutmayın” – deyir Walker.
Məsələn, “təşkilatçılıq və planlaşdırma” başlığı altında universitetdə oxuduğunuz zaman təşkil etdiyiniz xeyriyyə tədbirini yazın. Bunu elə yazın ki, əldə etdiyiniz nəticələr qabarıq görünsün.
Məsələn: “Təşəbbüsçü rolunda çıxış etmişəm və 35 nəfərin iştirak etdiyi (tədbirin adını yazın) tədbirin təşkilinə tam cavabdeh olmuşam. Bu tədbir nəticəsində 5 min funt sterliq xeyriyyə vəsaiti toplaya bilmişik. Tədbirə hazırlığa reklam materiallarının tərtibi, universitet şəhərciyinin idarə heyəti ilə təmaslar və sair daxil idi”.
5. Yeni əlaqələrin qurulması aktuallığını heç vaxt itiriməyəcək
Donoghue hesab edir ki, yeni tanışlıqlar potensial iş sahiblərinin nəzərinə sataşmağın ən əla üsulu olaraq qalır.
Bu adamlarla şəxsən görüşmək üçün vaxt və hövsələniz yoxdursa, onda Linkedin və Xing kimi internet-meydançalardan istifadə edin.
Lakin unutmayın ki, canlı görüşün yerini heç nə vermir və siz onsuz da əvvəl-axır “üzə çıxmalı” olacaqsınız.
Amma hər halda işi internetdə axtarırsınızsa, Linkedin kimi resurslara yerləşdirdiyiniz CV-lərin ardıcıllığına diqqət yetirin.
“Kadrların seçimi ilə məşğul olan insanlar və şirkətlərlə əlaqəyə girməzdən əvvəl əmin olun ki, sosial şəbəkələrdəki profilləriniz mükəmməldir. Orada sizin bundan əvvəlki fəaliyyətiniz və əlavə bilikləriniz barədə məlumat mütləq yer almalıdır” – deyir Donoghue.
6. Axtarış üfüqlərinizi genişləndirin – kənara bir addım sizə ziyan vurmaz
Əgər bir neçə vəzifəyə ərizə verib hələ də işsiz qalmısınızsa, istədiyiniz iş sahələrinə yaxın başqa sahələrə nəzər yetirin.
Məsələn Donoghue-nun işlədiyi NonStop şirkətində məhz həmin sahədə çalışa biləcək adamları seçən magistr dərəcəli işçilər var. Elə olurdu ki, bu vəzəfədə elmlər doktorları işləyirdilər.
“İşədüzəlmə sferasında perspektivlər heç də həmişə bizim aldığımız təhsilə uyğun olmur. Bəzən karyera nərdivanı ilə dırmanmaq üçün kənara bir addım etmək lazım gəlir” – deyir Oliver Donoghue.