ISSIZ

İş tapmamış işdən çıxmayaq?

Baxış sayı: 320

İşdən çıxmaq istəyəndə yaxınlar, dost-tanışlar yeni iş tapmamış çıxmamağı məsləhət görürlər. Deyirlər ki, əgər işdən çıxdıqdan sonra iş tapmaq daha çətin olur. İşləyə-işləyə digər işlərə müraciət edəndə, qəbul olunmaq şansın daha böyük olur. Bu fikirlər nə dərəcədə doğrudur?

Beynəlxalq Əmək təşkilatının rəsmi təlimçisi, İnsan Resursları mütəxəssisi Saleh Həsənov bildirdi ki, “işlədiyin yerdən çıxmadan iş axtarma” yanaşması insanlarda özünü sığortalamaqdan yaranıb: “Çünki insanlar işsiz qalmaqdan qorxurlar. Bu, sosial maddi vəziyyətdən də asılıdır”.

Həmsöhbətimiz deyir ki, əslində, bu, o qədər də ciddi fərq yaradan məsələ deyil: “Ola bilər ki, bir insan işlədiyi iş mühitindən narazıdır və o işdə çalışmaq onu xoşbəxt etmir. O şəxsin işdən çıxıb iş axtarmaq üçün əlində tutarlı səbəblər varsa, işdən çıxıb digər işlərə baxması daha yaxşı ola bilər. O adamın iş tapana qədər özünü işləməyə məcbur etməsi də düzgün deyil. Bəzən isə insan sırf əməkhaqqı, daha geniş imkanlar təklif edən şirkətdə işləmək istəyir, bu zaman artıq işləyə-işləyə də işlərə baxa bilər. Situasiyaya və insanlara görə fərqlidir. Yaxud sağlamlıq, şəxsi məsələ səbəbindən bir müddət işdən ayrılar, problemi həll etdikdən sonra yenidən iş axtarışına başlayar. Ona görə, işə qəbul zamanı işdən çıxıb iş axtaranlara mənfi yöndə bir yanaşma olmur”.

İşdən çıxıb iş axtaranların gec iş tapmasına gəlincə, S.Həsənov bildirdi: “Bir şəxs işdən çıxıb iş axtarırsa, qısa müddətdə də iş tapa bilər, bu proses bir neçə ay da çəkə bilər. İş görüşlərinə gedər, ancaq özünə uyğun gəlməyən işlər olar, qəbul etməz. Daha yaxşı iş tapmaq üçün bir müddət işsiz qalmağı seçə də bilər. İşdən çıxıb iş axtaranlar nəzərə alsınlar ki, istədikləri işi çox tez bir zamanda tapmaya da bilərlər”.

İnsan Resurslarının sözlərinə görə, işdən çıxıb iş axtaran şəxslərlə bağlı bəzi şirkətlərdə sui-istifadə halları da ola bilir: “İşləyə-işləyə iş axtaran insanların əmək haqqı gözləntiləri daha dəqiq olur. Məsələn, düşünür ki, indiki maaşımdan filan qədər artıq olmalıdır. İşdən çıxmış şəxsləri işə qəbul edən zaman bəzi şirkətlər əmək haqqı ilə bağlı məsələlərdə sui-istifadə edirlər. Əmək haqqını həmin adama görə təyin edirlər, bu da sui-istifadə halı kimi qiymətləndirilə bilər”.

 

Nuray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir