İşçilərin iş yerini dəyişdirməyi düşünmələrinin bir çox səbəbi ola bilər. Bəzi əməkdaşlar bütün səylərinə baxmayaraq yaşadıqları problemlərin həll olunmadığını və şəraitlərinin yaxşılaşmadığını düşünərək iş yerlərini dəyişməyi planlaşdırırlar. Amma bu, hər kəs üçün o qədər də rahat olmaya bilər.
“Forbes” yazıçısı Jacquelyn Smith işçilərin işini dəyişməsinə səbəb olan səbəbləri aşağıdakı kimi qeyd edir:
1. İşə həvəsin itirilməsi
Əgər iş yerində hər gün alış-veriş saytlarına göz gəzdirirsinizsə, ofisdə vaxt keçirirsinizsə bu sizin işdən sıxıldığınızın göstəricisidir. İşin bitməsini səbirsizliklə gözləyirsinizsə və işinizə olan həvəsinizi itirmisinizsə, bu zaman da işdən çıxmağı düşünə bilərsiniz.
2. Günə kefsiz başlamaq
Demək olar ki, hər kəs zaman zaman iş yerində narahatlıq, münaqişə və bədbəxtlik kimi problemlərlə üzləşə bilər. Ancaq hər səhər yuxudan kefsiz oyanırsansa, işə gedərkən ruhdan düşdüyünü hiss edirsənsə, bu vəziyyət uzun müddətdir davam edirsə, lakin bütün səylərinizə baxmayaraq heç bir nəticə əldə edə bilmirsinizsə, o zaman nələrisə dəyişməyin vaxtı gələ bilər.
3. Həmkarları və ya menecerləri bəyənməmək
Zaman zaman həmkarlarınız və yaxud menecerlərinizlə problemlər yaşaya bilərsiniz. Ancaq fərqli ünsiyyət üsullarını sınamağınıza baxmayaraq ünsiyyətinizdə bir irəliləyiş müşahidə etməsəniz və narahat bir iş mühitində işlədiyinizi düşünürsünüzsə işi tərk edə bilərsiniz. Bu vəziyyət həm psixologiyanıza, həm də iş tərzinizə təsir edə bilər, ona görə də bu nüanslara diqqət etmək lazımdır.
4. İş və şəxsi həyat balansını qura bilməmək
Demək olar ki, hər bir işin tempi fərqlidir. Ancaq bu tempin davamlı olaraq şəxsi həyatınıza mane olduğunu düşünürsünüzsə və işinizlə şəxsi həyatınız arasında bu tarazlığı qura bilmirsinizsə, menecerinizlə danışmağınız faydalı ola bilər.
Əslində, işçilərin yeni bir iş haqqında düşünmələrinin ən əhəmiyyətli səbəblərindən biri iş-özəl həyat balansını qura bilməmələridir. İş-özəl həyat balansının qurula bilməyəcəyini göstərən əlamətlər arasında iş yükü səbəbindən iş saatları xaricində işlə məşğul olmaq, iş səbəbiylə özünə və yaxınlarına vaxt ayıra bilməmək, hər zaman işdən çox işləmək istənilməsi, bayram günlərində işləmək istənilməsi və buna bənzər hallardır.
5. İstedad və bacarıqlarını inkişaf etdirə bilməmək
Uzun müddət eyni iş yerində çalışan insanların yaşadığı digər bir problem də onların istedad və bacarıqlarının inkişaf etdirə bilməməsidir. Eyni mövqedə ilişib qaldığınızı, istedadlarınızdan yetərincə istifadə etmədiyinizi, özünüzü təkmilləşdirə bilməyəcəyinizi düşünürsünüzsə, menecerinizlə vəziyyətlə bağlı danışmalısınız.
Əvəz Həsənov