OFIS

İşçilər bir-birinin maaşını niyə bilməməlidir?

Baxış sayı: 326

“Şirkətlərdə mövcud olan əmək haqqı gizliliyi siyasəti korporativ mühiti stabil saxlamaq, işçilərarası münasibətləri qorumaq nəticədə performansı yüksəltmək üçün edilir”.

Bu sözləri İnsan Resursları üzrə menecer Aytən Şıxaliyeva işçilər arasında əmək haqqının gizliliyi haqqında danışarkən dedi.

Aytən Şıxaliyeva deyir ki, əmək haqlarının gizli saxlanmasının səbəbi var: “Bəzən rəhbərlər işçilərin təhsil, təcrübə, bacarıq, səriştə və göstərdiyi performans faktorlarına görə maaş fərqlilikləri tətbiq edirlər. Bu məlumatın kollektivdə bilinməsi qısqanclıq, konflikt, demotivasiya yaradır və həmçinin performansın zəifləməsinə gətirib çıxara bilir. Ümumilikdə, əmək haqqı gizliliyinin təmin edilməsi şirkətin korporativ mədəniyyət və dəyərlərindən asılı olaraq formalaşır”.

Həmsöhbətimiz gizlilik siyasətinin həmişə yaxşı nəticələnmədiyini də bildirdi: “Müntəzəm əmək haqqı siyasəti sistemi olmayan şirkətlərdə işçilər arasında maaş fərqlilikləri anlaşılmazlıqlara səbəb olur. Hər bir fərdin qavraması və baxış bucağı müxtəlif olduğu üçün bu kimi məsələlərdə ayrıseçkilik, ədalətsizlik edildiyi, düzgün dəyərləndirilmədikləri yönümlü fikirləri formalaşa bilir”.

Aytən xanım deyir ki, işçilərin əmək haqqı siyasətindən narazılığı kollektiv daxilində xaos yarada, ümumi korporativ mühiti poza bilir: “İşçilərin öz aralarında iş yükü və əmək haqqı müqayisələri aparması, kimisinin daha az işləyib daha çox əmək haqqı aldığı kimi mübahisələr və konfliktlər yaşana bilir. Şirkətlərdə bu səbəbdən performansın zəifləməsi, işdən ayrılma halları da baş verir. Fikrimcə, ədalətli və şəffaf əmək haqqı siyasəti tətbiq edilərsə, bunun kollektivdə paylaşılması müsbət təsir göstərər, işçiləri loyallığa və performansda rəqabətə təşviq edə bilər və şirkətə olan güvən duyğusunu artırar”.

A.Şıxaliyeva xarici təcrübədən də misal gətirdi: “Bəzi ölkələrdə əmək haqqı işçinin şəxsi məlumatları siyahısına daxil olduğu üçün, paylaşılması qanunla qadağan edilib. Lakin ayrıseçkilik və ədalətsizliyin qarşısının alınması üçün bir çox Avropa ölkələrində maaş gizliliyi siyasəti aradan qalxıb”.

 

Nuray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir