Keklik Qeribova

İşçilərin məmnunluğunu artıran müasir iş rejimi - Necə tətbiq etməli?

Baxış sayı: 326

Hibrid iş modeli, işçilərin həm ofisdə, həm də uzaqdan işləyə bilməsi üçün çeviklik təmin edən iş rejimidir. Bu model işçilərin işin müəyyən hissəsini ofisdə, digərlərini isə evdən və ya başqa bir yerdən müstəqil şəkildə yerinə yetirməsinə imkan verir. Hibrid iş modelinin yaranmasına ən böyük təkan pandemiya dövrü oldu. 2020-ci ildə həyatımıza daxil olan pandemiya ilə birgə bir çox şirkət evdən işləmə, çevik işləmə və rotasiya kimi anlayışları tətbiq edərək yeni iş üsullarını sınaqdan keçirdi.

Pandemiyanın pik həddə çatdığı dövrdə bir çox şirkət təhlükəsizlik səbəbilə uzaqdan işləməyə keçid etdi. Bu müddət ərzində bəzi sektorlar üçün uzaqdan işləmə rahatlıq və səmərəlilik təmin etdi, digər sahələrdə isə məhsuldarlıq baxımından çətinliklər yarandı. Pandemiya dövründə bu yeni iş sistemlərinin uğurlu olduğunu görən bəzi şirkətlər hibrid iş modelini qalıcı hala gətirməyi planlaşdırır.

 

Hibrid İşləmə növləri və xüsusiyyətləri

Ofis mərkəzli hibrid model

Bu modeldə işçilər əsasən ofisdə işləyirlər, lakin müəyyən günlərdə uzaqdan işləmək imkanı verilir. Ofis mühitinin üstünlüklərini qoruyarkən, işçilərə çeviklik təmin edən bir modeldir.

 

Uzaqdan mərkəzli hibrid model

Bu modeldə işçilər əsasən uzaqdan işləyirlər və yalnız vacib görüşlər və tədbirlər üçün ofisə gəlirlər. Bu növ, müstəqil işləməyi və komanda görüşləri üçün ofis istifadəsini dəstəkləyir.

 

Çevik hibrid model

İşçilər sərbəst şəkildə iş yerlərini və vaxtlarını özləri seçirlər. Bu model, yüksək səviyyədə çeviklik təmin edərək iş-həyat balansını gücləndirir və işçilərin şəxsi seçimlərini nəzərə alır.

 

Sabit gün hibrid modeli

Bu modeldə həftənin müəyyən günlərində ofisdə, digər günlərində isə uzaqdan işləmək məcburidir. Daha çox ofis mövcudluğu tələb edən işlər üçün ideal bir seçimdir.

 

Komanda yönümlü hibrid model

Bütün komanda üzvləri eyni günlərdə ofisdə işləyir, digərləri isə uzaqdan işlərini davam etdirir. Əməkdaşlıq və birgə iş tələb edən layihələr üçün uyğundur.

 

Hibrid iş modelinin üstünlükləri və problemləri

Üstünlüklər:

Çeviklik və iş-həyat balansı: Hibrid iş modeli işçilərə həm peşə, həm də şəxsi həyatlarını daha balanslı idarə etmək imkanı verir. Bu da işçilərin motivasiyasını artırır və onların daha səmərəli işləməsinə imkan yaradır.

Səmərəlilik: Uzaqdan işləmə işçilərin vaxt itirmədən işə fokuslanmasını təmin edir. Eyni zamanda, ofisdəki lazımsız toplantılar və uzun iş saatları azalır.

İşdən məmnunluq: İşçilərə çeviklik və seçim imkanı verilməsi onların şirkətə bağlılığını artırır və işdən məmnunluq səviyyəsini yüksəldir.

Şirkət xərclərinin azaldılması: Ofis məkanına olan tələbin azalması şirkətlər üçün əlavə xərclərin qarşısını alır.

 

Problemlər:

Əməkdaşlıq çətinlikləri: Uzaqdan işləmə zamanı komanda daxilində əməkdaşlıq və ünsiyyət problemləri yarana bilər.

İşçilərin izlənməsi: Uzaqdan işləmə zamanı menecerlərin işçiləri izləməsi və nəticələri ölçməsi daha çətin ola bilər.

Məsuliyyətlərin aydınlığı: Ofisdən uzaqda işləyən işçilərin məsuliyyətləri və gözləntiləri dəqiq müəyyən edilmədikdə işdə pozulmalar baş verə bilər.

 

Hibrid iş modeli ilə bağlı araşdırmalar

Salesforce şirkəti pandemiya dövründə və ondan sonra işçilərin iş həyatlarına və hibrid iş modelinə yanaşmalarını öyrənmək üçün 2020-ci ildə bir qlobal sorğu keçirmişdir. Bu sorğunun nəticələri göstərdi ki:

  • İşçilərin 64%-i tamamilə uzaqdan işləmək əvəzinə, ən azı bir neçə saat ofis və ya iş yerində işləməyi üstün tutur.
  • Gənc nəsil, xüsusilə Z nəsli, hibrid iş modelini daha çox bəyənir. Z nəslinin 74%-i ya tamamilə uzaqdan, ya da hibrid modeldə işləmək istəyir.
  • İşçilərin 37%-i pandemiyadan sonra da evdən tam iş günü işləməyə davam etmək istəyir.

ish

Hibrid iş mədəniyyətini necə yaratmaq olar?

Hibrid iş mədəniyyəti aydın ünsiyyət, çeviklik və etibar üzərində qurulmalıdır. Bu mədəniyyətin yaradılması və qorunması üçün şirkətlər aşağıdakı addımları ata bilərlər:

Aydın və açıq siyasət

Şirkətin hibrid işlə bağlı qaydaları və siyasətləri aydın şəkildə müəyyən edilməli və işçilərlə paylaşılmalıdır. Beləliklə, işçilər nə gözlənildiyini dəqiq bilərlər.

 

Rəqəmsal alətlərdən istifadə

Hibrid iş mühitində işçilər arasında ünsiyyəti və əməkdaşlığı təmin etmək üçün effektiv rəqəmsal alətlərdən istifadə olunmalıdır. Bu, komanda daxilində harmoniyanın saxlanmasına kömək edir.

 

Çeviklik və etibar

İşçilərə daha çox çeviklik vermək, onların iş-həyat balansını yaxşılaşdırır və motivasiyanı artırır. Eyni zamanda, işçilərə güvənərək onların məsuliyyətlərini düzgün yerinə yetirəcəyinə inanmaq, işdə məhsuldarlığı artırır.

 

Fiziki və virtual tədbirlər

Fiziki və virtual tədbirlər təşkil etməklə komanda bağlarını gücləndirmək, əməkdaşlığı və komandadaxili ünsiyyəti artırmaq vacibdir. Bu, həm də uzaqdan işləyən işçilərin şirkətlə əlaqədə qalmasına kömək edir.

 

Hibrid iş modelinə keçid zamanı diqqət ediləcək məqamlar

Hibrid iş modelinə keçid zamanı şirkətlər bir neçə vacib məqama diqqət yetirməlidir:

  • Ehtiyacların təhlili: Şirkətin və işçilərin ehtiyacları hərtərəfli təhlil edilməli və uyğun keçid planı hazırlanmalıdır.
  • Aydın siyasətlər: Hibrid iş qaydaları və siyasətləri aydın şəkildə müəyyən edilməli və işçilərə çatdırılmalıdır. Bu, hər kəsin nə gözlənildiyini bilməsini təmin edir.
  • Texnologiya təminatı: Uzaqdan işləmək üçün lazımi rəqəmsal alətlər və texnoloji infrastruktur təmin edilməlidir. Beləliklə, fasiləsiz iş axını təmin edilir.
  • Ünsiyyət və dəstək: İşçilərə yeni iş modelinə uyğunlaşmaq üçün təlim və dəstək vermək vacibdir. Bu, adaptasiya prosesini sürətləndirir və işçilərin narahatlığını azaldır.
  • Mütəmadi rəy toplama: Hibrid iş modelinin uğurlu olmasını təmin etmək üçün mütəmadi olaraq işçilərdən rəy toplamaq və ehtiyac olduqda strategiyaları yeniləmək vacibdir.

 

Hibrid iş modeli düzgün tətbiq olunduqda işçilərin məmnunluğunu artıran, şirkətin məhsuldarlığını yüksəldən və iş-həyat balansını dəstəkləyən müasir iş rejimidir.

 

Kəklik Qəribova

İnsan resursları və istedadların cəlb edilməsi üzrə menecer




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir