is

İşi evə aparmaq işgüzarlıqdır, yoxsa tənbəllik? – ARAŞDIRMA

Baxış sayı: 1. 541

Gərgin iş rejimindən sonra ev yorğunluğunu çıxarmaq üçün ən ideal məkandır. İstirahət gözəldir. İstədiyin gün və istədiyin saatda. İşləmək də eyniylə. “İşləməsən dişləməzsən” deyib atalarımız. Lakin çox işləməyin də bir əmması var… Bəzən işimizə o qədər bağlanırıq ki, iş saatı bitdikdən sonra, evimizdə də işə davam edirik. İşdə iş, evdə iş… Hər yerdə, hər saatda iş… Özümüz də fərqinə varmadan iş bütün günümüzü öz ağuşuna alır.Evdə işlərinin davamını görmək müsbət qarşılanan haldırsa, bəs evdəkilərə, özümüzə nə zaman vaxt ayıraq? Heç bu sualın cavabını düşünmüsünüzmü? Ümumiyyətlə, işi evə aparmalıyıqmı?

 

“İş işləmək, ev isə dincəlmək yeridir”

Həyatını öz planlarına uyğun olaraq yaşayan gənc iqtisadçı Qadir Cəlilov deyir ki, iş işləmək, ev isə dincəlmək yeridir: “İşin evə gətirilməsinin əleyhinəyəm. Bu, mənim prinsiplərimə yaddır. Hətta bunun üçün işdə çox işləyir, əziyyət çəkir, özümü tam olaraq işə verirəm ki, məcbur qalıb evə iş aparmayım. Xüsusilə normal iş saatlarında çalışan adamlar üçün bu rejimə əməl etmək mütləqdir. Evin işini evdə, işi də işdə görməliyik. Bütün günü işdə yatıb, evə iş aparan insanlar normal istirahət etmədiyi üçün psixologiyaları da pozulur”.

Günel Həsənova isə işgüzar olduğu üçün evə iş apardığını deyir: “İşi evə aparmağın tərəfdarıyam. Əgər karyerada uğur qazanmaq istəyirsənsə, mütləq şəkildə hədəfə çatmaq üçün yer, məkan, zaman tanımamalısan. Gecə belə durub işləməlisən. Mən işimlə istirahət edirəm”.

Bəs ekspertlər necə düşünür?  İşi evə aparmaq işgüzarlıqdır, yoxsa tənbəllik?

“Bu hal vərdişə çevrilməməlidir”

Beynəlxalq dərəcəli kouç, ALPHA Coaching & Consulting şirkətinin rəhbəri Fidan Əzimli hesab edir ki, daha yüksək nailiyyətlər qazanmaq üçün müəyyən zamanlarda işi evə aparmaq olar:  “İşin evə götürüb-götürülməməsi barədə sualları eşidəndə ilk olaraq Alibaba şirkətinin təsisçisi Jack Manın sözləri yadıma düşür: “İşdən sonra vaxtınızı nəyə sərf edirsinizsə, o da sizin gələcəyinizdir… Əgər təkmilləşmək üçün ancaq iş vaxtının çərçivələrini müəyyən edərdimsə, mən heç vaxt kreativ direktor və məhsul üzrə idarəçi vəzifəsinə qədər qalxmayacaqdım”. Bu səbəbdən, daha yüksək nailiyyətlər qazanmaq üçün müəyyən zamanlarda evə işi götürmək olar. Lakin, belə məsuliyyətlilik daimi xarakter daşımamalı, vərdişə çevrilməməlidir. Əks halda, siz bütün gününüzü ancaq cari işlərə sərf etmiş olacaqsınız. Yenidən Jack Manın sözlərini yada salsaq, onun bu cümləsində işlədilmiş “təkmilləşdirmə” sözünün altından xətt çəkirəm. Bu cümlədə məsuliyyətli olmaqdan daha çox, öz üzərində işləmək çağırışını aydın görmək lazımdır. Məsələn, iş tapşırıqlarını işdən sonra daim evdə tamamlamaq istəyi – sizin məsuliyyətli olduğunuzu göstərir, lakin, işdən sonra gələcəkdə daha səmərəli işlə məşğul olmaq naminə ingilis dili ilə məşğul olmaq meylliyi – artıq məsuliyyətlikdən daha çox, perspektivlərə yönümlü olmağınızın göstəricisidir”.


“Biz az sevdik və az səyahət etdik”Kouçinq deyir ki, hər bir insan hansı işlə məşğul olmasından asılı olmayaraq, sağlamlığını unutmamalıdır: “Gənclərə demək istərdim ki, həyat balansını unutmayın. Nə ilə məşğul olmağınızdan asılı olmayaraq, sağlam münasibətlər də qurun. Münasibətlər sözü altında həm ailə üzvləri ilə möhkəm bünövrə, həm də işlə bağlı faydalı əlaqələrin qurulması nəzərdə tutulur. Mark Tvenin sözləri ilə desək: “Ölüm yatağında təəssüflənəcəyimiz yalnız iki şey olacaq – biz az sevdik və az səyahət etdik”.

 
“12 saat yox, baş ilə işləmək lazımdır”

Şəxsi inkişaf və karyera təlimçisi Tofiq Sadıxov isə hesab edir ki, əgər işləri planlı və vaxtında həyata keçiririksə, onların nə qədər çox və ya az olmasından asılı olmayaraq 8 saatlıq gündəlik iş rejimi kifayət etməlidir: “Stiv Jobs deyirdi ki, 12 saat yox, baş ilə işləmək lazımdır. Azərbaycan reallığında bunu 8 saatlıq iş rejimi ilə uyğunlaşdıra bilərik. Sözsüz ki, hər bir işdə iş qrafikinin gərgin olduğu periodlar da olur. Bu da işçinin bacarıq və səriştəsindən asılıdır ki, vaxtı və planlamanı düzgün tərtib edib işləri vaxtında bitirsin. İşi evə, evi işə aparmazlar. Bu, məncə, hər bir işçinin devizi olmalıdır. Ehtiyac olduqda qalıb 1-2 saat artıq işləmək olar müəyyən sıx iş qrafiki olan periodlarda. Ev, ailə müqəddəsdir, məbəddir. İşi evə aparanda ordakı sevgini, qayğını, diqqəti azaltmış oluruq. 8 saat iş, 8 saat yuxu vaxtından geri qalan 8 saatımızın da 4 saatını yollar, tıxaclar, şəxsi qulluq, yemək, bazarlıq və digər məişət problemlərinin həllinə sərf olunduğunu nəzərə alsaq, ailəmizə, sevdiklərimizə yalnız 4 saatlıq kiçik bir vaxt “dilimi” qaldığını görərik. O zaman kəsiyinə də işdən iş gətirib salanda ailəmizin vaxtından oğurluq etmiş olmarıqmı?”.

 

“İşi evə aparmaq işçinin daha məsuliyyətli olduğu anlamına gəlmir”

Evdə də işləməyin uğurlu karyerada roluna gəldikdə isə, müsahibimiz deyir ki, yaxşı işçi işi vaxtında və keyfiyyətlə yerinə yetirəndir: “Bu iki meyardan biri əskik olduqda nəticə tam olmur. Bu səbəbdən karyeranın ilk illərində gənclər bəzən işdən sonra da, evdə də çalışmağa üstünlük verirlər. Bu ilkin başlanğıcda normaldır, yetər ki xroniki hal alıb bütün ömür boyu davam etməsin. İş stajının ilk ilindən sonra işçi 8 saatlıq zaman kəsimini düzgün bölməyi və işləri vaxtında bitirməyi bacarmırsa, demək ki, problem özündədir. İşi evə aparmaq heç də işçinin daha məsuliyyətli olduğu anlamına gəlmir. Bu hal davamlı təkrar olunduqda kollektivdə işçinin səriştəsinə olan etibar da azalır. Atalarımız deyib ki, bu günün işini sabaha qoymayın. Hər günün öz iş tapşırığı olur, bugünkü işi sabaha saxladıqda yenə də sabahkı günün iş vaxtından “oğurluq” etmiş oluruq. Nəticədə qalıq işlər yığılaraq həll edilməsi mümkünsüz görünən bir problemə çevrilir. Təbii ki heç bir müdirə və onun karyera qurmaq istəyən işçisinə problem lazım deyil”.

“Uğurlu olmaq üçün məhz həyatı doya-doya yaşamaq lazımdır”

Həmsöhbətimiz onu da vurğuladı ki, çox işləmək heç də uğurun və ya işgüzarlığın göstəricisi deyil: “Uğurlu insanların uğursuzlardan fərqləndirən yeganə cəhət – inadkarlıqdır. Yuxarıda qeyd etdiyim fikrə qayıdaraq bir daha qeyd edirəm ki, inadkar olmaq, dayanmadan işləmək heç də 12 saat işləmək deyil, ağılla, düşünülmüş və planlı şəkildə işləməkdir. Düşünmürəm ki, işdə və həm də evdə dayanmadan işləyən insanlar uğurlu insanlardır. Uğurlu insan ifadəsi özü nisbidir, uğur amili insanlara, düşüncələrə, yanaşmalara görə dəyişir. Ancaq uğur modelini ümumiləşdirsək, bu zaman onun arxasında təkcə çoxlu işləməyin durduğunu görmürük. İnsan bioloji varlıqdır. Biz mənəvi və fiziki olaraq “qidalanırıq”. Çoxlu işləmək fiziki “qidamızı” təmin edə bilər. Ancaq ruh xoşbəxtliyi, daxili hüzur, rahatlıq üçün normal dincəlmək, istirahət etmək, sevdiklərinlə, ailənlə, dostlarınla vaxt keçirmək, musiqi dinləmək, şeir oxumaq, hekayə yazmaq, musiqi alətində ifa etmək, səyahətə çıxmaq və bunun kimi digər zövqləri yaşamaq lazımdır. Ümumiyyətlə, uğurlu olmaq üçün həyatı doya-doya yaşamaq lazımdır”.

 İşin psixoloji tərəfi

Psixoloq Orxan Oruc deyir ki, ağır iş rejimi birbaşa insanın psixi və emosional vəziyyətinə, işgüzar və sosial münasibətlərinə, işə yanaşma tərzinə, şəxsi və karyera motivasiyasına mənfi təsir göstərir: “Bu, adətən, daha çox həyatı yalnız işdən ibarət olan şəxslərdə özünü büruzə verir. Müasir dövrdə ən azından, fiziki və ilkin ehtiyacların qarşılanması üçün işləmək çox vacibdir. İşləmək, hər hansı miqdarda aylıq qazanc əldə etmək, hər bir şəxsin özünə inam hissinin tənzimlənməsi, sosial mühitində özünü təsdiq etməsində əhəmiyyətlidir. Amma əlbəttə ki, hər şey öz norma və çərçivəsində gözəl olur. Həddindən artıq işləmək, həyatı yalnız işdən ibarət eləmək, günün bütün hissəsini işə sərf etmək müyyən bir müddətdən sonra insan psixikasına mənfi təsirlərini göstərməyə başlayır. Bəzən insanların işsizlikdən şikayətləndiyini görürük, həmin şəxs iş tapıb 2 ay işlədikdən sonra istirahət edə bilməməsindən şikayətlənir. Sanki, insan nə istədiyini özü də bilmir.  Bu nümunə özü onu göstərir ki, əslində işimizə münasibətimiz bizim üçün stress faktoruna çevrilə də bilər, çevrilməyə də. İşin çox olması və onun evə aparılması halları dəfələrlə təkrarlanırsa, bu, həmin şəxsin öz işini, vaxtını, enerjisini düzgün bölə bilməməsinin göstəricisidir”.

Psixoloq vurğuladı ki, istirahətsiz işləmək insanın motivasiyasına mənfi təsir edir: “İsveç psixoloqu Qustav Le Bon deyirdi ki, insan kütləyə daxil olduğu zaman öz intellekt səviyyəsini itirməyə başlayır. İnkişaf etmiş cəmiyyətlərdə kütlənin intellekt səviyyəsi də bir qədər inkişaf etmiş olur. Ona görə, qərb ölkələrinin əksəriyyətində istirahətə çox ciddi yanaşılır. Düzgün istirahət, insanın sosial münasibətlərinin normada olması əslində birbaşa elə iş həyatına da, məhsuldarlığa da müsbət təsir edir. Cəmiyyətimizdə çox təəssüf ki, böyük əksəriyyət iş vaxtı qeyri-ciddi, istirahət vaxtı isə həddindən artıq ciddi olur. Yəni, müdir işdən sonra, marketdə də, ailəsində də, dostları ilə münasibətində də elə müdir kimi davranır. Müəllim, işdən sonra da hamıya nəyisə öyrətməyə çalışır, həkim ətrafında olan hər kəsə məsləhətlər verməyə çalışır. Bunun özü də işin evə aparılması hesab oluna bilər. Və bütün bunlar da insanların stress səviyyəsinin artmasına, işlə bağlı motivasiyanın aşağı düşməsinə səbəb olur”. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir