İşsiz və ya kiminsə əlinə baxan adamın vəziyyəti, çoxları üçün ağırdır. Yəqin ki, siz də belə vəziyyətə öyrəşməmisiniz. Çalışın, özünüzü işsiz qalmış adamın yerində təsəvvür edəsiniz. Bugünkü vəziyyətinizi daha yaxşı dərk etmək üçün aşağıdakı suallara cavab verin:
- Ağlınıza nə vaxtsa qaçırdığınız şanslar haqqında fikirlər gəlirmi?
- Baş verən hadisədə kimin günahkar olduğunu başa düşməyə çalışırsınızmı?
- Başqalarından pis olduğunuzu düşünürsünüzmü?
- Öz imkanlarınıza və gücünüzə inanırsınızmı?
- Gələcək qarşısında qorxunuz varmı?
Əgər sadalanan hər hansı bir sualın cavabı “hə”dirsə, əgər həyatınızı yaxşılığa doğru dəyişdirmək fikrindəsinizsə, əgər bu günün özündə rahatlıq tapmaq, sabaha isə inamla baxmaq istəyirsinizsə, aşağıdakı məşqlərə bir neçə dəqiqə ayırın.
Bizim məsləhətlərimiz sizə bu işdə yardımçı olacaq:
1. Həyatımız keçmişdən, indiki zamandan və gələcəkdən ibarətdir.
Keçmişimizdə bir çox acınacaqlı, yaddaşımızda mənfi iz buraxan hadisələr baş vermişdi. Və hər birimiz üçün aydındır ki, keçmişi qaytarmaq mümkün deyil, lakin yol verdiyimiz bəzi səhvləri düzəltmək olar və lazımdır. Amma buna baxmayaraq, həyat boyu acı fikirlər qanımızı qaraldır, ovqatımızı pozur və bizi rahat buraxmır. Eləcə də işdə – biz tez-tez nəyi isə eləmədiyimizdən və ya hər hansı bir işi müxtəlif səbəblərə görə vaxtında yerinə yetirə bilmədiyimizdən təəssüflənirik.
İkivərəqli kağız götürün. Þaquli xətt çəkib onu tən ortadan iki yerə bölün. Birinci sütunda əldən qaçırdığınız bütün imkanları qeyd edib nömrələyin.
Qeyd: əgər həmin qeyd bir sətrə sığırsa, ondan sonra üç sətri boş qoyun. Sonra hər nömrənin qarşısında, ikinci sütunda qaçırılan fürsətləri yenidən gerçəkləşdirməyə imkan verəcək 3 üsulu təsvir edin. Hər sütun üçün bir başlıq düşünün.
2. Bu, bizim keçmişimizdir.
Keçmiş sadəcə olaraq xatirələrdir. Çox vaxt keçmişdə uzaq gələcəyi planlaşdırırıq. Planlaşdırdığımız bir çox hadisələr sonralar gerçəkləşmir – bunu sizdən yaxşı heç kim bilmir. Deməli, gələcək – fərziyyədir. Bugünün gerçəkliyi – diqqətə layiq olan yeganə həqiqətdir. Olan oldu, ötdü-keçdi. Onu qaytarmaq mümkün deyil. Olacaq isə hələ olmayıb. Bu gün nə varsa – odur əsl həyat, sizin həyatınız. Məhz buna görə bu günlə yaşamaq və yalnız bu günü planlaşdırmaq lazımdır.
Qayçını götürüb vərəqi ortadan kəsin – elə ki, hər bir sütunu ayrılıqda oxumaq mümkün olsun. Birinci sütunda yazılanları oxuyun – bu, sizin keçmişinizdir. Həmin kağızı xırda-xırda parçalara cırın. Sonra kağızın ikinci yarısını götürüb, ikinci sütunu oxuyun. Burada yazılanları gerçəkləşdirmək – sizin öz əlinizdədir.
3. İnsanın boş vaxtı çoxdursa, o, keçmişdə baş verən acı xatirələri xəyalında canlandırır.
Məhz buna görə çalışın, lazımsız xatirələr və boş narahatçılıq üçün asudə vaxtınız qalmasın. Özünüz üçün münasib gün rejimi qurub, ona riayət edin. Öalışın qəbul etdiyiniz həyat tərzini pozmayasınız. Həmin qaydada iş rejiminizi də müəyyənləşdirin.
Gələcək planlarınızı, ikinci sütunda qeyd etdiyinizlərə uyğun şəkildə mərhələlərə bölün. Gündəlik planınızı tərtib edin.
4. Təbii ki, psixoloji gərginlikdə son həddə çatmış insan öz işini yaxşı yerinə yetirə bilməyəcək.
Beləliklə, işi itirmək ehtimalı artır və ya işə düzəlmək şansları azalır. Problemləri həll etmək və ya iş tapmaq üçün, şübhəsiz ki, sağlam insanın imkanı daha çoxdur. Əgər bu vaxta qədər idmanla məşğul olmamısınızsa, hələ də gec deyil, elə bu gündən başlayın, çünki idmanla məşğul olan insan, bununla stress və ürək xəstəliklərinə səbəb olan gərginliyi aradan qaldırır. Eyni zamanda özünüzü həddindən artıq yormayın, yorğunluq hiss etdikdə isə dərhal dincəlin. Təbiəti seyr edin, açıq havada gəzin. Sağlamlığınızı möhkəmlətməklə, öz iş qabiliyyətinizi də qaldıracaqsınız və beləliklə, işə düzəlmək şanslarınız da artacaq. Gün rejiminizdə fiziki məşğələlər üçün 15 dəqiqəlik vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).
5. İnsan nə qədər çox mütaliə edirsə, bir o qədər iş itirmək ehtimalını azaldır.
Çünki nə qədər çox bilik əldə etsəniz və təcrübənizi artırsanız, bir o qədər də professional imkanlarınız və bununla bərabər işə düzəlmək şanslarınız artar. Hər zaman mütaliə edərkən əlinizin altında qələm və kağız saxlayın. Müxtəlif kitablardan sizə lazım ola biləcək hər hansı bir informasiyanı, eləcə də ünvan və telefonları köçürün. Ətrafda baş verən hadisələr və ya sizi əhatə edən insanlar barəsində, eləcə də öz haqqınzdakı fikir və düşüncələrinizi qələmə alın. Hər hansı bir problemlə toqquşduqda, onu araşdırın (səbəbini və problemin mümkün olan həllini tapın) və mütləq düşüncələrinizin nəticələrini, eləcə də bu anda keçirdiyiniz emosiyaları kağızda (və ya dəftərdə) qeyd edin. Qarşınıza qoyduğunuz həyati məqsədləri müəyyənləşdirin, müxtəlif planlar tərtib edib yeri gəldikdə onları korreksiya edin, icrasını nəzarətə alın. Bütün bunlar sizin gündəliyinizdə əks olunmalıdır.
Kvalifikasiyanızı artırın. Lazım olarsa, yeni ixtisasa yiyələnin.
Gün rejiminizdə mütaliə üçün 30 dəqiqə vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).
6. İnsan təklikdə bütün problemləri aradan qaldırmağa qadir deyil.
Problemləriniz haqqında dost və yaxınlarınıza danışın. Nə vaxtsa oxşar vəziyyətə düşənlərdən məsləhət alın. Əhatə dairənizi genişləndirin, köhnə əlaqələrinizi bərpa edib, təzələrini yaradın. Öalışın, mümkün qədər çox adam iş axtardığınızı bilsin.
Gün rejiminizdə dost-tanışlarla ünsiyyət üçün 15 dəqiqə vaxt ayırın və bunu ikinci sütundakı gələcək planların siyahısına qeyd edin (əgər yoxdursa).