“Həyat bir tamaşadır, biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən Uilyam Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın bir yox, bir neçə rolu var. Bəziləri həyatda təkcə həyat yoldaşı və ya ata yox, həm də müəssisə rəhbəridirlər. Təbii ki, onlar məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl onların fərdi keyfiyyətlərindən asılıdır. Məsələn, bəziləri bu rollardan ancaq birini qəbul edir və həyatlarının böyük hissəsini bu rola həsr edirlər. Xüsusilə də, rəhbər olduqları müəssisədə ətrafındakılara əmrlə müraciət edənlər bu rollarını eyni ilə evlərində də davam etdirirlər. Təbii ki, bu rollar arasındakı fərqi dərk edənlər belə problemlərlə üzləşmirlər. Ancaq həyat yoldaşı və ya ata olduqlarını unudanlar iş yerindäki rollarını evdə də davam etdirirlər. “Gencaile.az” saytının “Evlisən” rubrikasında məhz bu haqda danışacağıq.
Bəlkə də, insan iş yerində sərt əmrlər verə və ya sərt qərarlar qəbul edə bilər. Ancaq eyni şeyi, ya da şeyləri evdə təkrar edə bilməz. Çünki əgər o, iş yerindəki səlahiyyətlərindən ailə üzvlərinə qarşı da istifadə etsə, təbii olaraq, əks bir nəticə ilə üzləşər. Digər tərəfdən, iş həyatında tarazlığı qorumağı bacaranlar ailə həyatında da tarazlığı qorumağı bacarırlar. Həmçinin onlar təkcə həyat yoldaşları ilə yox, uşaqları ilə də münasibətlərini sevgi və hörmət üzərində qururlar. Əks halda, ailə üzvlərinin onlara qarşı hörməti azalmağa və ailədə süni münasibətlər hökm sürməyə başlayar. Və beləliklə də, ailədə sevgi və hörmətin yerini qorxu alar.
Buna görə də, iş yerinizi tərk etdiyiniz andan evdəki rolunuzu mənimsəməyə başlayın və əsl müvəffəqiyyətinizi evdəki rolunuzla əldə edəcəyinizi unutmayın. Əgər iş yerinizlə bağlı problemlərdən yaxa qurtarmaq istəyirsinizsə, özünüzü çox əziyyətə salmayın. Sadəcə olaraq, işdəki rolunuzla evdəki rolunuzu dəyişin. Onda nə qədər rahat olduğunuzu görəcəksiniz.
Hazırladı: UĞUR