”Həyat bir tamaşadır. Biz də onun aktyorları”… Həyatı teatr səhnəsinə bənzədən V. Şekspirın bu sözləri nə qədər də həqiqətə uyğundur. Üstəlik, həyatda hər insanın çox rolları var. Bəziləri həyatda həm həyat yoldaşı, həm ata, həm də bir idarə müdiridirlər. Təbii ki, məkandan asılı olaraq hadisələri də bu rollara uyğun oynamalıdırlar. Bu rolların necə alınması isə hər şeydən əvvəl o şəxsin fərdi keyfiyyətlərindən asılıdır.
Məsələn, bəziləri bu rollardan yalnız birini qəbul edir və həyatlarının böyük bir hissəsini bu rola həsr edirlər. Xüsusilə də rəhbər olduqları müəssisədə ətrafdakılara əmrlə müraciət edənlər bu rollarını eynilə evlərində də davam etdirirlər. Təbii ki, bu rollar arasındakı fərqi dərk edənlər, belə problemlərlə üzləşməyənlər də var. Ancaq ata və ya həyat yoldaşı olduqlarını unudanlar və iş yerindəki rolunu evdə davam etdirənlər də az deyil. İnsan iş yerində əmrlər verə və istədiyini almadıqda sərt qərarlar qəbul edə bilər. Ancaq eyni şeyləri evdə təkrar edə bilməz.
Əgər o, iş yerindəki səlahiyyətlərindən ailə üzvlərinə qarşı da istifadə etməyə çalışsa, müxtəlif problemlərlə üzləşər. Digər tərəfdən, onun uşaqları, xüsusilə də həyat yoldaşı ilə bu cür rəsmi rəftar etməyə haqqı yoxdur.
Ailədə başçı olmağı bacaran şəxs ailə həyatında arzu etdiyi tarazlığı qorumağı da bacarar. Həyat yoldaşı ilə münasibətlərini sevgi və hörmət üzərində qurar. Əks halda ailə üzvlərinin ona qarşı hörməti azalar və ailədə süni münasibətlər hökm sürməyə başlayar. Təbii ki, bu cür münasibətlər tərəflərin heç birini qane edə bilməz, sevgi və hörmətin yerini qorxu alar.
Buna görə də iş yerinizi tərk etdiyiniz andan evdəki rolunuzu mənimsəyə başlayın. Əsl müvəffəqiyyəti evdəki rolunuzla əldə edəcəyinizi unutmayın. Əgər işinizdən qaynaqlanan yorğunluqdan və ya iş yerinizdə baş verən problemlərdən yaxa qurtarmaq istəyirsinizsə, özünüzü çox əziyyətə salmayın, sadəcə olaraq rolunuzu dəyişin.