Hər gün bahalanan həyat şərtləri, sosial problemlər, ailə və maddi qayğılar qadınların işləmək istəyini bir az da artırır. İndi ailə yalnız ailə başçısının qazancı ilə kifayətlənə bilmir, əlavə gəlirə ehtiyac var və qadınlar südəmər körpələrinə rəğmən işləmək məcburiyyətində qalırlar. Buna, əlbəttə, sənayenin, texnologiyanın, iş imkanlarının inkişafı, qadınların təhsil səviyyəsinin yüksəlməsi də təsir edir. İşləyən bir ana olaraq bu yazımda həm uşaqlara baxmalı, həm də işləməli olan həmcinslərimin problemləri, qayğıları barədə bəhs edəcəm.
Analıq məsuliyyətdir, amma işləyirsə…
Biz – işləyən analar olaraq, işimizin tələb etdiyi problemləri və vəzifələri yerinə yetirərkən digər yandan uşaqlarımızın problemləri ilə də məşğul oluruq. Bəzən, yaradanın işləyən uşaqlı qadınlara xüsusi güc, qüvvə verdiyinə inanıram, çünki gün ərzində o qədər qaynar həyatımız olur ki, sonra düşünərkən əslində bu tempin bizi xəstələndirə biləcəyini, lakin xəstələnmədiyimizə heyrət edirəm. İşləyən ana olmaq uzun bir marafonda qaçmaq kimidir, final nöqtəsi olmayan, mükafat almadığımız, alıqşlanmadığımız bir marafon.
İşləmək, qadının məhsuldarlığını, ictimai nüfuzunu və özünə inamını artırır. İşləyən bir ana həm cəmiyyətə, həm ailəsinə faydalı ola bilir. İş həyatına ara vermədən davam edən bir ana olmaq isə ikiqat məsuliyyətdir. Çünki körpənin dünyaya gəlişi, südvermə dönəmi, böyümə ərəfəsi bir qadının əsla qaçırmaq istəməyəcəyi perioddur. Adətən bu dövr üçün dövlət analara məzuniyyət təyin edir, xərclər ödənir. Lakin özəl sektorda, günəmuzd işlərdə analıq məzuniyyəti ödənişsiz olduqda bir çox qadın bu dövrü körpəsinin yanında ola bilmir.
Bəlkə də yeganə analıq anlayışıdır ki, mədəniyyətlərə və cəmiyyətlərə görə dəyişmir, transformasiya olmur, aşınmır, köhnəlmir. Bu elə bir fenomendir ki, bütün millətlərdə eyni rəngdədir, bütün inanclarda eyni dildədir, eyni xəmirdəndir, eyni mayadandır. Bütün cəmiyyətlərdə analıq müqəddəsdir, əvəzsizdir.
Əslində hesab edilir ki, anaların iş dünyasındakı yeri, xüsusilə sənaye inqilabından sonra görünməyə başladı. Təlbat oldu və qadınlar işçi qüvvəsi olaraq böyük bir yükün altına girdi. Əvvəllər yalnız ev işləri, ailə və uşaq baxımı ilə məşğul olan qadınlar həm akademik sahədə, həm də sənayedə boy göstərməyə başladılar. Yaxşı ki, bu inqilab oldu, yaxşı ki qadınlar mətbəxlərdən çıxdı, yaxşı ki, analar həm də yaxşı mütəxəssis ola biləcəklərinin fərqinə vardılar. Təhsilli ya təhsilsiz, iş həyatı olan, övladlarını tərbiyə edərkən heç usanmayan, yorulmayan, nə işini, nə ailəsini ikinci plana atmayan, həyat yoldaşına və ev işlərinə kifayət qədər vaxt ayıran bu anaların çiyinlərindəki yükün fərqindəsinizmi?
Analıq qorxu deyil, olmamalıdır
Hər bir qadın ana olduqdan sonra böyük qorxular yaşayır. Bəlkə də bu qorxuların ən böyüyü ona yetə bilməmək, faydalı ola bilməmək qorxusudur. Xüsusilə bu gün analardan gözlənilən mükəmməllik səviyyəsi yüksək olmasa hətta depressiv vəziyyətə belə gətirib çıxara bilir bu qorxu. İşləyən analar ətrafdan stiqmaya məruz qalır: “uşaqla nə məcburdur iş?”, “uşaq birinci dərəcəli işdir”, “uşağını işinə satır” kimi qınaqlar yeni ana olmuş qadınları daha da təşvişə salır, yetə bilməmə qorxusunu artırır. Beləcə qadın karyera və analıq arasında seçim etməyə məcbur olur.
Bütün bunlar baş verərkən sadəcə işə gedib-gələn kişilər, o uşağın atası unudulmurmu sizcə? Dünyaya uşaq gətirmək yalnız qadının istəyi və cəhdləri ilə olmur, bu, ailənin birlikdə verdiyi qərardır və məsuliyyəti hər ikisinin üzərinə düşməlidir. Valideyn olmaq təkcə qadınların üzərinə düşən vəzifə deyil, körpənin anası olduğu kimi, atası da var. Körpə ana bətnində böyüsə də, anadan doğulsa da, atanın da o uşaq üçün ana qədər məsuliyyəti var. Bu məsuliyyətlər sırasına körpənin baxımı, təmizliyi, qidalandırılması, məşğuliyyətlərinin təmin edilməsi və s. daxildir. Təbii ki, kişilərdə bu instinktin analardakı kimi yüksək olmadığını iddia edənlər də olacaq, amma kim əmin ola bilər ki bütün qadınlar analıq instinkti ilə doğurlar? Bizim də bilmədiyimiz, sıfırdan öyrəndiyimiz duyğudur analıq.
Ana olmaqla işləmək bir-birinə əngəl deyil
Qadınlar illərlə işlədikləri vəzifələrdən, can qoyduqları işlərindən sadəcə uşaqları olduğu və daha ailəsinə başının qarışacağı ehtimalı üçün asanlıqla uzaqlaşdırılır. Amma kişi ata olanda cəmiyyətdə, iş həyatında çəkisi artır. İşəgötürənlər hamilə və ya yeni ana olmuş qadın işçini çox sevməsə də yeni uşağı olan kişinin daha məsuliyyətli olacağına inanır. Bütün bu davranışların əsasında da gender məsələsi dayanmırmı?
Zənnimcə, qadınların karyerası və analıq məsuliyyətləri bir-biri ilə rəqabət aparmayacaq qədər əhəmiyyətli iki anlayışdır. Karyera bir qadının özünə edə biləcəyi ən böyük yaxşılıqdır, analıq hissi isə qadının övladına, yenə dolayısı ilə özünə göstərdiyi məsuliyyətdir. Biri digəri ilə müqayisə edilməməli, övladını dünyaya gətirən kimi iş həyatına qayıtmaq istəyən qadın xor görülməməlidir. Qadın, ana olduqdan sonra övladına nəyin ən yaxşı, nəyin ən pis ola biləcəyini hamıdan yaxşı bilən ilk insandır. Kimsə onun övladına onun qədər can yandırmaz, kimsə onun keçirdiyi narahatlığı keçirməz. Buna görə də bir qadını, bir ananı, südəmər körpəsi qucağında işlədiyi üçün ittiham edərkən düşünün. Onları ittiham etmək yerinə qanunun südəmər körpəsi olan qadınlara verdiyi, amma işəgötürənlərin vermədikləri güzəştləri, imtiyazları tələb edin.
Lalə Mehralı