İslamda həddi-buluiğ və erkən nikahlar məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Bu barədə İslam alimləri arasında da müxtəlif rəylər mövcuddur. Hətta son dövrlər bu müzakirələrin daha da artması və qadının yetkinlik yaşı barədə rəylərin dəyişəcəyi haqda da məlumatlar eşidirik. “Gencaile.az” oxucuların diqqətinə fəlsəfə doktoru Rauf Məmmədovun problemə baxışını təqdim edir.
Qurani-Kərimdə nikah yaşı ilə bağlı ayələr
İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə nikah yaşı ilə bağlı konkret bir məlumat yoxdur. Çünki yetkinlik həddi fərdlərin fiziki və əqli səviyyələrinə görə müxtəlif olduğu üçün, onun konkret bir yaş ilə ifadə edilməsi mümkün deyildir. Buna görə də, Qurani-Kərimdə yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr vardır.
Qurani-Kərimdə yalnız həddi-buluğ (rüşd) səviyyəsi ilə əlaqədar ayələr:
“Yetimləri yetkinlik yaşına çatanadək imtahana çəkin. Əgər onların həddi-büluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın.” (Nisə, 6)
“Yetimin malına xeyirxah məqsəd istisna olmaqla, həddi-buluğa çatanadək yaxın düşməyin” (Ənam, 152).
Bu ayələrdən göründüyü kimi, yetimlər həddi-buluğa (rüşd) çatdıqdan sonra miras malları özlərinə qaytarılmalıdır. Burada yaş göstərilmir. Çünki yetkinlik yalnız fizioloji deyil, həm də psixoloji, əqli təkamüldür. Lakin, şəxsin miras buraxılan mala sahib çıxması üçün, onun həmin malı (pul, qızıl, mülk) istifadə etmək qabiliyyəti və həm də ona sahib olması barədə hüquqi sənədi olmalıdır. Bu qabiliyyət və sənədin əldə olunması üçün, gənc ən azı 17-18 yaş həddinə gəlməlidir. 12-13 yaşında kimsəsiz, yetim bir qızın və ya oğlanın öz malını istifadə etməsi və onu artırması (ticarət ilə) inandırıcı deyildir. Həmçinin, uşaqların bu yaşda mülkiyyət və miras sahibi olması da mümkün deyildir.
Böyük məzhəb alimləri olan İmam Əbu Hənifə və İmam Şafii də bunu təsdiq edirlər. İmam Əbu Hənifə yetkinlik çağının (rüşd) oğlanlar üçün 18, qızlar üçün 17 yaş, İmam Şafii isə hər ikisi üçün 15 yaş müəyyən etmişdir. Lakin, Əbu Hənifə mülkiyyət hüququnun verilməsi üçün 18 yaşı az hesab etmiş və onun 25 yaşda olmasını tam yetkinlik (rəşid) yaşı kimi qəbul etmişdir. Osmanlı dövlətində də mülkiyyət məsələsində rüşd səviyyəsi 20 yaş kimi təyin olunmuşdur.
İslam dinində nikaha daxil olan qızların öz həyat yoldaşlarını atalarının razılığını da nəzərə almaqla sərbəst seçmək hüququ vardır. Qızı, qəbul etmədiyi şəxs ilə evlənməyə vadar etməyə heç kimin haqqı yoxdur. Yetkinlik yaşına çatmamış bir qızın belə bir seçim etmək qabiliyyəti yoxdur.
İslamda nikah – əqli, fiziki və psixoloji sağlam olan qadın və kişinin arasında ailə qurmaq məqsədilə qarşılıqlı razılaşma əsasında bağlanan hüquqi aktdır. Bu hüquqi akt nəticəsində ortaya qoyulan hüquqi sənəd tərəflərin qarşılıqlı vəzifə, məsuliyyət və öhdəliklərini müəyyənləşdirir. Qadın dünyaya övlad gətirməklə öz əsas vəzifəsini yerinə yetirir və bununla kişiyə nəslinin davam etdirilməsini təmin edir. Kişi isə, əvəzində ailəsini qorumaq, onu təmin etməklə məsuliyyət daşıyır. Yetkinlik yaşına çatmamış bir qızın sağlam övlad gətirməsi nə qədər çətindirsə, həddi-buluğa çatmamış bir oğlanın da mehir vermək və ailəsini maddi təmin etmək imkanları məhduddur.
Məlum olduğu kimi, İslamda nikaha daxil olan qızlara mehir (müəyyən məbləğdə pul və ya qızıl) verilir. Mehir, ailədə qadının xüsusi mülkiyyətinə aid olan bir maddi dəyər kimi, onun sərbəst iqtisadi fəaliyyətinə stimul verir. Lakin, yetkinlik yaşına çatmamış bir qızın bu maddi dəyəri artırmaq və ondan səmərəli şəkildə istifadə etmək qabiliyyəti yoxdur.
Bu baxımdan, Qurani-Kərim və hədislərdə həddi-buluğ ilə bağlı verillən məlumatların təhlilindən gəlinən orta məxrəc ondan ibarətdir ki, qızlar və oğlanlar nikaha daxil olarkən əqli-psixoloji və fiziki cəhətdən yetkin olmalı, iqtisadi müstəqillik və şəxsi həyatı müəyyənləşdirmək ilə əlaqədar sərbəst qərar vermək qabiliyyəti olmalı, icbari təhsil müddətini bitirməli, ailəsini təmin etmək və gəlir əldə etmək iqtidarında olmalıdır. Bütün bu şərtləri nəzərə alsaq, Qurani-Kərimə görə yetkinlik yaşının 17-18 yaşdan əvvəl olması mümkün deyildir.
Talaq sürəsinin 4-cü ayəsinin şərhi ilə bağlı təhriflər
“Heyzdən kəsilmiş (yaşlı) qadınlarınızın (iddəsi barəsində) şübhəniz varsa, onların, eləcə də heyz halı kəsilənlərin (vəllai ləm yahidnə) də gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, (Allah) onun işini asanlaşdırar.” (Talaq 4)
Qərb şərqşünasları Talaq sürəsinin 4-cü ayəsində “heyz halı kəsilən” (vəllai ləm yahidnə) ifadəsinə istinad edərək erkən evliliyə (pedofiliya) dəlil axtarmağa çalışırlar. Maraqlıdır ki, islam aləmində də bu ifadəni “hələ heyz görməmiş qızlar” kimi tərcümə edərək və bu şəkildə ona şərh verərək, islam düşmənlərinin fitnələrini təsdiq edirlər. Halbuki, “vəllai ləm yahidnə” ifadəsində nə “hələ”, nə də “qız” sözləri vardır. “Hələ heyz görməmiş” ifadəsini ərəbcəyə tərcümə etsək “əllaai ləmma yahidnə” olardı. Halbuki, ayədə belə deyildir. Ayənin hərfi tərcüməsi “heyz halı kəsilən, aybaşısı dayanan, aybaşının dayandığını görən (qadın)” kimi olmalıdır.
İkincisi, bu ayə yetkin qadınlardan bəhs etdiyi üçün, onlara münasibətdə “nisə” (yetkin qadın) ifadəsi işlənir. Əgər, burada həddi-buluğa (rüşd) çatmayan qız uşaqları nəzərdə tutulsaydı, onun ərəbcə qarşılığı (vildan, vələd, bənat) olardı. Halbuki, ayədə tərcüməçilər “qız” sözünü özlərindən əlavə edirlər.
Burada “heyz halı kəsilən” (vəllai ləm yahidnə) ifadəsi tibbdə “sekonder amenore” (aybaşısı bir müddət kəsilən) kimi tanınan qadın xəstəlik halı ilə bağlıdır. Bunu, “hələ heyz görməmiş” kimi təqdim olunması İslam dinində erkən evliliyin olmasını ortaya qoymaq üçün bir bəhanə axtarışıdır. Çünki heyz halı yaşamayan kiçik qızın 3 ay gözləməsinə nə lüzum var? Axı, onun 3 aydan sonra hamilə olmaq ehtimalı əşyanın təbiətinə yaddır.
Xanım Aişənin nikah yaşı ilə bağlı
Müsəlman aləmində erkən evliliyə əsas verən əsas səbəblərdən biri və ən başlıcası, Xanım Aişənin Hz. Muhəmməd (s) ilə erkən nikahda olması barədə olan hədislərdir.
Xanım Aişə deyir: “Mən altı (başqa rəvayətdə yeddi) yaşında ikən, Hz. Peyğəmbər (səs) mənimlə evləndi, doqquz yaşımda da mənimlə birlikdə oldu.”
Halbuki, nikah yaşının 6 və ya 9 yaş olması Quranın həddi-buluğ (rüşd) barədə olan ayələrinə də zidd gəlir. Buna baxmayaraq, müsəlman aləmində bütün dövrlərdə erkən nikah davam edərək bu günə qədər gəlmişdir. Çünki bəzi fəqihlər bəhs olunan hədisə istinad edərək bu ənənəyə haqq qazandırmışlar.
Biz Xanım Aişənin 9 yaşında Hz. Muhəmməd (s) ilə erkən nikahda olması barədə hədislərin həqiqətəuyğunluğuna şübhə ilə yanaşırıq və bunun sonradan İslama əlavə edilən bir iftira olduğunu hesab edirik. Çünki bu hədislər Qurani-Kərimin həddi-buluğ (rüşd) ilə bağlı verdiyi məlumatlarla ziddiyyət təşkil edir. Həmçinin digər ziddiyyətlər vardır:
1. Xanım Aişənin 595-ci ildə doğulan böyük bacısı Əsmanın İslam dinini 15 yaşında qəbul etdiyi bildirilir. Bu, risalətin ilk ilinə, 611-ci ilinə təsadüf edir (595+15=610 və ya 611-ci ilin başlanğıcı). Bu doğrudur. Çünki onun atası Əbu Bəkr də 611-ci ildə müsəlman olmuştur. Xanım Aişə böyük bacısı Əsmadan 10 yaş kiçik olduğu üçün, 611-ci ildə 5 və ya 6 yaşı olmuşdur (15-10=5). O zaman, Xanım Aişənin doğulduğu tarix 606-ci ilə (611-5=606) təsadüf edir. Əgər Xanım Aişənin hicrət tarixindən iki il sonra, yəni 624-cü ildə Bədir döyüşündən sonra hicrətin ikinci ilində şəvval ayında nikaha girdiyi ilə bağlı hədisi qəbul etsək, o zaman 624-cü ildə onun 18-19 yaşında (624-606) olduğunu deyə bilərik.
2. Xanım Aişənin böyük bacısı olan Əsmadan 10 yaş kiçik olduğu mənbələrdə öz təsdiqini tapmışdır. Mənbələrdə 622-ci il hicrət tarixində Əsmanın 27 yaşda olduğu qeyd olunur. Deməli, 622-ci ildə Xanım Aişənin yaşı 17 olmuşdur (27-10=17). Xanım Aişənin hicrətdən iki il sonra, 624-cü ildə Hz. Muhəmməd (səs) ilə nikaha daxil olduğu bildirilir. Deməli, Xanım Aişə nikaha daxil olanda 18-19 yaşı olmuşdur.
3. Buxari və Əhməd b. Hənbəl (Müsnəd) Xanım Aişənin belə söylədiyini nəql edirlər: “Anam və atam İslam dinini qəbul edən dövrdə mən onların davranışlarını anlayırdım.” Bu zaman Xanım Aişənin 5-6 yaşı olmalı idi. Çünki onun atası Əbu Bəkr 611-ci ildə müsəlman olmuştur. Görünür, Xanım Aişənin nikah bağlananda 6 yaşında olduğunu rəvayət edən bəzi ravilər Əbu Bəkrin 611-ci ildə müsəlman olması tarixi ilə bu tarixi qarışıq salmışlar. Əgər Xanım Aişənin hicrət tarixindən iki il sonra, yəni 624-cü ildə nikaha girəndə 6 yaşında (və hətta 9 yaşında) olduğunu qəbul etsək, o zaman 611-ci ildə onun hələ dünyaya gəlmədiyini deyə bilərik. Lakin, Xanım Aişə 611-ci ildə hər şeyi anladığını söyləyirdi. Deməli, Xanım Aişənin atası İslamı qəbul edəndə 6 yaşı, nikaha daxil olanda isə 18-19 yaşı olmuşdur.
4. Buxari bildirir ki, Xanım Aişə Qəmər sürəsinin 46-cı ayəsi ilə bağlı olaraq demişdir: “Bu ayə, Məkkədə Muhammədə (səs) endi. Mən onda gənclik çağına yenicə girən və oyun çağında olan bir qız idim.” Əksər mənbələr haqlı olaraq, Qəmər sürəsinin bu ayəsinin “Oxu” (İkra) ayəsindən 4 il sonra, 614-cü ildə nazil olduğunu bildirirlər. Xanım Aişənin hicrətdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhəmməd (səs) ilə nikaha daxil olduğu tarixdən çıxış edərək deyə bilərik ki, onun 614-cü ildə 9 yaşı olmuşdur (19-10=9). Bu yaş, onun dediyi kimi “Mən onda gənclik çağına yenicə girən və oyun çağında olan bir qız idim.” ifadəsi ilə üst-üstə düşür. Əgər Xanım Aişənin hicrət tarixindən iki il sonra, yəni 624-cü ildə nikaha girəndə 6 və ya 9 yaşında olduğunu qəbul etsək, o zaman 614-cü ildə o, hələ dünyaya gəlməməli idi. Halbuki, o, həmin dövrdə “gənclik çağına yenicə girən” bir qız olduğunu bildirir. Deməli, onun 6 və ya 9 yaşında nikaha girməsi ilə bağlı məlumatlar yalnışdır.
Hz. Fatimənin (əs) evlilik yaşı
İbn Saad yazır: “Hz. Peyğəmbərin (s) qızı Fatimə, O (Peyğəmbər), 35 yaşında olanda və Kəəbənin təmir edildiyi ildə dünyaya gəldi və Hz. Aişədən beş yaşa qədər böyük idi.”
İbn Saad eyni əsərdə qeyd edir ki, “Hz. Fatimə hicrətin 11-ci ilində 29 yaşında vəfat etmişdir.”
Hz. Peyğəmbərin (səs) besətinin 40 yaşında (610 il) olduğu məlumdur. O, 35 yaşında olarkən 605-ci ilə təsadüf edir. Hz. Fatimənin (əs) Xanım Aişədən (606 ildə doğuldu) təqribən 3-4 yaş kiçik olduğunu nəzərə alsaq (çünki mənbədə “beş yaşa qədər” deyilir), onun təqribən 603 ilində doğulduğunu (606-3=603) söyləyə bilərik. Hz. Fatimənin (əs) hicrətin 11-ci ilində 29 yaşında vəfat etdiyini də buna əlavə etsək (603+29=632), onun 632-ci ildə 29-30 yaşlarında vəfat etdiyini söyləyə bilərik. Həqiqətən də, Hz. Fatimə (əs) Hz. Peyğəmbərin (s) vəfatından bir neçə ay sonra 632-ci ildə vəfat etmişdir.
Əbu Bəkr ilə Ömər b. Xəttab Hz. Peyğəmbərin (səs) qızı Hz. Fatiməyə (əs) evlənmək üçün elçi gələndə, Hz. Peyğəmbər (səs) onları geri qaytararaq “Fatimənin yaşı azdır” demişdir. Hz. Fatimənin (əs) Hz. Əli (əs) ilə nikaha daxil olduğu tarix də, hicrət tarixindən iki il sonra, bədr döyüşündən sonra, yəni 623-624-cü illərə təsadüf edir. 624-cü ildə Hz. Fatimənin (əs) təqribən 21 yaşı olmuşdur (624-603=21). İmam Həsən (əs) hicrətin ikinci ilində (624-cü ildə), İmam Hüseyn (əs) hicrətin dördüncü ilində (626-cı ildə) doğulmuşlar. Babaları Hz. Muhəmməd (s) və anaları Hz. Fatimə (əs) vəfat edəndə, İmam Həsənin (əs) 8, İmam Hüseyn (əs) isə 6 yaşı olmalı idi.
***
Quran və hədislər üzərində aparılan araşdırmalar Xanım Aişənin hicrətdən iki il sonra, 624-cü ildə 18-19 yaşında Hz. Muhəmməd (səs) ilə nikaha daxil olduğu, Hz. Fatimənin (əs) Hz. Əli (əs) ilə 20-21 yaşında nikaha daxil olduğu təsdiq olunur. Bu araşdırmalarda ortaya çıxan tarixi rəqəmlər bir-birini tamamlayır və tarixi gerçəkləri əks etdirir.
İslam dininin ilk yayıldığı dövrdə, ilk öndər səhabələr arasında erkən nikah müşahidə olunmur. Bu nikahlar sonrakı dövrlərdə yayılmağa başlamış və zülmkar hakimiyyətlərin qulluğunda dayanan ruhanilər təbəqəsi İslam mənbələrinin yalnış şəkildə yozaraq müsəlmanların cahiliyyət dövrünün adət-ənənələrini yaşamasına şərait yaratmışlar.
Görünür, cahiliyyət dövrünün ənənələrinin tədricən islam hökmlərinin yerini tutması və islam dəyərləri kimi təqdim olunması ənənəsi Müaviyənin xəlifəliyi dövründən dirçəldilmişdir. Erkən nikahlar Müaviyənin sarayındakı məmurların, ruhanilərin həvəsindən keçdiyi üçün, onlar bunun yayılması üçün şərait yaratmışlar. Bunun üçün də münbit şərait olmuşdur. Çünki cahiliyyə dövrünün ərəblərin arasında erkən nikahlar və qadınlara qarşı digər zorakılıqlar geniş yayılmışdır. Bunun cahiliyyə dövrünün adəti olduğunu və Müaviyə tərəfindən bərpa edildiyini təsdiq edən sənəd, ərəb şairlərindən olan İbn Yəranın sözləridir: “Səkkiz yaşına çatdısa, o, mənim üçün bir cariyə deyil, Ütbə və Müaviyəyə nikahlaya biləcəyim bir gəlindir.”
Ərəblərdə 8-9 yaşında olan qız uşaqlarına nikah üçün yetkinlik yaşına çatan (cariyə) bir gəlin kimi baxırdılar. Bu mentalitet, islam dinində məqbul olmamasına rəğmən, bu günə kimi davam etmişdir.