“Gencaile.az” saytının “11 sual” rubrikasının budəfəki qonağı “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədovdur.
– Valideynlərinizin futbolçu olmağınıza münasibəti necə idi?
– Bu sual məni uzaq 1982-ci ilə apardı. Daha dəqiq desəm, İspaniyada keçirilən və Maradona, Rossi, Ziko, Bloxin kimi həmin dövrün ulduz futbolçularının çıxış etdiyi dünya çempionatını xatırladım. Mən futbola gizli şəkildə, evdəkilərin xəbəri olmadan getmişdim. Həmin vaxt valideynlərim zavodda işləyirdi. Onların xəbəri olmadan özümü sevdiyim sahədə sınamaq qərarı vermişdim.
– Maraqlııdır, valideynləriniz bunu biləndə reaksiyaları necə olmuşdu?
– Normal qəbul etmişdilər. Həmin vaxt artıq onların övladı oynadığı kollektivin kapitanı idi.
– Yeri gəlmişkən, futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?
– Yəqin ki, zabit olardım, çünki əsgər formasına xüsusi rəğbətim var. Futbolçu olmasam, zabit kimi vətənə qulluq edərdim.
– Ailə həyatı qurmağa hazırlaşanda gələcək həyat yoldaşınız futbolçu ilə ailə qurmağa tərəddüd etmədi ki?
– Yox, şükürlər olsun ki, belə bir problemlə qarşılaşmamışam. Əksinə mənə ən çox dəstək olan ailəmdir.
– Sizcə, bir futbolçu üçün ailə həyatı qurmağın mənfi və müsbət cəhətləri hansılardır?
– Məncə, bunun futbol adamına ancaq müsbət təsiri ola bilər, çünki ailə həyatı qurmaq insanı bir çox xoşagəlməz vərdişlərdən uzaqlaşdırır.
– İdman aləmində olanlar daim diqqət mərkəzində olan insanlardır. Maraqlıdır, həyat yoldaşınızdan bu səbəbdən qısqanclıq hiss edirsinizmi?
– Vay, vay… Lap yaralı yerimdən sual verdiniz
– Futbol adamları adətən evdən kənarda olur. İndinin özündə də sizdə vəziyyət fərqli deyil. Ailənizdən uzaqda olmaq sizin üçün hansı problemləri yaradır?
– Ən əsas problem öz evim və doğma şəhərim Sumqayıt üçün darıxmağımdır, çünki hər iksini çox sevirəm.
– Bildiyim qədəri ilə dörd övladınızdan ikisi oğlandır. Maraqlıdır, onları davamçınız kimi görmək istərdinizmi?
– Açığı, hər ikisi futbolçu olmaq arzusundadır, ancaq mən onların qarşısında şərt qoymuşdum ki, nəyə nail olsalar bunu öz zəhmətləri hesabına etməlidirlər. Demişdim ki, mən bu baxımdan onlara kömək etməyəcəm. Yox, əgər təhsil almağa önəm versələr, yardımçı olardım ki, onlar da məhz bu yolu seçdilər və məni sevindirdilər.
– Bir qərar qəbul edəndə kiminləsə məsləhətləşirsiz, yoxsa təkbaşına qərar verirsiniz?
– Bu, məsələdən asılı olaraq dəyişir. Elə məqamlar olur ki, məsləhətləşməyə ehtiyac olur, amma bununla yanaşı, elə məqamlar da olur ki, həmin anda təkbaşına qərar qəbul etməli oluram.
– Futbolçulardan kiminlə ailəvi münasibətləriniz var?
– Mənimlə eyni dövrdə oynayanlardan Mübariz Orucov, Zaur Həşimov və Raqib Mikayılovla ailəvi dostluğumuz var.
– Futbolçu həyatınızda yəqin elə hadisələr olub ki, indi də xatırlayanda gülməyə bilmirsiniz
– Belə hadisələr çoxdur. Məsələn, İslandiyada başıma gələn əhvalatı danışa bilərəm. 2001-ci ilin iyun ayında İntertoto kubokunda mənim formasını geydiyim “Viləş” yerli “Qrindavik”lə qarşılaşırdı. Oyunun sonuna dörd dəqiqə qalmışdı və mən cərimə meydançasında kobud oynadığımdan komandaməzın qapısına penalti təyin olundu və həmin oyunu onbirmetirlik cərimə zərbəsindən vurulan qolla minimal hesabla uduzduq. Qarşılaşmadan sonra komandamızın prezidentinə əslində həmin epizodda təmiz oynadığımı və hakim səhvi ucbatından uduzduğumuzu dedim. Matçdan bir gün sonra bütün komanda ilə Reykyavikdəki ticarət mərkəzlərindən birinə gəlmişdik. Həmin ticarət mərkəzinə daxil olanda orada müştərilərin oxuması üçün qəzetlər qoyulduğunu gördük. Həmin qəzetlərdən birinin ilk səhifəsində mənim penaltiyə səbəb olduğum epizodun fotosu qoyulmuşdu. Mənim rəqib oyunçuya qarşı kobud oynadığım açıq şəkildə görünürdü. Bunu görən komanda yoldaşların ticarət mərkəzindəki bütün qəzetləri yığışdırmağa başladılar ki, komandamızın prezidenti həmin şəkili görməsin. Təsəvvür edin ki, beş mərtəbəli ticarət mərkəzinin hər mərtəbəsində ən azı 3-4 yerdə həmin qəzetdən var idi və bunu yığışdırmaq nə qədər çətin idi. Qısası, uşaqlar məni çətin vəziyyətdən çıxarmaq üçün xeyli əziyyət çəkməli olmuşdular.
Söhbətləşdi: Tural Məmmədov