telesmek

İstək zənciri

Baxış sayı: 819

Şərbəti ağuludur fani cahanın, sən anın
Şərbətindən nuşudaru umma, zinhar istəmə!

İmadəddin Nəsimi

 

“Həyat bir mübarizədir.” Bu cümlə çoxumuza tanışdır, xüsusilə də son zamanlar dəb halına gələn “siz də zirvəyə layiqsiniz!” tipli şüarlarla çağlayan “özünü inkişaf” kitablarında tez-tez bu cümləylə rastlaşırıq. Maraqlıdır ki, niyə belə kitabların yazılması və şüarların səsləndirilməsi xüsusilə dövrümüzdə vüsət alıb? Məncə bunun kökündə neoliberalizm və azad bazar iqtisadiyyatı durur.

İnsanlar gündən-günə həyatın çətinləşməyindən gileylənir. Bəlkə də həyatı çətinləşdirən bitib-tükənmək bilməyən istəklərimizdir. İstəklər yalnız cəmiyyətdə var ola bilər. Cəmiyyət olmazsa, istəklər də olmaz. İnsanların “mən istəyirəm” dedikləri hər şey cəmiyyət tərəfindən istənilir. İnsanlar öz əldə etdikləri ilə cəmiyyətdə özlərinə bir nüfuz inşa edib həyatda qalmağı planlayırlar. Kimlərsə bunu bahalı paltarlar, mobil telefonlar və avtomobillər satın almaqla edir, kimlərsə də “özünü inkişaf” kitablarında yazıldığı kimi hədəflər qoyaraq, “zirvəyə” çatmaqla.

İnsanlar həmişə cəmiyyət içərisində yaradılmış tiplərin birinə özlərini yerləşdirmək istəyirlər. Çünki onlar yaradılmış tiplərdən birinə daxil ola bilməsələr, bir qrupa aid ola bilməzlər, o halda isə bərtərəf edilərlər. İnsanlar bir tipə aid olub, həmin tipin standartlarını mənimsəyib, sonra isə bunları öz standartları kimi göstərirlər. Və bu sayədə öz standartlarını yaratmaq, öz beyniylə düşünmək kimi “əziyyətlərdən” xilas olurlar. Əlavə olaraq, o tipi mümkün qədər “ideal” göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Məsələn, təhsil aldıqları universiteti, peşələrini və ya sevgililərini ən yaxşı kimi qələmə verirlər. Ona görə də dünyada 7.9 milyard insan olsa da, ən çoxu 200 milyon insan tipi var. Bu “ali” tiplərdən birinə aid olmaq üçünsə digərləri ilə eyni istəklərə sahib olmalısınız, sonra isə bu istəklər uğrunda “mübarizəyə” qoşulmalısınız.

Z – nəsil əhaliyə nəzər salsaq, onların istəklərinin əksəriyyətinin eyniyyətini müşahidə edərik. Bəziləri “maşın-ev-ailə” üçbucağında irəli-geri gedir, bəziləri isə “dünyanı gəzmək”, “karyera qurmaq” kimi “fərdi” istəklər – ictimai vəzifələr – uğrunda qarşılarına gündə bir hədəf qoyub “ali” məqsədlərinə çatmağı planlanlayırlar. Eləcə də valideynlər uşaqlarının böyüdükcə istəklərinin artdığını həmişə vurğulayırlar və buna adi bir hal kimi baxırlar. Əslində isə insan böyüyüb kamilləşdikcə istəkləri azalmalıdır. Problem uşaqlarda yox, onları yetişdirən valideynlərdədir. Ümumi problem isə o valideynlərin yaşadığı neoliberal cəmiyyətdədir.

 

“Mən istəyirəm”

Bu cümlədən sui-istifadə etməklə neoliberal cəmiyyətdə yüzlərlə mal satılır. İnsanlar ən son model “Apple” markalı telefonu almaq üçün növbələrə düzülür, “Nike” ayaqqabı almaq üçün maaşının yarısından çoxunu verməyə razı olurlar. Onlardan bunu niyə etdiklərini soruşduqda cavab sadədir: “elə istəyirəm”. Lakin istəklər qidalanmaq, nəfəs almaq kimi bizdən asılı olmayan bir hadisə deyil. İstəkləri biz idarə etməliyik, onlar bizi yox. Əslində onlar nə telefon, nə də ayaqqabı alırlar. Onlar özlərinə cəmiyyət daxilində nüfuz və hörmət satın alırlar. Sadə bir komanın içində yaşamış Məhəmmədin tərəfdarları əllərində son model telefon olması üçün bankdan borc pul götürürlər. Çünki dövrümüzdə insanın şəxsi keyfiyyətlərini müəyyən edən əsas amil onun geyim stili, işlətdiyi telefon və ya avtomobildir. Belə ki, heç kəs bir çoxları tərəfindən “qaqa” və ya “kəndçi” adlandırılan geyim tərzi ilə geyinmiş insanların kamillik səviyyəsinin yüksək ola biləcəyinə inanmaz. Çünki neoliberal cəmiyyət insanının sadəcə görüntünü görmək üçün gözü var, qarşısındakının fikrini eşitmək üçün qulağı yoxdur. Neoliberalizm yavaş-yavaş insanları “şikəst” edir.

 

At eynəyi

Biznes sahəsində işçilərin idarəedilməsində bir “qanun” var. Onlara tez-tez hədəflər verməlisiniz, yoxsa ümumi iş ləngiyər və durğunlaşar. Həmin hədəflərin mükafatı olaraq da kiçik hədiyyələr verməlisiniz. Yəni atlara yeni bir hərəkət öyrədərkən şəkər kubu verilməsi kimi – təşbehdə xəta olmaz. Həmin “hədəflər qoyun, daha irəli gedin” şüarları da eyni məqsədi güdür.

İnsanlar atları idarə edərkən gözlərinə eynək taxırlar ki, onlar kənarları görməsin və ancaq əmr edilən tərəfə baxa bilsinlər. Neoliberalizm də tamah vasitəsilə insanları idarə edərkən hədəfləri – hədəfləri yerinə yetirməyimizin səbəbi də elə sondakı hədiyyəni istəməyimizdir, – eynən at eynəyi kimi qarşılarına qoyur ki, kənarları görməsinlər sadəcə həmin hədəfə doğru yüyürsünlər. “Zirvə”, “hədəflər” və s. – bunlar hamısı neoliberal cəmiyyətin zorla insanların beyinlərinə yeritdiyi məfhumlardır və bunlar hamısı daha çox mal satmaq üçündür.

“Fərqli olmaq” istəyi özü də insanın həyatını əzabverici hala gətirən şeydir. Fərqlilər özləri də bir tipin içinə daxildirlər, onların sadəcə zahirləri fərqlidir, daxilləri eynidir. Hədəfi və istəyi dünyanı gəzmək olan adamların əksəriyyəti bunu hamı etdiyi üçün və ya əksinə, hamıdan fərqli olmaq istəyinə görə edirlər. Rəngli geyinən, “gündə ən azı 1 sənədli film izləyən”, xırda, rəngli vərəqlərə gündəlik hədəflər yazan insanla, maşın-ev-ailə üçbucağında yaşayan insan arasında heç bir fərq yoxdur. Onlar ikisi də cəmiyyət içərisində daha yaxşı bir nüfuz istəyirlər və bu nüfuz uğrunda bütün həyatlarını həmin hədəflərə qurban verməyə hazırdırlar.

Əlqərəz, insan min illər əvvəl sürü – cəmiyyət – halında yaşamağa başladıqdan bəri təbiətində olmayan bir çox xüsusiyyəti yaratdı. İstəklər sadəcə cəmiyyətdən kənarlaşdırılmamaq üçün digərlərinə uyğunlaşmağın bir yoludur. İnsan özü heç nəyi istəmir, istəyən sadəcə cəmiyyətdir. Siz geyinmək üçün köynək seçmirsiniz, cəmiyyət seçir, sizin yerişinizi, saç stilinizi cəmiyyət müəyyənləşdirir. Bundan qaçış yoxdur və bu, insanlardan asılı bir hadisə də deyil. Doğrusu, qırmızı rəngdə geyinmək istəyinizin cəmiyyət tərəfindən müəyyən edilməsi də elə vacib bir problem deyil. Əsas problem filan markalı köynəyi geyinmək üçün gününü stresli işlərdə keçirib, cəmiyyətdə sığındığı tipin standartlarına çata bilmək üçün özünü paralamaqdır. Nə “ali” bir vəzifə və ya hədəf var, nə də ki yüyürüb çatacağımız bir “zirvə” var. Mümkün qədər istəklərimizi azaldıb, minimalizm cərəyanına yönəlməliyik. Bu sayədə daha azad ola bilərik. Neoliberalizm “istək zənciri” ilə bizi əlində saxlayır. Azadlıq və xoşbəxtlik sadəcə istəməməkdə gizlidir.

 

Əliş Nəzərov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir