“40 yaşdan yuxarı insanların 90%-i ömründə ən az bir dəfə herpeslə qarşılaşmış olur ki, onların qanında antitellər tapılır. Herpesin ağırlığı əsasən immun sistemin vəziyyətilə bağlıdır. Sadə herpes ilk növbədə dəri, selikli qişalar, sinir sistemi və digər orqanları zədələyir”.
Bu barədə saytımıza danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, ailə həkimi, həkim-terapevt Nərminə Abbasova bildirdi ki, bir çox infeksion xəstəliklərin törədicisi herpes virusudur:
Herpes həm də dağınıq skleroz, xroniki yorğunluq sindromu və bəzi onkoloji xəstəliklərin səbəbi kimi məlumdur. Əksər insanlar herpesə yoluxmalarından xəbərsiz olurlar. Bəzən herpes digər virus infeksiyaları – KRVİ, Qripp ilə eyni vaxtda aktivləşir. Həm də məlumdur ki, herpes stress, ağır fiziki işlər və əməliyyatlardan sonra üzə çıxır”.
Nərminə xanım deyir ki, herpes xəstə insandan kontakt yolu ilə – toxunma, əl sıxma, qucaqlaşma, öpüşməklə, həmçinin şəxsi gigiyena vasitələri və məişət əşyaları ilə yoluxur:
“Genital herpes cinsi yolla yoluxur. Həmçinin hamiləlik dövründə herpes anadan dölə yoluxa bilər. Hazırda herpesin 8 tipi var və hər birinin xarakterik əlamətləri mövcuddur. 1-ci tip herpes üzdə, əsas da dodaqlarda xırda səpgilər şəklində özünü büruzə verir. 2-ci tip herpes zamanı əsasən genital (cinsi orqanlar) nahiyyədə dəri və selikli qişalar zədələnir. Herpes kişi və qadın sonsuzluğuna səbəb ola bilər. 3-cü tip Herpes (suçiçəyinin törədicisi) – uşaqlarda suçiçəyi, böyüklərdə isə kəmərvari dəmrovu yaradır. Suçiçəyi zamanı səpgilər tək-tək olub, başın tüklü hissəsində və bütün bədən boyunca yayılır. Kəmərvari dəmrov isə yalnız sinir kökləri və sinirlər boyunca yayılır. Tipik kəmərvari dəmrov gövdədə, qabırğaarası sinirlər boyunca yayılır və şiddətli ağrı ilə müşayiət olunur. 3-cü tip herpes həmçinin bronxit, pnevmoniya, meningit, miokarditə səbəb ola bilər.
4-cü tip herpes (Epşteyn-Barr) infeksion nukleozu törədir. Əlamətləri – angina, hepatit və limfadenopatiyadır. Xəstəliyin ağırlıq dərəcəsi immun sistemdən asılı olaraq, bəzən ağır hepatit, sarılıq və intoksikasiya ilə keçə bilər. 5-ci tip herpes (sitomeqalovirus) böyüklərdə daxili orqanları – qaraciyər, ağ ciyərlər, ürək və böyrəkləri zədələyir. Bu virus xüsusilə döl və yenidoğulmuşlar üçün təhlükəlidir. Əgər qadın hamiləlik dövründə bu virusa yoluxarsa, dölün bətndaxili ölümü, doğuşdan sonra isə korluq və ya yenidoğulma dövründə ölümlə nəticələnə bilər.
6-cı tip herpes sinir sistemini zədələyərək depressiya, emosional problemlərə yol aça bilir. Bəzi mənbələrə görə bu tip həm də xərçəng xəstəliyinə səbəb olur. 7-ci tip herpes xroniki yorğunluq sindromunun inkişafına təkan verir. 8-ci tip herpes isə QİÇS xəstələrində Kapoşi sarkomasını törədir”.
Həkim-terapevtin qeyd etdiyi kimi, Herpes ciddi sağlamlıq problemləri və bəzən letal nəticələrə səbəb ola bilər. Bu səbəbdən istənilən səpgi ilə müşayiət olunan xəstəliklərdə həkimə müraciət etmək lazımdır:
“Vaxtında və düzgün qoyulmuş diaqnoz və kompleks müalicə tədbirləri sağlamlığı qorumağa yardımçı olacaq. Herpesdən qorunmağın 2 əsas yolu var – birincisi, immun sistem möhkəm və sağlam olmalıdır, ikincisi, şəxsi gigiyena qaydalarına maksimum riayət edilməlidir”.
(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)