Belə deyirlər ki, iki insan arasındakı münasibət maqnitin əks qütbləri kimi – onların fərqlilikləri ilə güclü olur. Bəs uğurlu münasibətin sirri varmı? Hər şeyi qaydasında saxlamaq üçün hansısa yollar mövcuddurmu? Öncə özünüzə hörmətlə yanaşın! Özünü münasibətə qurban vermək asandır, amma bəzən bir müddət sonra, məğlub olduğunu zənn edərsən. Həm özün, həm də partnyoruna sərbəstlik tanımaq son dərəcə vacib məsələdir. Hobbi və maraqlarınızı qoruyun və sizin üçün əhəmiyyət daşıyan şeylərdən imtina etməyin. Hər zaman öz şəxsi fikirlərinizi ifadə etməkdən çəkinməyin. Sizə maraqlı olan fikirləri aydın ifadə edin. Bir nəfərin sizin “hər şeyiniz” olacağını gözləməyin! Biz həyat yoldaşımız və ya partynorumuzu bəzən həddən artıq təzyiq altında saxlayırıq. Həyatda çatışmayan nəyimiz varsa, qarşımızdakı insandan gözləyirik: həm emosional söykənəcək, həm də sevgilimiz, dostumuz, yoldaş, sirdaş və maddi dəstəkçimiz olmasını istəyirik. Onlar sadalananlardan hansındasa uğursuz olduqda bütün münasibətimizi kölgə altında qoyuruq. Bəzən məsləhət, söhbət və ya dərdləşmək üçün partnyorunuzdansa bir dostunuz və ya ailə üzvünüzün yanına getmək həm sizə, həm də ona yaxşı gələ bilər. Unutmayın ki, evlilik və ya partnyorluğunuz həyatınızdakı əsas münasibət olsa da, yeganə münasibət deyil.
Psixoloq Arzu Qurbanlı bu haqda araşdırmalarını bölüşərkən bildirir ki, sevgidə, evlilikdə, dostluqda – hər üç məhfumun başlanğıcında, bünövrəsində bir-birini daha yaxşı anlamaq, başa düşmək və xasiyyət uyğunluğu durur. Əgər insanlar bir-birini anlamaz, başa düşməzsə, heç bir dostluqdan, sevgidən söhbət belə gedə bilməz. Arzu xanım həmçinin vurğulayıb ki, uğurlu münasibətlərə mane olan şərtlərdən biri də xəyanətdir. Əgər bir münasibətdə xəyanət varsa, həmin münasibət heç vaxt uzunmüdətli ola bilməz. Tərəf olaraq qarşındakını sıxmaq, güvənmədiyini hər addımda önə çıxartmaq da uğursuz münasibətə gətirib çıxaran amillərdəndir. Partnyoru sıxmaq yox, ona sağlam və kamil münasibət bəsləmək lazımdır. (Xeberle.com)