Bulimiya – iştahanın kəskin artması, tutma şəklində başlaması, əzabverici ağrı, ümumi zəiflik və s. ilə xarakterizə olunan qida qəbulu pozuntusudur.
Bu pozuntuya bir çox xəstəliklərdə – mərkəzi sinir sistemi, endokrin sistem, psixi pozuntu hallarında təsadüf olunur. Müxtəlif mənfi həyəcanlar – iflas, müvəffəqiyyətsizlik, qəbul olunmama, cəmiyyət tərəfindən təcrid olunma, yalnızlıq, hirs və yaxud müsbət reaksiyalar – vəzifənin artması, nəyinsə qeyd olunması başlanğıc amil ola bilər.
Narahatlıqlarını aradan qaldırmaq üçün belə şəxslər dayanmadan tez-tez yeyir. Bulimiyadan əziyyət çəkən şəxslər çəkini nəzarətdə saxlamaq üçün süni yolla qusma aktı həyata keçirir, işlədicilərdən, sidik qovuculardan istifadə edir. Hədsiz qidalanma, mədə-bağırsaq sistemini məcburi təmizləmə çox ciddi pozuntulara – nevrastiniyadan tutmuş yaxınlarla əlaqənin və həyata marağın itirilməsinə, dərman və narkotik maddələrdən asılılığa, hətta ölümə belə gətirib çıxarda bilər.
İnkişaf səbəbləri:
– Stress
– Özünü qiymətləndirmənin aşağı olması
– Beyində kimyəvi maddələrin və hormonların disbalansı
– İrsiyyət
Diaqnostik göstəricilər:
- Şəxs periodik olaraq qidalanır və qısa müddət ərzində böyük miqdarda qida qəbul edir.
- Qəbul edilmiş artıq qida piylənməyə gətirib çıxarda bildiyi üçün belə şəxslər aşağıda sadalananlardan bir və ya bir neçəsini həyata keçirdir: süni qusma yaradır; işlədicilərdən sui-istifadə edir, iştahanı azaldan preparatlar – tireoid preparatından istifadə edir.
Simptomları:
- Qusma nəticəsində mədə şirəsi turşusunun təsirindən əmələ gələn damar problemləri və diş minasının dağılması
- Susuzlaşma
- Qida yolunun iltihabı
- Süni qusma, qıcolmalara səbəb ola bilər (mineral və duzların disbalansı)
- Bağırsaq pozuntuları (işlədici dərmanların təsirindən)
- Qaraciyər və böyrək funksiyalarının pozulması simptomları
- Qeyri-müntəzəm menstruasiya
- Ürək xəstəlikləri
Müalicə:
Bu xəstəliyin müalicəsinə kompleks yanaşmaq lazımdır. Müalicə həkim- psixiatr, psixoterapevt tərəfindən nəzarət olunur. Bəzi pasiyentləri hospitalizasiya etmək, bəzilərini isə ambulator müalicə etmək lazım gəlir. Belə şəxslərə bədən çəkisini nəzarət etməyi öyrətmək lazımdır. Dərman kimi əksər hallarda antidepresantlardan istifadə olunur.
Profilaktik tədbirlər
- Ailədə sağlam şərait yaratmaq,
- Şəxsdə sağlam özünü qiymətləndirmənin tərbiyə edilməsi,
- Qida maddələri mükafatlandırıcı vasitə kimi istifadə edilməməli
Psixologiya və Konsultasiya Mərkəzinin klinik psixoloqu Elşən Mustafayev
Saglamolun.az