Oktyabr ayını başa vururuq. Amma həsrətlə gözlədiyimiz yağışlı payız havaları hələ də bizi intizarda saxlayır. Adətən noyabr ayına az qalmış havalar soyuyar, yağış, bəzən hətta qar yağardı. İndi isə havalar isti keçir, bir neçə ildir Bakıda ümumiyyətlə qar yağmır. Görəsən bunun səbəbi nədir? Belə hava şəraitinin təbiətə və insan orqanizminə hansı təsiri var?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir: “Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında 21-25, dağlıq ərazilərdə 18, Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından 2 dərəcə yüksəkdir. Ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub. Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və 27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci ildə Bakıda 32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır”.
Tibb üzrə ekspert, professor Adil Qeybulla bildirdi ki, havaların həddən artıq isti keçməsi insanların fəslə uyğun geyim seçməsinə mane olur. Gün ərzində havanın isti və yaxud soyuq olması hər kəsi çaşdırır. Buna görə də bədən temperaturunu qorumaq mümkün olmur: “Belə hallar soyuqdəymə xəstəliklərinin yaranmasına və geniş yayılmasına səbəb olur. İsti havada viruslar daha da fəallaşır. Oktyabr ayının son günləri yaz-yay havasına bənzəyir. Əlbəttə ki, bu, anomal vəziyyətdir. Bu anomal havalar virus xəstəliklərinin artması üçün əlverişli şərait yaradır. Payızda qrip və soyuqdəymə xəstəlikləri hər il artır. Belə havalar isə xəstəliklərin daha da artmasına səbəb yaradır. Ona görə də çalışmaq lazımdır ki, müəyyən qoruyucu vasitələrdən, tibbi maskalardan istifadə olunsun. İctimai nəqliyyatda, insanların kütləvi toplaşdığı yerlərdə diqqətli olmaq lazımdır. Bu xəstəliklərin daşıyıcıları dərsə, işə, məktəbə gedirlər. Bu da sağlam insanların xəstəliyə yoluxmasına səbəb olur. Həmçinin havaya uyğun paltar geyinmək lazımdır. Qeyd edim ki, bu məsələyə xüsusilə diqqət edilməlidir. Səhərlər və axşamlar hava nisbətən sərin, günortalar isə çox isti olur. Ona görə də geyim seçərkən belə məsələlərə diqqət etmək lazımdır. Payız fəslində bədənin immun sistemi zəifləyir və orqanizm temperatur dəyişməsinə uyğunlaşa bilmir. Ona görə də özümüzü bu xəstəliklərdən qorumalıyıq. Mütləq idman və fiziki hərəkətlə məşğul olmaq lazımdır. Əzələləri tonusda saxlamaq lazımdır ki, bədənin müqaviməti güclü olsun”.
Coğrafiya elmləri doktoru Çingiz İsmayılov deyir ki, ciddi narahatlığa əsas yoxdur: “Oktyabr ayında havaların dəyişkən keçməyi təbiidir. Temperatur bəzən arta, bəzən isə aşağı düşə bilər. Bu, tamamilə təbii haldır. Azərbaycanda iqlim əsasən şimal-qərb, cənub xəzri və gilavar kütlələrinin axını ilə formalaşır. İndi Rusiyanın Avropa hissəsində isti hava hökm sürür. Bu da Azərbaycana təsirsiz ötüşmür. Əslində burada qeyri-adi heç nə yoxdur. Belə hallar zaman-zaman baş verir. Havaların isti keçməsi müvəqqətidir. Bir həftədən sonra temperatur normaya düşəcək. Əgər bu isti hava bir ay da davam edərsə, onun nəticələri ağır ola bilər. Yüksək ehtimalla temperatur qısa bir zamanda aşağı düşəcək və tədricən havalar soyumağa başlayacaq. Belə hava şəraitini qlobal dəyişikliklə əlaqələndirmək düzgün deyil. Qlobal iqlim dəyişikliyi belə qısa müddətdə büruzə verə bilməz. Qlobal istiləşmə özünü illik temperatur rejiminin formalaşmasında büruzə verə bilər. Orta aylıq temperatur isə 30-40 gün ərzində formalaşır. Oktyabrın əvvəlində havanın temperaturu indikindən 5-7 dərəcə aşağı idi. Bu, qısamüddətli iqlim dəyişmələri prosesidir və ciddi narahatlığa əsas yoxdur”.
Mütəxəssis Günay Məmmədova isə deyir ki, bütün bunlar qlobal iqlim dəyişmələrinin nəticəsi kimi qiymətləndirilməlidir: “Payızın ikinci ayı adətən yağışlı keçir. Bu il isə adət etdiyimizdən fərqli hava şəraiti hökm sürür. Əslində, bu, qlobal iqlim dəyişikliyinin nəticələridir. Qlobal iqlim dəyişikliyi dünyanın bəzi bölgələrində qasırğaların, sel və daşqınların artmasına səbəb olub. Həmçinin davamlı quraq havanın da təbiətə bir çox mənfi təsiri var. Bu, ilk növbədə insanların və heyvanların həyatı üçün ciddi təhlükə hesab olunur. Dəyişikliyə tab gətirməyən bitki və heyvanların nəsli kəsilir. Ekoloji tarazlığın pozulması artıq bizdə də özünü büruzə verir. Bir neçə ildir ki, Bakıya qar yağmır. Belə isti havanın isə müxtəlif sahələrə zərəri var. İlk növbədə aqrar sahəni qeyd etmək lazımdır. Çünki yağış yağmadıqda, məhsuldarlıq da aşağı olur. Artıq bəzi regionlarda su qıtlığı problemi aktuallaşmağa başlayıb. Digər tərəfdən, isti hava insan sağlamlığına da zərərlidir. Anomal hava, maqnit dalğaları insanlarda halsızlıq, baş ağrıları yaradır. Temperatur dəyişmələri müxtəlif virus xəstəliklərinin sayını artırır”.
Şəbnəm