Bu yay turizm sektoru üçün itirilmiş il olduğu kimi, vətəndaşlar üçün də yay istirahəti baxımından itirilmiş bir il oldu. Belə ki, pandemiya səbəbindən ölkəmizdə sərt karantin rejimi tətbiq olunduğundan rayonlararası gediş-gəliş də bağlıdır. O cümlədən çimərliklərin işləməsinə də icazə verilmir. İnsanlar yay istirahətinə gedə bilmədikləri üçün psixoloji olaraq qızmar yay günlərini gərgin keçirirlər.
Hamı təbiət qoynuna, çimərliklərə getmək istəsə də, görünən odur ki, yay fəslinin sonuna kimi bu mümkün olmayacaq. Paralel olaraq, karantin qaydalarını, cərimələri, maddi sıxıntıları da əlavə etsək, əhalinin əksəriyyəti bir psixoloji boşluq içərisindədir ki, bunun da fəsadları sonrakı dövrdə özünü göstərə bilər. Bəs belə durumda nə etmək olar? İnsanların psixoloji durumunun düzəlməsi üçün nələrin dəyişməsinə ehtiyac var?
Psixoloq Azad İsazadə bildirdi ki, bu sualı cavablandırmaq çox çətindir, çünki davamlı olaraq oyun qaydaları dəyişir: “Vətəndaş əmin deyil ki, bu gün icazəsi var və harasa istirahətə gedirsə, sabah qaydalar dəyişəcək və onun istirahəti peşmançılıqla bitəcək. Ona görə də, insanlar heç nə etməməyə çalışır. Bu birmənalı olaraq mənfi təsir edəcək və daimi olaraq karantində yaşamaq mümkün olmayacaq. Biz nə zamansa bu karantindən imtina etməliyik. Karantindən birmənalı imtina etmək doğru deyil, ancaq hansısa məntiqli qaydalar çərçivəsində insanların istirahəti üçün tədbirlər görülməlidir. İstər gündəlik istirahət, istərsə də, uzunmüddətli tətil imkanları yaradılmalıdır. Paralel olaraq bu daxili turizmin də inkişafına xidmət edər və iqtisadiyyatı canlandırar. İnsanlar da az da olsa istirahət etmiş olacaqlar”.
A.İsazadənin sözlərinə görə, konkret təkliflər vermək çətindir, çünki vəziyyət demək olar ki, nəzarətdən çıxıb: “Bu gün rəqəmlər onu göstərir ki, biz sadəcə, vəziyyətin arxasınca qaçırıq. Birinci karantin dövründə biz vəziyyətə nəzarət edə bilirdik, onu idarə edirdik. İndiki karantində isə çalışırıq ki, vəziyyət daha pisə doğru getməsin. İnsanlar görür ki, atılan addımlar bir-birinə ziddir, əksər qərarların effektiv olmadığı ortaya çıxır. Bu da onlarda özbaşınalıq və sistemsizlik yaradır. Əhaliyə vəziyyət birbaşa izah olunmalıdır ki, bu durum uzunmüddətli olacaq. Onu elə şəxslər açıqlamalıdır ki, əhali ona inansın, sözü keçərli olsun. Bu vəziyyət 4-5 ay da, 1 il də çəkə bilər. Hökumət bütün tədbirləri görməlidir, ancaq əhalinin də fikrini eşitmək lazımdır. Vətəndaş cəmiyyəti, ictimai nüfuzu olan şəxslər də bu prosesə qoşulmalıdır. İndi hamımız kənara çəkilmişik, balaca bir qrup çıxış yolu axtarır və biz görürük ki, onlar necə özlərini itiriblər. Təklif etdikləri çıxış yolları bizi qane etmir və cəmiyyət də çıxış yolu axtarmağa cəlb olunmalıdır. Biz işin içində olsaq, özümüzü daha rahat hiss edəcəyik, hiss edəcəyik ki, biz nəsə edirik, cəmiyyətin də səsi eşidilir. İnsanlarda da psixoloji gərginlik xeyli azalacaq”.
Psixoloq vurğuladı ki, bir illik iş prosesinin yorğunluğunu, stressini ata bilməmək insanların iş potensialına da təsir edəcək: “İnsanların bir qismi 4 aydır ki, işləmir, evdədirlər. Bunun maddi tərəfini bir kənara qoysaq, onlar faktiki olaraq evdə istirahət edirlər. Ancaq onların əksəriyyəti havasız, darısqal otaqlarda yaşayırlar və bu zaman evdə oturmaq heç də istirahət deyil. Bu qədər istirahətdən də insan yorulur, üstəgəl keyfiyyətli olmayanda istənilən nəticəni də vermir. Bu hesabla dustaqlara da demək olar ki, 5 il istirahət etmisən. Burda söhbət istirahətin keyfiyyətindən gedir. Hazırki qaydalarla Bakıdan rayonlara istirahətə getmək olmaz. Ancaq kimsə, hansısa yolla Bakıdan çıxıbsa, orada istirahət edirsə, onları tutub cərimələməkdə, geri göndərməkdə məqsəd nədir? Nə fərqi var ki, virusu Bakıdan rayona və ya rayondan Bakıya gətirsin. Kim harada özünə yer tutub istirahət edirsə, ona imkan vermək lazımdır ki, qalsın. Müəyyən şərtlərlə əhaliyə istirahət zonaları yaratmaq olar. Hovuzları, SPA mərkəzlərini, idman zallarını, restoranları bağlamaq şərti ilə, yarıqapalı, amma təmiz havada olan istirahət zonaları yaratmaq mümkün olardı. Bunun üzərində düşünmək və yaratmaq lazımdır. Say məhdudiyyəti ilə buraxmaq olar ki, vətəndaşlar hissə-hissə istirahətə getsinlər”.
A.İsazadə vurğuladı ki, doğru şəkildə idarə olunarsa, vətəndaşlar qaydalara riayət etməklə, normal həyata qayıda bilərlər: “İlk karantində heç kim nə baş verdiyini bilmirdi, hamı özünü itirmişdi, ancaq yenə də qaydalara riayət olunurdu. Daha çox evdə qalmağa çalışırdılar, mağazalarda məsafə saxlayırdılar, maska taxırdılar. Bu durum 10 günə yaxın davam etdi. Deməli, insanlar əməl etməyə çalışırdılar. Gördülər ki, diqqət edən yoxdur, nəzarət yoxdur, hamı yavaş-yavaş geri çəkilməyə başladı. Avtobuslardan dezinfeksiyaedici məhlullar yoxa çıxdı, marketlərdə həmçinin. İndi çalışırlar hər şeyi dövlətin üzərinə atsınlar. Deyirlər insanlar nizam-intizamlı deyil, məgər məmurlarımız nizam-intizamlıdır? Onlar da eyni xalqın içindən çıxanlardır. Onlar nümunə göstərməlidirlər ki, nizam-intizam nədir. Elə insan qərar verən olmalıdır ki, cəmiyyət ona inansın, sözünü qəbul eləsin. Maska ilə bağlı qərar verildi, ancaq apteklərdə maska tapılmadı. Vahid strategiya yaradılmalıdır. Gürcüstanda olduğu kimi. 3 peşəkara pandemiya ilə bağlı vəziyyəti tapşırdılar, onlar tədricən bütün qurumların eyni prinsiplə işləməsinin proqramını yaratdılar. Görülən tədbirlər effektiv oldu. Azərbaycan da onların təcrübəsindən istifadə etməlidir. Rusiyalı mütəxəssislər bizə köməyə gəlib. Axı onlar öz ölkələrində vəziyyəti nəzarətə götürə bilməyiblər. Vahid struktur və vahid strategiya olmalıdır”.
Nərgiz LİFTİYEVA