Bir neçə ildir müzakirələr gedir ki, Azərbaycanda avtomobil parkı yenilənəcək, istismar müddətini başa vuran yararsız maşınlar utilizasiyaya göndəriləcək. Bunun əvəzində vətəndaşlara ucuz qiymətə və güzəştli şərtlərlə yeni avtomobil almaları üçün şərait yaradılacaq.
Belə ki, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın 7.3.7.1-ci bəndində Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək, ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnə, texniki-təhlükəsizlik və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin utilizasiya proqramının hazırlanması və tətbiqi nəzərdə tutulmuşdu. Dövlət proqramı başa çatıb, lakin proses hələ də başlamayıb. Yalnız utilizasiya vergisi tətbiq edilib.
Bu layihənin həyata keçirilməsi zamanı vətəndaşları maraqlandıran məsələlərdən biri köhnə avtomobillərin hansı qaydada utilizasiyaya göndəriləcəyi, hansı şərtlərlə yeni avtomobilləri ala biləcəkləridir. Utilizasiyası bütün ölkələrdə olduğu kimi yalnız tam könüllülük əsasında baş verə bilər və bu istiqamətdə müəyyən stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir.
Belə ki, vətəndaş könüllü şəkildə nəqliyyat vasitəsini utilizasiyaya verdikdən sonra ona təqdim ediləcək təsdiqedici sənəd əsasında yeni istehsal olunmuş avtomobil almaq istədikdə müəyyən qədər güzəşt əldə edir.
Hazırda Azərbaycanda təxminən 1,5 milyon avtomobil var. Avtomobillərin 80 faizindən çoxunun yaşı 10-30 il, 20 faizinin isə yaşı 30 ildən çoxdur. Yollarda xeyli sayda istismar müddətini başa vurmuş, texniki cəhətdən yararsız və təhlükəli maşınları görmək mümkündür.
Bir çox ölkələr avtoutilizasiya proqramı həyata keçirərək öz avtomobil parklarını yeniləyib və nəticədə həm yol qəzalarının sayı, həm də ekoloji çirklənmə xeyli azalıb. Məsələn, Rusiyada demək olar ki, 13 ildir köhnə avtomobillərin utilizasiyası proqramı qüvvədədir. Dövlət bu proqramın həyata keçirilməsi üçün federal büdcədən hər il böyük məbləğdə vəsait ayrılır.
Bu ölkədə ildə Rusiya istehsalı olan 120-130 mindən çox avtomobil satılır, dövlətin utilizasiya proqramının büdcəsi isə 50 milyard rubl (təxminən 1 milyard manat) civarında təşkil edir.
Dövlət texniki vəziyyəti bərbad olan maşınları münasib qiymətə alır və vətəndaşa yeni avtomobil almaq üçün güzəştli və uzunmüddətli kredit verir. Yerli avtomobillər belə vətəndaşlara daha ucuz qiymətə təklif olunur. Beləliklə, Rusiya öz vətəndaşlarını yerli markalara aid avtomobilləri almağa həvəsləndirir. Nəticədə son 13 ildə Rusiyanın avtomobil parkının yarıdan çoxu yenilənib.
Qeyd edək ki, Rusiyanın öz yerli avtomobil zavodları onlarla modeldə müasir avtomobillər istehsal edir və qiymətləri də çox münasibdir. Bu səbəbdən vətəndaşlar çox rahat şəkildə salondan yeni maşın ala bilirlər.
Bəs yerli avtomobil istehsalı olmayan ölkələrdə bu proses necə ola bilər? Azərbaycanda yerli model avtomobil istehsalı olmasa da, İran və Çin avtomobil modellərinin bəzilərinin yığımı mövcuddur. Bu yaxında Rusiya istehsalı “Lada” modellərinin də yığımına başlanıb. Lakin bu yerli istehsal sayılmadığından onların qiyməti elə də ucuz deyil. Ən ucuzlarının qiymətləri 18-20 min manat arasındadır. Bu halda vətəndaş özünün hazırda bazar dəyəri 3-5 min manat olan avtomobilini verib 4-5 qat qiymətə yeni maşın ala bilməyəcək, çünki dövlət onun köhnə maşınına uzağı 1-2 min manat ödəyəcək. Bu isə yeni maşının qiymətinin maksimum 10 faizini təşkil edəcək. Qalan fərqi hətta kreditə bölsələr belə vətəndaş uzun illər ayda 400-500 manatdan az olmayaraq vəsait ödəməlidir ki, bu da böyük əksəriyyət üçün mümkün deyil.
Bu halda yeganə çıxış yolu, dövlətin həmin maşınları real bazar dəyərinə alması, ölkədə yığılan maşınları və xaricdən gətirilən maşınları onlara maya dəyərinə verməsidir. Həm də faizsiz və uzunmüddətli kreditlə. Yalnız bu halda bu proqram effektli və ədalətli ola bilər. Üstəlik, həmin avtomobillərin detallarının güzətşli satışı təşkil olunmalıdır. Çünki yeni model maşınların ehtiyat hissələri çox bahadır, demək, məsələ təkcə maşını almaqla bitmir, onu saxlaya bilmək də var.
Daha bir məqamı nəzərə almaq lazımdır ki, bir sıra vətəndaşlarımız ucuz və köhnə avtomobillə yük daşıyır, xidmət göstərir, öz təsərrüfatı üçün istifadə edir və bununla dolanır. Salondan alınmış təzə maşınla o bunu edə bilməyəcək. Yeni maşının amortizasiya və təmir xərcləri dəfələrlə baha başa gəldiyindən bu maşınla həmin işi görməsi mümkün olmayacaq. Demək belə vətəndaşlara dövlət uzun müddətli kredit verməlidir ki, o ili nisbətən yeni olan və texniki cəhətdən daha yaxşı vəziyyətdə olan başqa bir işlənmiş maşın ala bilsin. Məsələn, 2-3 min manatlıq xarab maşınının əvəzinə 7-8 min manata daha yaxşı vəziyyətdə olan işlənmiş maşın ala bilsin. Bu halda dövlət onun maşınını bazar dəyərinə- 2-3 min manata qəbul etməli, ona 5 min manat krediti azı 5 il müddətinə cüzi faizlə verməlidir. Yalnız bu halda köhnə və yararsız avtomobil sahibləri bunda maraqlı ola bilərlər.
Mövzu ilə bağlı daha bir məsələ var ki, bir çox maşınların istehsal ili çox köhnə olsa da, texniki vəziyyətləri sazdır və ya demək olar ki, ideal vəziyyətdədir. Hətta yaşı 50 ildən çox olan retro avtomobillərin qiyməti çox bahadır. Dünyanın bütün ölkələrində 50-100 arası yaşı olan avtomobillər istifadə olunur, əlbəttə, texniki vəziyyətləri normal halda. Demək avtomobillərə yaşına görə yox, texniki vəziyyətinə görə yanaşılmalıdır. Əgər avtomobil texniki baxışdan keçirsə, demək, istifadəyə yararlıdır.
Və ya əksinə, elə maşınlar var ki istehsal ili nisbətən yenidir, amma ağır qəza keçirib və ya çox pis istifadə edildiyindən texniki vəziyyəti bərbad haldadır. Yəni, 10 ilin maşını 30 ilin maşınından daha pis vəziyyətdə ola bilər. Lakin bazar dəyəri 10 min manatdan aşağı deyil. Bu halda həmin maşını dövlət necə, hansı qiymətə qəbul edəcək? Sahibi o maşını 1-2 min manata verməyəcək. Bundansa detallarını söküb satsa dəfələrlə çox gəlir əldə edər.
Üstəlik, bizdə gömrük rüsumları çox yüksək olduğundan ölkəyə gətirilən yeni maşınlar da dəyərindən 2 dəfə baha olur. Deməli, insanlar tətə maşın ala bilmir və məcburən köhnələri birtəhər təmir edib istifadə edir.
Görünüdüyü kimi, bu proqramla bağlı hələ də aydın olmayan xeyli mürəkkəb məsələ var. Elə bir optimal yol tapılmalı və şərtlər elə ədalətli olmalıdır ki, köhnə avtomobil sahibləri bunda maraqlı olsun.
Ən əsası, bu proqram optimal və ədalətli şəkildə həyata keçirilsə, ölkənin avtomobil parkı 5-10 il ərzində əsaslı şəkildə təzələnə bilər. Nəticədə həm qəzaların və ölümlərin sayı azalar, həm də ekologiyamız daha az korlanar.
Elçin Bayramlı