AILE

İtirdiyimiz xüsusiyyətlər: inam – XVII YAZI

Baxış sayı: 373

“İtirdiyimiz xüsusiyyətlər” silsiləsinə başlayandan bu günədək bir vaxtlar öyündüyümüz, amma indi gündüz çıraqla axtardığımız dəyərlərdən çox yazmışam. Bu gün silsiləmin on yeddinci yazısını yazıram. Yazıların mövzusunu vaciblik dərəcəsinə görə sıralaya bilmədim, çünki itirdiyimiz bütün dəyərlər bizim üçün əhəmiyyətlidir. Bu gün inamdan yazmaq qərarına gəldim, itirə-itirə gəldiyimiz daha bir dəyərimizdən…

İnam hissi insanın ən təməl ehtiyaclarından biridir. Bu, bəzi heyvanlarda da inkişaf etmiş hissdir. Xüsusilə evcil heyvanların öz sahibinə olan inam və etibar hissləri hər iki tərəf üçün əhəmiyyətlidir. İnam hissi ünsiyyətin təməl daşıdır desək, yanılmarıq. Qarşılıqlı münasibət yaradarkən inam hissini formalaşdırmaq çox vaxt uzun çəkə bilər, amma itirilməsi üçün bircə an da kifayət edir. İnam bir çoxumuz üçün hava, su kimi vacibdir, buna görə də kiminsə etibarını qazanmaq, inamını əldə etmək biz insanlar üçün əhəmiyyətlidir. Lakin inamın, etibarın, güvənin hər gün bir az da azaldığı cəmiyyətdə onu qoruyub saxlamaq asan iş deyil.

İnam hissi ailə, dostlar, qohumlar, ətrafdakılarla qurduğumuz kontaktın mərkəzindədir. Əgər inam hissimiz olmasa münasibətlərdə sağlam bağ yaratmaq da mümkün olmaz. Əgər inanmasaq, yaşamaq da çətinləşər. Əgər finsanın özünə və ya başqalarına inam hissi kifayət qədər güclü deyilsə, onun münasibətlərində bəzi problemlər yarana bilər. Etibarlı insanlarla əlaqələr qurulduğu zaman, inam hissini də qoruyub-saxlamaq mümkündür. Lakin bəzən bizdən asılı olmayan səbəblərdən bu mümkün olmur və bizim inamımız bizim gözümüzün önündə ölür.

Qarşılıqlı münasibətlərdə güvən hissi hər iki tərəfdən də səy tələb edir. İnanmaq və inanmamaq bizim öz əlimizdədir, amma inandırmaq və inamı puç eləmək də bizim əlimizdədir. Bəlkə də bunu yazmamalıyam, amma öz inamımın yaralanması da məni narahat edir. Həmişə o fikirdə olmuşam ki, insan inanmasa daşlaşar, hissiz-duyğusuz canlıya çevrilər. Bizi inamdan iyrəndirən, etimaddan, etibardan uzaqlaşdıran da elə özümüzdəndir, insanlardır. Bizim mərhəmətimizi sümürürlər, inamımızı əmirlər. Onlar bizdəki son duyğuları da əlimdən almağa çalışırlar, bizdən aldıqları ilə cəmiyyəti məhv edirlər əslində. Biz bunun fərqindəyik, bəs onlar?

Onlardan biri səni tanımayan, ünsiyyətin olmadığı, haqqında geniş məlumata sahib olmadığın adamdır. Adətən, sosial şəbəkə vasitəsi ilə kontakt qurur, ac olduğunu, evə getmək üçün yolpulunun olmadığını, ailəsinə çörək ala bilmədiyini deyir. Adətən bunları yazarkən və yaxud səsli mesaj göndərərkən qurbanlarını seçmirlər, kimə gəldi yazırlar, “tutar qatıq, tutmaz ayran” misalı. Övladına çörək ala bilmədiyini deyən insan bizim ən həssas yerimizdir, cibindəki son qəpiyi, kartındakı son manatı da göndərirsən beləsinə. İnanırsan çünki. Nə biləsən o yazan səni və sənin kimi neçə adamı aldadır hər gün? Axı insan inamı ilə sınağa çəkilməz, biz buna inanmışıq həmişə. Aldandığını növbəti yardımistəmə mesajına qədər anlamırsan, amma ikinci dəfə təkrarlananda anlayırsan sən yardım etmək istəmisən, o səndən istifadə edib. Əgər bir gün həqiqi ehtiyaclı biri yardım mesajı yazarsa ona inanmamaq qədər təbii heç nə yoxdur.

İnamımızdan sui-istifadə edə-edə bizi daşlaşdırırlar, insanlıqdan uzaqlaşdırırlar. Yazdıqca düşünürəm, mənim inamımı nə qədər insan sümürüb bu günədək? Mən onların dürüstlüyünə inanmışam, dərdini dərdim bilmişəm, dəfələrlə yaxşılıq etmişəm, amma onlar məndən istifadə edib. Geriyə boylanıram, peşmanammı? Deyiləm. Çünki mən öz insanlığımı etmişəm, o öz pisliyini. Amma bu əməlləri ilə yaxşılıqla istifadə edilmək arasındakı o görünməz xətti siliblər. Övladının ac olduğunu dediyi üçün inanmışam, o mənim göndərdiyim pulu əyləncəyə, qumara xərcləyib. Uşaqlar bizim qırmızı xəttimizdir, mən o xəttə qıymamışam, cibimdəki son qəpiyi verdiyim adamlar qıyıb.

Dünyada aldadılmaq qədər insanı yaralayan heç nə yoxdur zənnimcə. Özünü qınayırsan, danlayırsan, məzəmmət edirsən, amma yenə aldadılmaq ehtimalın var. Çünki insansan, daş-qaya deyilsən. Yaxşı insansansa bu davam edəcək, mərhəmətindən istifadə edib inamını oğurlayacaqlar zərrə-zərrə. Hər aldadılma halı inam hissini bir az da azaldacaq, zamanla immunitet formalaşacaq, aldadılma halına qarşı təcrübəli olacaqsan və bir gün ayılacaqsan ki, heç kimə inanmırsan, güvənmirsən. Beləcə, daşlaşıb insanlığımızdan uzaqlaşırıq.

Ailədə də elədir. İnam ailənin təməlindəki daşlardan ən vacibidir. Sevgidən, məhəbbətdən, eşqdən də vacibdir. Biz inanmasaq sevə bilmərik, inanmasaq ailə ola bilmərik. Əgər bir gün inam bitərsə, eşq, sevgi nə qədər böyük olur-olsun, o ailə məhvə məhkumdur. Bir-birinə qarşılıqlı inamı olan insanlar üçün o inamın bitmə ehtimalı ürküdücüdür, çünki onların münasibətinin təməlində bu duyğunun olması hər ikisi üçün də güvən və etimad deməkdir. Bir-birinə sözsüz inanırlar, etibar edirlər və onlar üçün bu vəziyyət qeyd-şərtsiz vacibdir. İlk aldadılma halında sarsılan ailə qalası bir daha əvvəlki kimi olmur, ola bilmir.

Cəmiyyət tənəzzül edir, çünki ünsiyyətin təməli olan bir çox dəyəri sıxışdırıb çıxarırlar sosial həyatdan. Hamı hamını aldadır deyə, hamı hamıya potensial yalançı kimi baxır. Etibardan sui-istifadə edənlər, yaşlı adamların pensiyasına tamah salanlar, uşaqların müalicəsi üçün aparılan yardım kampaniyasından yığılan pulları oğurlayanlar bizi mühasirəyə alıblar. O mühasirədən çıxmaq, düzü düz, əyrini əyri görmək asan olmur, çünki münasibətlər virtuallaşıb, yardımlar elektronlaşıb, klaviaturada yazan əlin sahibini tanımırıq. Bütün bədəni yanan uşağın fotosunun arxasına gizlənib bizi aldadan atanın, əslində, heç olmadığını, dializ aparatından asılı olduğunu iddia edib minlərlə manat pul yığan qızın, ümumiyyətlə, böyrək xəstəsi olmadığını öyrənəndə iş işdən keçir. İnandığımız hər şey belə uçur, dağılır, yerlə-yeksan olur və biz altında qalıb mumiyaya çevrilirik.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir