appro

İtirdiyimiz xüsusiyyətlər – məhrəmiyyət

Baxış sayı: 386

Hamının hər şeyi göz önündə yaşamağa başladığı bir dövrdə məhrəmiyyətdən bəhs etmək nə qədər kədərlidir, deyilmi? Məhrəmiyyət sosial şəbəkələrin həyatımıza bu qədər pərçimlənməsi fonunda vacib anlayışa çevirilib, bu qədər aşınmanın fonunda onun varlığına nə qədər ehtiyac duyuruq.

Sosial şəbəkələr həyatımıza bu qədər pərçimlənəndən bəri hamı hər şeyi kamera önündə edir, özünü buna məcbur hiss edir. İnstaqramda övladının bütün məhrəmiyyətini paylaşan analar, tik-tokda bütün gününü kamera qarşısında keçirən gənclər, yaşlılar, həyat yoldaşı ilə məhrəm səhnələr çəkib paylaşan kişilər, qadınlar və daha kimlər, kimlər.

Vəziyyət o həddə çatıb ki, yataq otağından belə canlı yayım açıb sosial şəbəkədə yayımlayanlar kütləviləşib. Normal bir insan niyə yataq otağını – ən məhrəm yerini milyonlarla insana göstərsin ki? Buna niyə ehtiyac duysun? Biz yataq otağımızı özümüzün gizlimiz, girilməz qalamız hesab etmişik həmişə, atamız, qayınatamız belə bizim yataq otağımızı görməyib. Xatırlayıram, gənc qız ikən 3 bacı eyni otağı paylaşırdıq. Atamız bizim otağa girmirdi qətiyyən, bizə bir sözü olanda qapını tıqqıldadırdı barmağı ilə, qonaq otağına çağırırdı. O otaqdakı çarpayıların yeri, şkafın hansı küncdə dayanmağı, xalçanın rəngi barədə heç bir şey bilmirdi atamız. Çünki 3 gənc qızın otağı onların məhrəmi idi və ata o otağa ayaq basmaqla onların məhrəmiyyətinin toxunulmazlığını pozmuş olurdu.

Ümumiyyətlə, əvvəllər insanlar evlərində, həyatlarında etdiklərini bu qədər nümayiş etdirmirdilər. İnternetin həyatımıza girdiyi ilk illəri nəzərdə tuturam. Onda internet bir vasitə idi, A nöqtəsindəki məlumatı B nöqtəsinə daşımaq üçün bir alət idi. Sonra imkanları genişləndi, internet tanışlıqlar, dostluqlar qurmağa kömək etdi. İllər keçdikcə insanlar virtual asılılığa istiqamətləndilər, indi əksəriyyət tamamilə texno-kölədir. Gündəlik həyatındakı hər addımını, yediyini, içdiyini, geydiyini kameraya çəkib paylaşanlar sürətlə artır. Onlar bunu məşhurluq, dolayısı ilə pul üçün edirlər, lakin qazandıqları pulun əvəzində özlərindən itirdiklərini əgər bir gün nə zamansa pulla geri almaq istəsələr, dünyanın heç bir xəzinəsi buna yetməz. Bu dünyadakı heç biz ləl-cavahir, heç bir var-dövlət insanın itirdiyi ədəbi, namusu, isməti, iffəti, məhrəmiyyəti geri ala bilməz.

Kamera qarşısında pul üçün soyunanlar, ədəbsiz hərəkətlər edənlər, daha çox baxış qazanmaq uğrunda bütün dəyərlərindən keçən kütlə hər gün böyüyür. Atalar qızları ilə kamera qarşısında trend üçün biədəb hərəkətlər edir, analar azyaşlı uşağının məhrəm yerlərini göstərir, addım-addım hər hərəkətini çəkib paylaşır, ər-arvad yataqda canlı yayım açır, qızlar pul qarşılığında canlı yayımda bədəninin hər hansı bir əzasını açır, erotik rəqs edir. Xülasə, ağlınıza gələ biləcək bütün yollarla məhrəmiyyət nümayiş etdirilir.

Ənənəvi medianın qızıl dövründə bəlli media orqanları, jurnalistlər var idi və cəmiyyət onların yazısı ilə aydınlanırdı. Jurnalistin məsuliyyəti vardı, çünki onu və yazısını ciddi qəbul edən böyük bir oxucu, tamaşaçı kütləsi vardı. Amma sosial şəbəkə anlayışı həyatımıza girəndən sonra hər kəs bir kanal açıb öz xəbərini istehsal etməyə başladı. Nəticədə at izi it izinə qarışdı, nə doğru xəbər bilindi, nə yalan. Əlində smartfon telefonu olan hər kəs özünü jurnalist, reportyor hesab edir, istədiyini çəkir, istədiyini yayımlayır. Hərə öz başa düşdüyü formada şərh edir hadisəni, beləcə doğru yalan bataqlığında itir.

Bütün bunlar edilərkən nə insan məhrəmiyyəti diqqətə alınır, nə etik davranış. Kimin kimdən xoşu gəlmir şəklini çəkib paylaşır, təhqir edir. Azyaşlıları, qocaları sosial şəbəkə kloununa çevirirlər. Hərə özünə ailə üzvlərindən bir ulduz düzəldir, onun sayəsində məşhur olmağa, pul qazanmağa çalışır.

Məhrəmiyyət yalnız virtual dünyada itirilməyib. Elə real həyatda da bu xüsusiyyətdən məhrum olan minlərlə insan var. Ailə bizim ən özəlimizdir, bizə xasdır, gizlidir. Ailəsinə aid olan məsələləri başqaları ilə müzakirə edən kişilər, əri ilə özəl anlarını hamı ilə paylaşan qadınların sayı artır. Sanki hamı nümayiş üçün yaşayır, göstəriş uğrunda bir-biri ilə mübarizə aparır. Kimsə özəl gününü özəl olaraq yaşamır, hamı hamıya sübut etməyə çalışır ki, onun xoşbəxt ailəsi var. Əslində isə o nümayişin, göstərişin arxasında böyük bir deqardasiya yatır. Məhrəmiyyəti, iffəti, isməti itirilmiş ailələrin bataqlığı hər gün dərinləşir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir