usaq-it

İtirdiyimiz xüsusiyyətlər: mərhəmət – VII YAZI

Baxış sayı: 401

Elə sözlər var ki, eşidən kimi içimizə rahatlıq verir, sözün enerjisindən qəlbimizə sevgi axır. Mərhəmət sözü də bu qəbildən olan kəlmələrdəndir. Mərhəmət hissi, əslində, bu gün dünyada yaşanan bütün sosial, psixoloji, ünsiyyət problemlərinin əsas həllidir. Mərhəmət duyğusu olan insanların yaşadığı bir cəmiyyət, ilk növbədə, sevgisizlik problemini aradan qaldıracaq, sonra bir-birini başa düşməməzlik yox olacaq, insanlar ünsiyyətin ən ali formasınadək yüksələcəklər. Mərhəmətlə yoğrulan cəmiyyət kin, ədalətsizlik, neqativlə yüklənməyəcək.

Mərhəmət, birinin dərdinə yanmaq, dərdini paylaşmaq və onun kədərini hiss etmək mənasını verir. Dünya şöhrətli mütəfəkkirlərin, yazıçıların fikrincə mərhəmət hissi ən ali insani hissdir. Empatiya hissi ilə yaxın məna daşıyan mərhəmət hissi başqasının ağrısını ürəyində hiss etmək mənasında işlənir. Bəzən mərhəmət hissini empatiya, rəğbət, şəfqət, bağışlama, fədakarlıq kimi hisslərlə eyniləşdirirlər. Lakin mərhəmət hissi bu hisslərdən fərqlənir və bu hiss, qloballaşan dünyada hər gün bir az da yalnızlaşan insanlığın daha çox ehtiyacı olan duyğudur. Bu dəfə unudulan xüsusiyyətlərimizdən biri olan mərhəmət hissindən, necə mərhəmətli ola biləcəyimizdən, çevrəmizə və özümüzə qarşı mərhəmətli olmağın əhəmiyyətindən danışacağıq.

Mərhəmət vicdanı rahatladan, bizi insan olmaqdan uzaqlaşdırmayan və sağlam mənəviyyatlı edən vasitədir. Yaşadığımız dilemmalardan, gördüyümüz çətinliklərdən, qarşılaşdığımız problemlərdən, çiynimizdəki yüklərdən ancaq mərhəmətlə xilas ola bilərik. Mərhəmət hissini bir az da mehribanlıqla müqayisə edə bilərik. Mərhəmət xeyirxahlıqdır, mehribanlıqdır, sevgidir. Bu, şəxsi maraq və xeyir güdmədən başqa insanı başa düşmək istəyidir, bir növ fədakarlıqdır.

Mərhəmət hissinin insana və ətrafındakılara faydası tərəziyə qoyulmayacaq qədər dəyərlidir. Ona görə də bu hissi inkişaf etdirmək, yaymaq, insanlığı mərhəmətə yoluxdurmaq lazımdır. Aparılan sosial araşdırmalar mərhəmətin inkişaf etdirilə biləcəyini göstərir. Mərhəmət göstərən insan bu hissi ətrafına aşılayır. Mərhəmətli insanın içində eqo, kin-küdurət, nifrət olmur, mərhəmətli insanın içi qədər siması da gözəldir. İçinin gözəlliyi simasında təzahür edir çünki, insanı insan kimi formalaşdıran hissdir mərhəmət.

Yer üzündə inkişaf, tərəqqi, yeniliklər baş alıb getdikcə insani dəyərlər azalmağa başladı. İnsan övladının etdiyi hər yeni ixtira mütləq sonu yaxınlaşdırır. Robotlaşan, süniləşən həyatımız ən təmiz hisslərimizi qətl edir çünki. “Tüfəng yarandı, kişilik öldü” misalı, yeniliklər bizdən çox şeyi aldı, əvəzində önümüzə bir ekran qoydu və hamımız bütün həyatımızı o ekrana görə tənzimləyirik. İnternet, süni intellekt, robot qadınlar, süni insan fabriki hazırlıqları ilə insan övladı yaradılışı, kainatı hədələyir. Bu yolda önünə çıxan maneələri dəf etmək üçün insan mərhəməti, empatiyanı, şəfqəti silir beynindən.

İndi insan uça bilir, göyün yeddinci qatında, suyun altında yaşaya bilir, Ayı, ulduzları fəth edə bilir, atomu parçalayır, torpaqdan, küləkdən enerji düzəldir, minlərlə kilometr uzaqlığa görüntü, səs göndərə bilir, dünyanın hər yerini canlı izləyə bilir, hərəkət edən, ağlı-şüuru, dərrakəsi olan robotlar düzəldə bilir. Bir az da irəli gedərək insan düzəltmək üçün araşdırmalara başlayıb, amma əlində olanların dəyərini anlamır, bizi insan edən duyğuları, hissləri qətl edir.

Mərhəmətimiz başımıza bəla da olur bəzən. İstifadə edilirik, aldadılırıq, tora salınırıq, zərərə düşürük. Nəyə görə? İnsan olduğumuza, insani hisslərimiz tərəzidə ağır gəldiyinə görə. Bizə uzanan əli, mərhəmət istəyən gözləri görüb reaksiya verməmək olmur, insanıq axı. Amma bəzən bu reaksiyamız – mərhəmətimiz sui-istifadə edilir. Son loxmamızı bölüşdüyümüz, son qəpiyimizi verdiyimiz insanlardan aldığımız zərbə bizi daşqəlbli edir, mərhəmətimizi itiririk. Bizi biz olmaqdan uzaqlaşdırırlar, zərrə-zərrə itiririk mərhəmətimizi.

Torpağa yağan yağış da mərhəmətdir, üzümüzə düşən günəş, gecəmizi işıqlandıran ay da. Tanrının yerə bəxş etdiyi sonsuz mərhəməti insanlar bir-birindən əsirgəyir, gizlədir. Sevgiyə möhtac, mərhəmətə həsrət insanlar çoxalır getdikcə, çünki onlara verəcəyimiz mərhəməti daha öncə yalançıya, fırıldaqçıya, fürsətçiyə vermişik bilmədən. Bizim mərhəmətimizi sümürüblər, biz bilmədən, hiss etmədən. Çox çətin vəziyyətdə olan insana kömək etdiyimizi düşünmüşük, o bizdən istifadə edib. Biz ağır vəziyyətdə olan bir insana əl tutduğumuzu zənn etmişik, o bizi əbləh adlandırıb. Biz son qəpiyimizi tanımadan paylaşmışıq, o bizi aldatdığı üçün özünə afərin deyib.

Bizi belə-belə hissiz-duyğusuz robotlara, zombilərə çevirəcək pis xislətli insanlar. İnsanları yaxşılıq etməkdən iyrəndirirlər yavaş-yavaş. Küçədə ölən olsa baxmayacağımız dövrə gəlib çıxmışıq, yıxılan olanda şübhə ilə baxırıq. Biz dırnağına tikan batan insana canı-dildən yanan insanlardan, başına fəciəvi hadisə gələn birinə şübhə ilə yanaşan insanlara dönmüşük. Aldadılmaq, axmaq yerinə qoyulmamaq üçün içimizdəki şübhə getdikcə böyüyüb, şübhəmiz mərhəmətimizdin önünə keçib.

Uşaqlarımıza mərhəmət duyğusunu öyrətməyimiz də çox vacibdir, çünki mərhəmət hissini tanımadan böyüyən uşaqlar az deyil. Bunu küçədəki canlılara zərər verən uşaqları gördükcə anlamaq olur. Uşaqlar bəzən heyvanlara qarşı amansız ola, onu daşla, dəyənəklə vura və qısnaya bilirlər. Bəzən itin qulaqlarını, quyruğunu kəsən, quşların qanadını qoparan uşaqları da görürük. Heyvana mərhəmət hissi olmayan insanın insanlara da mərhəməti olmayacaq.

Mərhəmət hissimizi itirməyimizin bir səbəbi də virtual platformalar oldu. Sosial şəbəkələr həyatımıza bu qədər pərçimləndikdən sonra dələduzluq, aldatma, yalan da onlayn müstəviyə keçdi. İnsanların mərhəmətindən, inamından və etibarından sui-istifadə edən fırıldaqçıların sayı getdikcə artdı. “Virtual dilənçilər” və ya “sosial şəbəkə dilənçiləri” kimi tanınan bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çevirdilər. Yalan paylaşımlarla insanların mərhəmətini sümürərək pul tələb edən bu adamlar insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərdilər. Yalandan balasını öldürən kim, anasını qəbrə qoyan kim, yoldaşını ölümcül xəstə edən kim – hərə bir kart hesabı yayıb kömək dilənir. Onların kölgəsində qalan həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara da inamımız yox oldu zamanla.

Bütün bu olanların fonunda mərhəmətimiz itir, dəfələrlə aldadıldığımızı gördükdən, bizdən istifadə edildiyini anladıqdan sonra. Bizi yavaş-yavaş belə etdilər, zərrə-zərrə sökdülər içimizdəki ən ali duyğuları. Dünya o vaxt yaşanılası halda olmayacaq ki içimizdəki qaranlıqlar böyüyəcək, mərhəmətimizin son damlası o qaranlıqda əriyəcək. Dünyadakı son mərhəmət qırıntısı da itsə olacaqları təsəvvür edə bilirsinizmi?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir