Lale Mehrali

İtirdiyimiz xüsusiyyətlər: sədaqət

Baxış sayı: 455

Xoşbəxt ailənin düsturunu yaradan 5 vacib xüsusiyyətdən biridir sədaqət. Digərləri sevgi, hörmət, səbr və məsuliyyətdir. Əgər bu beş xüsusiyyətdən biri yoxdursa, o zaman ailənin təməli də bərk olmur. Biz isə bu gün həm ailələrdə, həm də ümumilikdə insanlar arasında getdikcə azalan, itirilən, bütün dövrlərdə mahnılara, şeirlərə mövzu olan, aşiqlərin sevdiyində axtardığı sədaqət anlayışından bəhs edəcəyik.

Bəzən iddia edirlər ki, əgər ailədə eşq, sevgi varsa, o zaman sədaqətə ehtiyac da yoxdur. Lakin unudurlar ki, bütün sevgilərin təməlini sədaqət təşkil edir. Əgər sədaqət tərkibli olmasa nə eşq, nə sevgi təkbaşına ailəni qoruyub saxlaya bilməz. Nikah həm əqddir, həm də əhddir və hər ikisinə əməl etməyin yolu sədaqətdən keçir. Necə böyük ekşqlər bir göz qırpımında bitir, necə böyük sevgi ilə qurulan ailələr dağılıq – sədaqət olmadığı üçün.

Sədaqət anlayışı yalnız evlilik anlayışı ilə məhdudlaşmayan, həyatın bütün istiqamətlərində ehtiyacımız olan xüsusiyyətdir. Sədaqət etibarın, inamın sığortasıdır desək, yanılmarıq. Vətənə sədaqət, ailəyə, həyat yoldaşına sədaqət, dostluğa, yoldaşlığa sədaqət – hamısının təməlində sevgi var, amma sevmədiyi işinə də sadəqətli olur dürüst insanlar. Sədaqət çox şeyin əsasını təşkil edir -münasibətlərin, ailə bağlarının, yoldaşlıqların, dostluqların.

Ümumiyyətlə, sadiqlik və sədaqət bir ölkəyə, bir inanca, bir dinə, ailəyə, işinə, münasibətlərinə bağlılıqdır. Kimin sədaqətli, kimin sədaqət obyekti ola biləcəyi isə mübahisəlidir, çünki sədaqətin qarşılıqlı olub-olmaması da münasibətlərə ciddi formada təsir edir. Ailədə bir tərəfin sədaqətli, digərinin olmaması nikahın üzunömürlülüyünü kəskin formada azaldır.

Sədaqətli insanlar etibarlı, dürüst şəxsiyyətə sahib olan insanlardır. Sədaqətli insanlar həmişə dostluqda, iş mühitində, ailədə uğur qazanır. Çünki sədaqətli insanlar öhdəliklərinə sadiq qalır, dürüst olduqları üçün yalandan çəkinirlər, başqalarının hisslərinə hörmət edirlər. Sədaqətli insanlar güclü əxlaqi xüsusiyyətlərə malikdirlər, nizam-intizamlı olurlar. Onlar təvazökar olurlar və başqalarına hörmətlə yanaşırlar. Sədaqətli insanlar başqalarının sirlərini qoruyur və etibarlıdırlar, buna görə də həmişə dostluqda və münasibətlərdə dəyərli tərəf müqabili olurlar.

Bəlkə də indiki dövrdə olduğu qədər heç bir dövrdə bu qədər ehtiyac duyulmayıb sədaqət anlayışına. Ölkəmizdə qurulan hər iki ailədən biri boşanır və səbəblər arasında sədaqət əhəmiyyətli paya malikdir. Ailələrdə tərəflər arasında inam, etibar, sədaqət kimi anlayışlar ya əvvəldən olmur, ya da ilk çətinlikdə yox olur. Xəyanət səbəbi ilə boşanan ailələrin sayı getdikcə artır. Bir vaxtlar yalnız bəzi kişilərdən gördüyümüz sədaqətsizlik, xəyanət kimi əməllər indi qadınlar arasında da yayılıb. Arvadının başqa kişi ilə münasibətini öyrənən, bunun üçün ya boşanan, ya da öldürən kişilərin sayı artır. Bəsit görünən, lakin yoxluğunda ölümə belə səbəb olan sədaqət anlayışı sadəcə sözdən ibarət deyil deməli.

İndi dostluqlar da asanlıqla pozulur, sadiqlik olmadığı üçün. Yoldaşlıqlar bir göz qırpımında bitirilir, sədaqət anlayışı olmadığı üçün. Bir-birinin ayağının altını qazan, ən yaxın yoldaşının sirrini aləmə car çəkən, dostluğuna xilaf çıxan, hər fürsətdə münasibəti pozmağa hazır olan insanlar da bilmir sədaqətin nə olduğunu. İnsanlar addımbaşı kələk gəlir, hamı bir-birini aldadır – ər arvadını, arvad ərini, dostlar bir-birini, müdir işçini, işçi də müdirini. Yalan hamının ağzında saqqız olub, söz verib əməl edənlər, əhdinə vəfa göstərənlər, verdiyi vədə sadiq qalanlar hər gün azalır. Sözü qanun, vədi ayə olan insanlar qəhətə çıxır.

Sədaqətimizin ən müqəddəs ünvanı dəyişilməz olub həmişə – Vətən. Vətənə olan bağlılığımız, sədaqətimiz isə bütün dövrlərdə pik həddə olub. Biz vətən üçün son damla qanını axıdan qəhrəmanların nəslinin davamçısıyıq. Babək 22 il vətənə olan sədaqəti üçün dirənə bilib, Tomris ən qatı düşmənini vətən sədaqəti üçün yenə bilib, Cavad xan Gəncəyə olan sədaqəti üçün mübarizə aparıb, Cavanşir yadellilərə qarşı ölkəsinə olan sədaqətindən güc alaraq döyüşüb, Şah İsmayılı uşaq yaşda taxta çıxaran səbəblərin və siyasətinin əsasını da vətən sədaqəti təşkil edib. Azərbaycanın bütün tarixi vətənə olan sədaqət üzərində qurulub. I və II Qarabağ Müharibələrində vətən üçün şəhid olan minlərlə azərbaycanlını cəbhəyə aparan da bu hiss idi – vətənə olan məhəbbət, sevgi, sədaqət.

Sədaqət yalnız lüğətdəki söz deyil, əməldir, əhddir, anddır, həyat tərzidir. Ən böyük sədaqətimiz isə bizi yaradanadır. Ona təslim ola biliriksə, ondan başqa yaradanın olmadığını qəbul ediriksə, ona olan sevgimiz, inamımız, etibarımız tükənməzdirsə, hələ içimizdə sədaqət və sadiqlik anlayışı var deməli.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir