İnsanda bir dəyər kimi qiymətləndirilən və şəxsiyyətin mənəvi-ruhi səviyyəsini ifadə edən bir neçə təbii xüsusiyyət var ki, onlardan biri də də utana bilmək, bəzən isə utananda qızara bilməkdir. Utanmaq təkcə utanmaq deyil, utanc anında bu hissi iliklərinə qədər yaşamaqdan gedir söhbət və qızarmaq bu vəziyyətin göstəricisidir.
Utanmaq bəlkə də ən təməl insani duyğulardan biridir. Psixoloqlar onu insanın özündə hiss etdiyi hər hansı çatışmazlığa reaksiyası kimi xarakterizə edir. Yəni sizin hər hansı bir çatışmazlığınızın fərqində olan insanlara qarşı keçirdiyiniz hiss utanmaq adlandırılır. Lakin bu hiss həm də təvazökarlığı təmsil edir. Belə ki, təriflənəndə, öyüləndə qızarmaq, utanmaq kimi əlamətlər təbiətcə təvazökar olan insanlarda müşahidə edilir. Yəni, utanmaq heç də həmişə çatışmazlıq duyğusunun göstəricisi olmur.
Yalanımızın üstü açılanda, günahımız ortaya çıxanda, etmədiyimiz bir şeyi etmiş kimi görünəndə, təriflənəndə, danlananda – çox fərqli vəziyyətlərdə yaranan duyğudur utanmaq. Utanc hissi əsasən davranışlarımızı tənzimləməyə kömək edir, buna görə də funksionaldır. Lakin həddən artıq utancaq olmaq bizim sosial əlaqələr qurmağımıza mane olur, bu hissin ifratı bizi ünsiyyətdən qaçmağa, içimizə qapanmağa vadar edə bilər.
Utanmaq əslində həm də görünməz olmaq hissini xarakterizə edir. “Utandığımdan yerin dibinə girdim”, “yer yarılsaydı, o anda yerə girərdim”, “utandığımdan öldüm” kimi ifadələr utanc hissinin bizə yaşatdığı o görünməz olmaq hissinin təzahürüdür.
Günümüzdə utanmaq anlayışı bir az yad kəlməyə çevrilib. Utanmağın yeri, zamanı, qaynağı da unudulub. Bizim hər hansı çatışmazlığımızı və qüsurlarımızı görən insanlara qarşı da çox az halda utanc duyğusu yaşayırıq. Amma unutmayaq ki, utanc hissi varsa, şəxsiyyətin mənliyi də var. Yəni əskik hiss etdiyimiz zamanlarda keçirdiyimiz utancaqlıq hissi belə bizim mənliyimizi, şəxsiyyətimizi, hələ də insan qaldığımızı təmsil edir.
Utanc hissini həm şüurlu, həm də qeyri-ixtiyari büruzə veririk. Utanmaq, digər duyğularımız, məsələn qəzəb, qorxu, təəccüb kimi hisslərimiz ilə müqayisədə daha şüurludur. Biz kədəri, qorxunu, təəccübü qeyri-ixtiyari göstərə bilirik, amma utanmaq duyğusu həmin anda şüurumuzla göstərdiyimiz bir davranışa da çevrilə bilər və bunun əksinə, qəfildən, fərqində olmadan utanma hissiniz də yarana bilər.
Utanc hissi bizim sosial davranışlarımızı tənzimləyir. Yəni utanmaq duyğumuz olmasaydı biz etmək istəmədiyimiz çox şeyi edərdik. Xoşbəxtlik, qorxu, qəzəb, kədər kimi əsas duyğular bəzən mədəniyyətə, olduğu cəmiyyətə görə dəyişmir. Biz hansı irqdən, hansı millətdən olursaq olaq, qorxanda, qəzəblənəndə eyni cür reaksiya verə bilirik. Amma utanmaq hissi, milli və irqi mənsubiyyətə görə dəyişə bilir. Bir avropalı ilə bir şərqlinin utanma duyğusu fərqli ola bilir. Birinin utandığı davranış və vəziyyət digəri üçün tamamilə normal qəbul edilir.
İnsan təkcə maddi varlıq deyil, material deyil, ət-qan deyil. İnsan daha çox ruhi-mənəvi şəxsiyyətdir- bu həm dini, həm elmi olaraq əsaslandırılmış aksiomadır. Bəs o zaman maddi bədənimiz ruhi bədənimizə niyə “toy tutur”? Mənəviyyatımız utanma hissini unutmaqla yoxa çıxır, bizi daha heç nə təccübləndirə bilmir, çünki utanmazların çevrəsində çox şeyi adi qəbul etməyə alışmışıq. Utanma hissi əslində, maddi bədənin günahı olduğu zaman, ruhi bədənin adekvat reaksiyasıdır. Yəni, bizi hansısa daxili qüvvə, hər hansı bir hərəkətə görə utanmağa, xəcalət çəkməyə məcbur edir və materialımız, bədənimiz utanma duyğusunu büruzə verir, qızarır, abır-həya edir.
Utanmaq insana xas duyğudur, digər canlılarda bu yoxdur. Bu hiss mənəvi dəyərlərin başında dayanan əxlaqi prinsiplərdən bizə tabe olmayanıdır. Yəni əgər səndə bu hiss varsa utanma anında özünü sözsüz ki, büruzə verəcək. Əgər yoxdursa bədən heç bir reaksiya göstərməyəcək və “arsız”, “abırsız” dediyimiz insanlar bu qəbildəndir. Abır-həyası, xəcalət hissi olmayan insan niyə, necə utansın ki?
Elə bir dövrə gəlib çatdıq ki, bu dövrün insanlarının çoxu utanmağı unudub. İndi insanlar utanmadan bir-birinə yalan danışa bilir, bir-birini aldada bilir, xəyanət edə bilir. Əvvəl utanc sayılan şeylər artıq çoxdan qürur yeri sayılır. İnsanlar intim yerlərini, məhrəmlərini belə göstərməkdən çəkinmirlər. Efirlərdə o əxlaqsızlıq qalmadı ki göstərməsinlər, telekanallar, saytlar əxlaqsızlığı, xəyanəti, murdarlığı, şərəfsizliyi, eqoistliyi, tərbiyəsizliyi normalmış kimi təbliğ etməyə başladılar. Əxlaqı olanlar burunlandı, xor görüldü. Soyunmayan tanınmışlar efirlərə dəvət edilmədi, əxlaqı donundan, donu əxlaqından qısa olanlara qaldı meydan. Utanmaq da beləcə yavaş-yavaş unuduldu, itib-batdı.
Çox az müddət ərzində qeyri-normal olan bütün davranışlar adi hala çevrildi, indi anormal bildiyimiz nə varsa cəmiyyət tərəfindən dəstəklənir. Efirdə özünə ər ya arvad axtaranlar, arvadını başqa kişi ilə tutub videosunu çəkib efirdə nümayiş etdirənlər, bir-birinin bütün paxırını milyonların gözü önündə açıb sonra heç nə olmamış kimi həyatlarına davam edənlərdə yoxdur utanma hissi. Biz daha nələr görüb, kimlərin əvəzinə utanacağıq? Daha immunitet yaranıb bədənimizdə, əvvəl bizi dəhşətə gətirən şeylər indi normal gəlir, əvvəl görüb utandığımız şeylər indi adiləşib. Qeyri-normal vəziyyətlər normallaşdıqda, anormal davranışlara göstəriləcək reaksiyalar da yoxa çıxır.
Qadınlar efirlərdə, sosial şəbəkələrdə böyük ombalarını, iri sinələrini oynadaraq baxış toplamağa başlayandan, cinsi oriyentasiyası bilinməyən insanların başqasına ağıl verməyə başlamasından, gənc qızların daha pullu ər tapmaq uğrunda bir biri ilə yarışmağa başlamasından, atalar öz övladlarını canlı yayımlarda oynadıb, söyüş söydürüb baxış qazanandan sonra utanmaq hissi kimin vecinədir ki?
“Utanma hissi insanlığı xilas edə biləcək güclü bir hissdir” deyib məşhur rejissor Andrey Talkovski.
Utanmaq hissi bizim hələ də insani keyfiyyətlərimizi itirmədiyimizi, həya, ar kimi xüsusiyyətlərə malik olduğumuzun göstəricisidir. Yad kişi yanında səsini ucaltmayan, böyük görəndə həya edən qızların, qadınların yerini, canlı yayım açıb vəhşicəsinə qışqıran, hədiyyə üçün bütün mənəvi dəyərlərini qurban verən, pul uğrunda bütün məhrəmlərini açıb ortalığa saçan məxluqlar peyda olub. Onların açdığı cığırla yerdə qalan qız-gəlin sürətlə irəliləyir – utanmaq hissini lazımsız paltar kimi əynindən soyunub arxasına ataraq. Sözün həquiqi mənasında soyunurlar, həm utanmaq hissini, həm də normal geyimlərini. Utanmağı olmayanın geyimi olsa nə olar ki?!
Lalə Mehralı