Hansı əl, hansı dildə, hansı qələmlə yazırsa yazsın, nə cür adlandırılırsa adlandırılsın, fərqi yoxdur- vicdan sözü hər dildə, hər millətdə, hər cəmiyyətdə eyni mahiyyət daşıyır. Mənasını hamı anlayır-içimizin güzgüsü. Vicdan və insan kəlmələri əslində eyni mənanı verir- insansansa vicdanın var və ya vicdanın varsa insansan. Ona görədir ki, birinin özəlliklərindən danışanda “çox insan adamdır” deyirik. Adam olmaq asandır, insan olmaq çətindir çünki. Bizin insan edən xüsusiyyətlərin ən başında vicdan dayanır.
Fransız yazarı və filosofu Mişel De Monten deyir ki “vicdan həm özümüzü kəşf etməyimizə, həm də özümüzü qınamağımıza və ya günahlandırmağımıza səbəb olur”. Əslində düşüncələrimiz, əməllərimiz və hiss etdiklərimiz nə zamansa bir-biri ilə zidd düşəndə onların önünə vicdan dediyimiz sədd çıxır. Bunu bir növ qoruyucu kimi də düşünmək olar. Yəni vicdanın səsi əslində daxili ədalətimizin ifadəsidir.
Vicdan fövqaladə güc, üstün bacarıqdır artıq, hər adamda yoxdur. Vicdan insan olmaq, insan ola bilmək yolunda bizə kompasdır, yol xəritəsidir. Əgər dini tərəfdən baxsaq vicdan anlayışı “ruhun səsi” adlandırılır çox vaxt. Vicdan əslində yaradanın ruhumuza bəxş etdiyi insaf və mərhəmət hisslərini də idarə edən nəsnədir. Bizi doğru və insani olan istiqamətə yönəldir. Haqsızlıq qarşısında qalanda içimizdən üsyan etmək, haqsızlıq edildiyini görəndə etiraz etmək, haqsızlıq etdiyimiz zaman əzab çəkməyin adıdır vicdan. Başqa sözlə ifadə etsək, vicdana ruhumuzun maddi olmayan, əl ilə tutulmayan, materialı olmayan gücü-qüvvəti də demək olar.
Dövrümüzdə günü-gündən azalan, gördüyümüz, hiss etdiyimiz, şahid olduğumuz yerdə bizi təəccübləndirən şeydir vicdan. Əslində inancımıza, həyatımıza, işimizə baxdıqda vicdani tərəflərimizin hansı səviyyədə bizi qane etməsini də aydınlaşdıra bilirik. Etdiyimiz yaxşılıq, etmədiyimiz pislik vicdanımızın qidasıdır. Dinlər vicdanı yaradana açılan bir pəncərə kimi ifadə edir, hüquq vicdanı ədalət hissiyyatı kimi şərh edir. Həqiqi insan olmanın yolu həmişə oyaq olan bir vicdandan keçir. Yatmış vicdan insanın səbəb olacağı faciələrin başlanğıcıdr çünki.
Təəssüf ki, bir çoxları müəyyən siyasi, dini dairələrin mənafeləri üçün işləyərək dindən, inancdan öz məqsədləri üçün yararlanmağa çalışır. Üzdə mələk kimi, Allah adamı kimi görünərək pərdənin arxasında öz xalqına, öz ölkəsinə qarşı qara işlər görür. Vicdanı qara adamlar bir gün ifşa olunanda, “vicdan məhbusu” olur. Vicdanın özü ilə də manipulyasiya eləyən vicdansızlardan bir qrupu da bunlardır.
Günümüzün ən ciddi problemlərindən biri olan virtual dilənçilik də vicdan istismarıdır. Bu, dövrün mədəni dilənçiliyi, vicdanımızın sığallanaraq istismar edilməsdir. Əgər sosial şəbəkə istifadəçisinizsə onda hər gün onlayn yardım istəyən insanları görürsünüz yəqin. Sosial dünyanın virtual dostluqlarının ümumiləşmiş vicdanı bu kimi halda çox köməyə yetir, eyni zamanda bir çox hallarda da o vicdan istismara məruz qalır. “Uşaqlarım acdır, yeməyə ehtiyacımız var”, “övladım xəstədir, həkimə apara bilmirəm”, “anamın əməliyyatına pul lazımdır” tipli mesajlar hamımıza göndərilir. Siz mərhəmətinizə yenilib o yardımı edirsiniz, amma o vicdansızlar asan qazanc mənbəyini sənin, mənim, onun vicdanı üzərindən yaradırlar.
İnsanların ən həssas yerinə xitab edən videolar çəkərək, şəkillər paylaşaraq sonuncu qəpiyimizədək sümürmək istəyən bu insanlar dolayısı ilə vicdanımızın qatilidir. İndi bizdən kömək istəyən hamıya şübhə ilə baxırıq, mərhəmətimizdən sui-istifadə edənlə etməyən arasındakı fərqi tapmaq isə həmişə mümkün olmur. Yəni, bəzən qurunun oduna yaş da yanır və biz beləcə məcburi vicdansızlara çevrilirik.
İndi vicdan anlayışı don dəyişdirməyə məcbur olur, məcbur edirlər. Mərdi qova-qova namərd edirlər yəni. İndi başqası üçün narahat olan, başqasının dərdinə yanan, kədərinə ağlayan, birinə zərər verməkdən çəkinən, təmənnasız kömək edən insanların sayı barmaqla sayılacaq qədər azalıb. Biz başqasının problemindən özümüzə çıxar, gəlir yaratmazdıq, indi edirik. Biz başqasının ayağının altını eşib öz ayağımızın altını yüksəltməzdik, indi edirik. Biz fərqində olmadan nələr edirik, vicdanımız içində əlləri ilə gözlərini bağlayıb oturandan bəri…
İçimizdəki ən böyük hakimin adı vicdandır. Ruhi biliklər vicdanı Tanrının içimizdəki mücəssəməsi kimi xarakterizə edir. Vicdan təsvir edilmir, yaşanır, hiss etdirilir, ötürülür. Bəzən vicdan dünyanın bütün ədalət sistemlərini kənarlaşdıra, öz ədalətini diqtə edə bilir, biz bu kimi hallarda “insanlıq qələbə qazandı” deyirik. Dində, fəlsəfədə, psixologiyada, hüquqda, sosiologiyada və ədəbiyyatda vicdana müxtəlif mənalar verilir, izah edilir, ayrı-ayrı cəmiyyətlərdə fərqli formalarda təzahür edir. Amma əgər dünyanın xilası, yaxşılığı üçün çalışırıqsa qlobal vicdan anlayışını var etməliyik. Tək əlin səsi yoxdur. Amma əllər birləşdikcə onların yaratdığı səs-səda qlobal olur, yaxşlıq, vicdani nümunələr sıxışıb bir cəmiyyətdə qalmır, ayaq açır yeriyir. Vicdan yoluxucu olmalıdır, epidemiya olmalıdır. Vicdansızlar vicdanlıların vicdanına yoluxmalıdır.
İçimizdəki vicdanı gözlə görmək, dərk etmək çətindir, vicdanı yatanlar bunu iddia edə bilər. Amma əgər başqa bir canlının yarasını öz bədənində hiss edirsənsə, ac olan bir pişiyə yemək verirsənsə, pəncəsi yaralı bir itə kömək edirsənsə, çətinliyi olan birinə bacardığın qədər əl tutursansa, kiminsə çıxılmaz vəziyyətlərində ruhun sıxılırsa sənin içindəki vicdan yatmayıb, oyaqdır. Onu daim oyaq saxla, bu dünyanın vicdanı oyaq insanlara olan ehtiyacı çörəyə,suya,oksigenə olan ehtiyacdan daha çoxdur.
Lalə Mehralı