Xəbər verdiyimiz kimi, iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində iki uşaq anası 27 yaşlı Aytəkin Quliyeva itkin düşüb. Yerli mətbuatda yayılan məlumatlara görə, itkin düşən xanımın atası Məzahir Quliyev qızının öldürülməsi ilə bağlı iddia irəli sürüb:
“Dünən mən və əlavə 8 nəfər qohumum qızımın azyaşlı uşaqlarını çağırıb ayrı-ayrılıqda danışdırdıq və analarını sonuncu dəfə nə vaxt gördüklərini soruşduq. Uşaqlar qızımın öldürüldüyünü dedilər. Uşaqları məndən başqa 8 nəfər danışdırdı. Hamıya eyni sözləri dedilər. Uşaqlar bildirdilər ki, həmin gün analarını babası başından vurub və sonra da başından qan axa-axa maşına qoyub aparıb. Yəni Aytəkini qayınatası baş nayihəsindən küt alətlə vurub, Aytəkin özündən gedib. Sonra da qayınatası Aytəkini sürüyərək maşınına qoyub aparıb. O gündən sonra uşaqlar analarını görməyiblər”.
Həmçinin qeyd olunub ki, itkin düşən gəlinin qayınatası meşəbəyi işləyir və çox güman ki, onu öldürərək cəsədini meşədə basdırıb.
Gəlinin ölümündə ittiham olunan Məzahir Əhmədov Azvision.az–a açıqlamasında haqqında deyilənləri yalanlayaraq bir sıra mətləblərə aydınlıq gətirib.
O, qudasının dediki fikirlərin tamamilə yalan olduğunu, gəlinin öz istəyi ilə evdən qaçdığını bildirib: “Bunlar tamamilə yalan və iftiradır. Nə mən, nə də oğlum Aytəkinə əl qaldırıb. Həmin gün səhər saatlarında hamımız bir süfrə arxasında əyləşib yemək yedik. Sonra oğlum inəkləri dağa otarmağa apardı. Mən də nəvələrimi bağçaya apardım, sonra da ot biçməyə getdim. Biz gedəndə gəlin evdə tək qaldı. Onu heç kim öldürməyib. Aytəkin evdən çıxanda bütün paltarlarını yığıb, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsini də özü ilə götürüb. Evdə beş manat pul olub, onu da aparıb”.
M.Əhmədovun sözlərinə görə, kənd sakinləri həmin gün Aytəkini çayxananın qarşısından keçərkən görüblər: “Həmin şəxslər polisə ifadə veriblər. Bildiriblər ki, Aytəkinin əynində qırmızı kofta və şalvar olub. Həkim gün Aytəkin rayon avtovağzalında da görünüb. Avtovağzaldan bu məlumatı təsdiqlədilər.
Şübhələndiyimiz bir məqam var. Bir dəfə mən gəlinin əlində telefon tutmuşdum. Hansı ki, onun mobil telefonu yox idi. Soruşdum ki, kimin telefonudur. Dedi ki, qonşu qızınındır. Polis həmin qızdan ifadə aldı. O, bildirdi ki, telefon onun yox, Aytəkinin olub. Aytəkin onu məcbur edib ki, desin telefon mənimdir. Qonşunun qızı polisə ifadəsinə Aytəkinin gizli telefon işlətdiyini deyib. Bu insan gizli telefonu nə üçün işlətsin ki? Normal ana uşaqlarını atıb qaçmaz. Çox güman ki, Aytəkinin danışdığı oğlan olub, o, ərinə xəyanət edib. Bəlkə də həmin oğlana qoşulub qaçıb. Polis əməkdaşları bu iddianın inandırıcı olduğunu bildirirlər. Yalanın, oğurluğun ömrü qırx gündür. Bunun da üstü mütləq açılacaq”.
Məzahir Əhmədovun qonşuları Aytəkin Quliyevanın başqa oğlana qoşulub qaçdığını düşünürlər.
“Aytəkin ərindən gizli telefon işlədirdi. Gəlin gizli telefonu başqa oğlanla danışmaq üçün işlədər. Aytəkinin əri sakit insandır, bütün günü mal-qara ilə məşğul olur. Aytəkin yoxa çıxan gün onların evində söz-söhbət olmayıb. Olsaydı, bizim xəbərimiz olardı. Aytəkini heç kim öldürməyib. Onu əri döysəydi, uşaqlarını da özü ilə aparardı. Əminik ki, o, ərinə xəyanət etdiyi oğlanla qaçıb. Polis onları tapacaq”,-deyə qonşular bildirib.
Xatırladaq ki, 1989-cu il təvəllüdlü A.Quliyeva iyunun 14-də Tovuz rayonunun Öysüzlü kəndində yaşadığı evdən müəmmalı şəkildə yoxa çıxıb və bu günə qədər də onun harada olması barədə xəbər yoxdur.
İtkin düşən qadının atası qızının ailəsində həyat yoldaşı və qayınatası ilə tez-tez mübahisələr olduğunu bildirib. Hadisə ilə bağlı Tovuz rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.