“Bəzi işbazların xüsusi hazırlanmış proqram təminatları vasitəsilə mənzil seçim prosesini sürətli həyata keçirməsinin qarşısını almaq cəhdləri edilib. Bununla əlaqədar olaraq iki fərqli CAPTCHA kodu seçki prosesində tətbiq olunub ki, bunun da sayəsində hər hansı sürətli seçim halı qeydə alınmayıb”.
Bunu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı bildirib. O qeyd edib ki, güzəştli mənzillərin növbəti seçimi ilə bağlı sosial şəbəkələrdə narazılıqlar olsa da, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.
Qurbanlı hətta satış prosesində əlavə təhlükəsizlik tədbirlərinin görüldüyünü də bildirib.
Jurnalistin bütün cəhdləri nəticəsiz qalıb
Şikayətçilər isə MİDA rəsmisinin dediyinin əksini iddia edirlər.
MİDA-nın Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Gəncə Yaşayış Kompleksində yerləşən ümumilikdə 1189 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesində iştirak edən jurnalist Tural Tağıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, mənzillərin güzəştlə əldə etmək hüququ olan vətəndaşların sırası genişlənəndə sevinib. Çünki jurnalistlər də güzəştlə mənzil əldə edə biləcək vətəndaşlar kateqoriyasına əlavə edilib. Amma onun mənzil almaq cəhdi sistemdə yaranmış texniki qüsurlara görə uğursuz olub:
“20 ilə yaxın iş stajım olduğu üçün müraciət edə bildim. Stajım az olsaydı, subay olduğuma görə bu fürsətdən yararlanmağım mümkün deyildi. Qısası, kefimdən deyil, mənzilə ehtiyacım olduğu üçün dedim mən də müraciət edim. Sənədləri yığmağa başladım, bir həftə subaylıq haqqında arayış, Media Reyestrinə daxil olmaq, əmək kitabçamın təsdiq olunması, ASAN nömrənin əldə edilməsi kimi sənədlərin hazırlanmasına, təsdiqinə və s. proseslərə başım qarışdı. Yeganə çətinlik çəkmədiyim və mənə həqiqətən də qısa zamanda kömək edən qurum Media Agentliyi oldu. Qalan məsələlərdə bəzi çətinliklər yarandı. Daha sonra MİDA-dan cavab gəldi ki, artıq sənədlər qaydasındadır və 29 iyulda keçiriləcək məlum seçimdə iştirak hüququm var. Şəxsi kabinetimə “mənzil yarışı”na hazırlaşmaq, sınaqla bağlı demo versiya da gəldi. Bir neçə gün müəyyən saatlarda kabinetə girib sınaq kimi bir dəfə məşq etmək imkanı verildi. Elə olurdu 14 saniyə, elə olurdu 30, 40 saniyəyə məşqlər edirdim. Amma əsasən seçim məşqim 10 və 20 saniyə arasında dəyişirdi. Bu sadəcə əl öyrəşsin deyə lazım idi. Çünki bilirdik ki, real seçim günü bir az fərqliliklər olacaq, interfeys dəyişə bilər, əlavə təhlükəsizlik kodu da ekrana gələcək ki, bu da vaxt alacaq. Elə də oldu. Amma problem ondadır ki, seçim anında ləngimələr mən tərəfdən yox, sistemin özündə yarandı. Bir az donmalar, siyahının açılan kimi bütün mənzillərin artıq seçildiyinin görünməsi həqiqətən də məni məyus etdi. Ən əsası isə sürətli fiber-optik interneti olan bir ofisdə (100 Mbps) və çox güclü bir kompüterlə seçim edirdim. Amma qısa da olsa müxtəlif forsmajor hallar- donmalar və s. çıxdı. Yəni ləngimələrin, bir neçə saniyəlik donmaların olmasının məndən qaynaqlanması mümkün deyildi. Düzü müraciət edəndə bəzi həmkarlarım ürək-dirək vermişdi ki, “deyəsən mətbuatda bir sən müraciət etmisən, inşallah, şansın da gətirəcək”. Ümidli idim. Amma bu qədər arzuolunmaz bir “yarışın” öhdəsinə buraxılacağımı ağlıma belə gətirməzdim”.
Qanunsuzluqlardan sonra güzəştli onlayn mənzil satış sistemindən imtina edilməlidir
Onun fikrincə, baş verən bu qədər anormallıq və qanunsuzluqlardan sonra güzəştli onlayn mənzil satış sistemindən imtina edilməlidir: “Hərçənd bundan sonra imtina olunsa, nə faydası olacaq? Həqiqətən mənzilə daha çox ehtiyacı olanlar kənarda qalır. Mənzilə ehtiyacım olmasaydı, bu qədər gərginlik, əsəb, stress, maddi itkilərə niyə gedəydim ki? Kimlərsə kefindən müraciət edir və sosial layihədə İT bacarıqlarına görə qazanır, kimisi də mənim kimi ortalıqda sadəcə sənəd yığıb müraciət edənlərlə bağlı say artırmaqla məşğul olur. Maraqlıdır ki, daha çox problem Yasamal layihəsinin seçimində yaşanıb. Sosial şəbəkələrdə araşdırma aparsanız, canlı seçim zamanı çəkilmiş saysız-hesabsız videolar görərsiniz. Hamısı da donmalar, yaxud ən qısa zamanda evlərin seçilməsi problemləri ilə üzləşirlər. Texniki problemləri daha necə sübut edək!?”
IT bacarıqları ən yüksək olan adamlar belə MİDA-nın qurduğu sistem qarşında aciz qalır
T.Tağıyev MİDA-nın güzəştli mənzil satışından şikayətlənən ilk və son vətəndaş deyil.
IT üzrə ekspert Fərid Pərdəşunas deyir ki, MİDA seçimin ədalətli keçməsi üçün hər şeyi etməyə çalışsa da, bir şeyi nəzərdən qaçııb: seçim edən istifadəçilər evlərin siyahına çatanda, klik etdikləri evlər donub: “Əslində klik edən anda sorğunun emal prosesi “backend”də başlamış oldu. Bunu sadəcə “frontend”də istifadəçiyə göstərə bilmədilər. Buna görə də istifadəçi dəfələrlə başqa evlərə klik etdi və ya səhifəni yeniləndi. Bu donma, qazanan istifadəçilərdə də yaşandı. Amma məsələ odur ki, istənilən halda əgər seçim uğursuzdursa, bunu dərhal ekranda istifadəçiyə göstərmək lazımdır. Əks halda seçimi şəffaf olaraq qələmə verə bilməzsən. Faktiki olaraq MİDA artıq neçənci dəfədir ki, bu işin texniki tərəfini qaldıra bilmir. Burada maksimum 20,000 istifadəçidən söhbət gedir. Rəqəm elə də böyük deyil, lakin donma, tutulma, sırf texniki məsələyə görə narazılıq yaranırsa, MİDA ümumiyyətlə bu işin “daşını” atmalıdır. Artıq bu seçimlərə heç kimin inamı qalmayıb. Bu proses ümumiyyətlə ləğv edilməli, lotoreya üsuluna keçid edilməlidir. Baxmayaraq ki, mən ötən il çətinliklə də olsa qalib olmuşam. Ədalət naminə demək lazımdır ki, IT bacarıqları ən yüksək olan adamlar belə aciz qalırsa, güzəşt kateqoriyasında olan insanlar ümumiyyətlə nəyəsə ümid etməsinlər”.
Pərdəşünasın sözlərinə görə, MİDA rəsmi açıqlama yayıb ki, bütün hallar araşdırılacaq. Məsələni qəlizləşdirən hal isə odur ki, bu donan sistemlə kifayət qədər qalib var. Hansı kı, o qaliblər heç bir müdaxilə etmədən eyni donma problemini yaşayaraq qalib olublar. Amma digər tərəfdən də sistemin son mərhələdə donması iştirakçının geriyə qayıdıb seçim etmə şansını əlindən alıb. Yəni sistem açılır, evlər var, basırsan seçilmir, qəfil bildiriş gəlir ki, siz seçən ev tutulub. Burada isə artıq geriyə dönüş mümkün deyil.
“MİDA-dan özümə ev udan biri kimi deyim ki, həmin an yaşanan sevincin sonradan ləğv olunması çox pis şeydir. İndi böyük narazı kütlə var ki, bir neçə dövlət qurumuna birlikdə şikayət göndərirlər və əllərində faktlar var. Bu adamlara da haqsızsan demək olmur. Çünki son anda sistem donub və şəffaflıq təmin olunmayıb. Qaliblər isə susublar. Videoları paylaşmaq lazımdır. Mən ötən il qalib olan kimi ictimai rəyə görə videonu paylaşdım. Düzdür, udduğuma görə qan-qarğış yiyəsi oldum, amma yenə də şəffaflıq baxımıdan paylaşmaq lazımdır” – Pərdəşünas əlavə edib.
Onun dediyinə görə, Yasamal üçün son satışların olması burada böyük yüklənmə və təlabat yaradıb. Gəncə və Hövsanda isə problem yaşanmayıb.
MİDA niyə onlayn mənzil satışını izləməyə ancaq öz müşahidəçilərini dəvət edir?
Pərdəşünas şikayətlənir ki, MİDA rəsmiləri onu müşahidəçi kimi onlayn mənzil satışını izləməyə dəvət etmirlər. Öz müşahidəçiləri isə sadəcə evlərin tutulma sayını və neçə saniyəyə tutulduğunu müşahidə edə bilirlər:
“Bu, doğru deyil. Müşahidəçilərə proses tam göstərilməlidir. Evlərin qurtarmasını izləmək üçün müşahidəçi nəyə lazımdır? On minlərlə əziyyət çəkən istifadəçi olub, amma müşahidəçilərə evlərin bitmə prosesi göstərilib. Sual olunur: Müşahidəçi orada nəyə baxır? Loq fayllar hanı? Sistem niyə dondu? Dövlət serverləri niyə 20,000 nəfəri qarşılaya bilmədi? Bəlkə həmin anda DDOS hücum olub? Suallar çoxdur. Böyük ehtimalla DTX məsələni araşdıracaq. Çünki ciddi arqumentli şikayətlər var”.
Pərdəşunas onu da əlavə edib ki, MİDA gözəl layihə olsa da, hər il yaranan problem, rüşvət iddiaları əhali arasında bu sosial layihəyə olan inamı itirib.
Xatırladaq ki, iyulun 29-da Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi onlayn satış prosesində ilk mənzil seçimi oyunun başlamasından sonra 27-ci saniyədə reallaşıb. Həmin gün saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 436 mənzilin, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şosesi 8-ci km, “10L” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 510 mənzilin, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 243 mənzilin, ümumilikdə 1189 mənzilin onlayn satışı həyata keçirilib.
Onu da yada salaq ki, MİDA-nın ötən ilin sentyabr ayında keçirdiyi onlayn mənzil satışında aşkarlanan qanun pozuntuları, sistemin tez-tez çökməsi əhali arasında bu qurumun şəffaflığına müəyyən şübhələr yaradıb.
Bundan əvvəlki satış prosesi ilə bağlı DTX-nın apardığı araşdırmalar zamanı mənzillərin seçimi prosesinə kənar qanunsuz müdaxilə halları aşkarlanıb. Bu müdaxilələrdə əli olan şəxslər məsuliyyətə cəlb edilib. Bundan sonra insanların bu sosial layihədən bəhrələnə biləcəyinə ümidlər artıb. Lakin sonrakı proseslər MİDA-nın on-line satış metodundan narazı qalanların sayını artırıb.
Zülfiyyə Quluyeva