“Mənzil İstismar Sahələri (MİS) və ya daha çox “JEK” adlanan qurumlar sovet dövründən qalma və mənzil idarəçiliyinin geniş yayılmış həlqəsi olub”.
Bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyir. Ekspert bildirir ki, 2009-cu ildə Azərbaycanda Mənzil Məcəlləsi qəbul edilənədək ölkədə SSRİ-nin Mənzil Məcəlləsi (1982-ci ildə qəbul olunan) qüvvədə olub:
“2009-cu ildə qüvvəyə minən Mənzil Məcəlləsində “JEK”lərin mənzil idarəçiliyində iştirakı nəzərdə tutulmayıb. Ümumiyyətlə, belə bir qurumun mövcudluğu da yoxdur. Orada çoxmənzilli binanın üç idarəetmə forması göstərilib. Bina sakinləri ya binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, ya da idarəedici təşkilat tərəfindən idarə edilməsi üsulu seçməlidir. Məcəllənin əsas qayəsi ondan ibarətdir ki, burada sakinlər özləri qərar verməli, yaşadıqları binanın idarəetməsini seçməlidirlər. Ancaq mövcud şəraitdə vətəndaşlara belə hüquq verilmir. Bununla da əhalinin konstitusiya hüququ (xüsusən də sovet dövründə tikilən binalarla bağlı) pozulur və sakinlərin istəyi nəzərə alınmadan “JEK”lər onlara xidmət edir”.
İqtisadçı-ekspertin sözlərinə görə, 1993-cü il yanvarın 26-da qəbul edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 14-cü maddəsində qeyd edilirdi ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri ilə ancaq müqavilə əsasında bu mənzillərə (evlərə) xidmət göstərə bilərlər:
“Hazırda sözügedən qanun qüvvədə olmasa da, olduğu müddətdə də bu prosesdə pozuntu halları baş verirdi. Həmçinin bir müddət hamı “JEK”lərin ləğvindən danışır, ləğv olunması ilə bağlı qərarın verildiyini bildirirdi. Əslində vəziyyət belə deyil. “JEK”lərin ləğv olunmaması yox, əhaliyə xidmət göstərməsi qanunsuzdur. Çünki sözügedən müəssisələr rayon icra hakimiyyətlərinin kommunal xidmət idarəsi departamentidir”.
S.Əliyev əhalinin “JEK”lərə heç bir vəsait ödəmək məcburiyyətində olmadıqlarını da əlavə etdi:
“Vətəndaşların buna ixtiyarı və haqları çatır. Çünki “JEK”lər əhaliyə xidmət göstərirsə, burada mütləq müqavilə olmalıdır. Əgər müqavilə yoxdursa, ortada qanunsuzluq var və burada hər hansısa bir ödənişdən söhbət belə gedə bilməz.
Xatırladım ki, ölkə prezidentinin 2018-ci il noyabrın 30-da “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib və qanunun 13-cü maddəsinə edilmiş dəyişikliyə görə, çoxmənzilli binanın idarə edilməsi Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub. Halbuki bu vaxta qədər qanun özəlləşdirilmiş mənzillərə xidmət və onların təmiri mülkiyyətçilərin vəsaiti hesabına dövlət mənzil fondunun evləri üçün müəyyən edilmiş şərtlərlə həyata keçirilməsini nəzərdə tuturdu. Elə buna görə sovet dövründə və ondan əvvəl tikilmiş binalarda mənzil xidmətlərinin tarifləri Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” 10 mart 2000-ci il tarixli, 40 saylı qərarı əsasında müəyyənləşirdi. Həmin qaydaya görə, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin saxlanılması üçün xidmət haqqı 1 kvadratmetr yaşayış sahəsi üçün ayda 1,5 qəpik edirdi. Dəyişiklik nəticəsində özəl mənzillər üçün bu tarif ləğv olundu və xidmət haqqının müəyyənləşdirilməsi əhalinin ixtiyarına verildi.
Son olaraq qeyd edin ki, qanunvericiliyə görə bələdiyyələr bu işi artıq qurmalı idilər. Bələdiyyələrin bu işi görməsi üçün isə mütləq dövlətdən sifariş verilməlidir”.