Kemer

Kəmərsiz sərnişin sürücüyə ciddi problem yarada bilər –HÜQUQŞÜNAS YAZIR

Baxış sayı: 1. 642

Müasir avtomobillərdə sürücünün və sərnişinin təhlükəsizliyini təmin edən əsas vasitələrdən biri də təhlükəsizlik kəməridir. Təcrübə göstərir ki, yol-nəqliyyat hadisələrində təhlükəsizlik kəmərindən istifadə edən sürücü və sərnişin, kəmərdən istifadə etməyənlərə nisbətən daha yüngül xəsarət alır. Bir çox hallarda isə onlar məhz təhlükəsizlik kəmərindən istifadə etdiklərinə görə sağ qalırlar.

Hazırda dünyada istehsal olunan minik və yük avtomobillərində, eləcə də şəhərlərarası daşımalarda itifadə olunan avtobusların hamısında sürücü və sərnişinlər üçün təhlükəsizlik kəməri nəzərdə tutulub. Demək olar ki, dünyanın bütün ölkələrində sürücü və sərnişinin təhlükəsizlik kəmərindən istifadəsi məcburidir və buna görə məsuliyyət də nəzərdə tutulur. Azərbaycan qanunvericiliyinə görə, hamilə qadınlar, təlim avtomobillərinin təlimçiləri, avtomobili geriyə idarə edən sürücü və yaşayış məntəqəsi ərazisində operativ nəqliyyat vasitələrinin sürücüləri istisna olmaqla hər kəs avtomobildə təhülkəsizlik kəməri bağlamalıdır.

Sərnişinlərə gəldikdə isə 12 yaşına qədər uşaqlar, hamilə qadınlar və operativ nəqliyyat vasitələrinin sərnişinləri (yalnız yaşayış məntəqələrində) istisna olmaqla, digərləri kəmərdən istifdə etməlidirlər. Ölkə qanunvericiliyinə görə sürücü sərnişinin təhlükəsizlik kəməri bağlamamasına görə məsuliyyət daşımır. Lakin “Yol hərəkəti haqqında” qanunda göstərilir ki, sürücü hərəkətə başlamazdan öncə avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəməri bağlamasını təmin etməlidir. Yəni ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. Maraqlısı isə odur ki, sürücü sərnişinin kəmər bağlamamasına görə məsuliyyət daşımasa da, sərnişinin kəmər bağlamaması sürücü üçün kifayət qədər ciddi hüquqi problemlər yarada bilər. Məsələn, sürücünün təqsiri ucbatından baş verən yol-nəqliyyat hadisəsi zamanı sərnişin xəsarət alır və ya ölür. Belə halların bəzilərində sərnişinin xəsarət alması və ya ölməsi məhz kəməri bağlamadığı üçün baş verir. Əgər kəməri bağlamış olsaydı, sözsüz ki, ya xəsarətsiz ötüşəcəkdi, ya da ölməyərək sadəcə xəsarət alacaqdı. Amma sürücünün məsuliyyəti hadisənin real nəticəsinə – sərnişinin aldığı xəsarətə və ya onun ölməsinə görə müəyyən olunur. Məlum olur ki. sərnişinin bu məsuliyyətisizliyi ucbatından sürücü artıq cinayət xarakterli yol-nəqliyyat hadisəsində təqsirli bilinir.

Hətta özünmün bu məsələ ilə bağlı qarşılaşdıım hadisə olub. İki il əvvəl bir dayı ilə bacığolu avtomobildə gedərkən sükan arxasında olan bacıoğlu manevr qaydalarını pozmuş və nəqliyyat vasitəsi aşmışdı. Nəticədə təhlükəsizlik kəməri bağlamayan dayı avtomobildən bayıra çıxmış və elə həmin maşının altında qalaraq dünyasını dəyişmişdi. Həmin bacıoğlunu dayısının ölməsi ilə nəticələnən qəzaya görə cinayət məsuliyyətinə cəlb etmişdilər. Əgər kəmər bağlamış olsaydı bu qədər ağır bir nəticə olmayacaqdı.

Ona görə də bütün sürücülərə tövsiyyə edirik ki, bunun təkcə qanunun tələbi olmasına görə deyil, həm də gələcəkdə özlərinə yarana biləcək hüquqi problemlərin qarşısını almaq üçün sərnişinlərinin hərəkət vaxtı kəmərdən istifadə etməsini təmin etsinlər. Hətta yaxşı olar ki, kəmər taxmaq istəməyən sərnişinə bunun mümkün nəticələri də izah edilsin. Bir sözlə, sərnişinin kəmərdən istifadə etməsi onun özünü xəsarətlərdən və ölümdan, sürücünü isə ağır hüquqi problemlərdən sığortalamaqdır.

 

Ərşad Hüseynov, hüquqşünas




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir