“Gencaile.az” saytının “Tələbə bileti” rubrikasının budəfəki qonağı Kandanın Alberta universitetində Analitik kimya üzrə magistr təhsili alan Kamran Məmmədlidir.
– Necə oldu magistr olaraq xaricdə təhsil almaq qərarına gəldiniz və ən əsası niyə Kanadanı seçdiniz?
Xaricdə oxumağı məktəb vaxtından bəri arzu etmişəm. O zaman orda oxuyan azərbaycanlı tələbələrlə əlaqə saxlayaraqonlardan müsbət rəylər almışam. Həmçinin, Kanadada akademik imkanların genişliyi oranın universitetlərinə müraciət etməyimin əsas səbəbi oldu. Bakalavr zamanı 2 dəfə müraciət etmişəm, lakin tam təqaüd olmadığından iş yarıda qalıb. Daha sonra magistrə müraciət etdim və qəbul aldım.
– Maraqlıdır, Kanadaya yollanmazdan öncə hansı təəssüratlarınız var idi və orda olduğunuz müddətdə bu ölkə sizdə hansı fikirləri formalaşdırdı?
Hər şeyin yüksək səviyyədə olduğunu, insanların çox yaxşı şəraitdə yaşadığını, problemlərinin az olduğunu,təhsilin çox çətin, ancaq çox keyfiyyətli olduğunu düşünürdüm. Gəldikdən sonra burda yaşamağın həm rahatlıqlarını, həm də çətinliklərini gördüm. Burda insanlar yaxşı yaşayır ancaq deyə bilərəm ki, bu şəraiti qazanmaq üçün çox işləyirlər. Rahat deyil, yəni. Həmçinin, təhsil çox güclüdür və univesiteti normal qiymətlərlə bitirmək üçün güclü oxumalısan. Tənbələ yer yoxdu yəni, kompetitiv yerdir.
– Kanada dünyada ən mütərəqqi və ən tolerant ölkələrindən biridir. Kanadalılar hesab edir ki, onlar çox anlayışlı, hər şeyə dözümlü və hörmətlə yanaşan millətdir. Kanada xüsusən də cinayətkarlığın aşağı səviyyədə olmasına və sağlam həyat tərzinə görə yuxarı pillələrdə dayanan ölkələrdən biridir. Yaxşı təchiz olunmuş polisləri demək olar ki, istənilən vaxt istənilən yerdə sizə özünüzü təhlükəsiz hiss etməyə imkan verir. Maraqlıdır. Kanadada sizi yaxşı mənada təəccübləndirən daha nələri qeyd edə bilərsiniz?
Burda təbəqələşmə yox dərəcəsindədir, yəni varlı ilə kasıbı ayırd etmək olmur. Burda əmək haqqı yaxşıdır, tələbələr üçün iş imkanları çoxdur. Dini, mədəniyyət azadlığı var. Misal olaraq deyə bilərəm ki, istər müsəlmanlara, istərsə digər din sahibləri üçün bir çox ibadət yerləri var.
– Təhsilin keyfiyyəti necədir? “Hörmət” edib qiymət almaq təcrübəsi var?
Təhsilə dəyər vərilən yerdə keyfiyyətsizlikdən söz gedə bilməz.”Hörmət” yoxdur, ən azından mən şahidi olmamışam.
– Bakalavr kimi Azərbaycanda təhsil almısınız. İndi isə magistratura təhsili üçün artıq ikinci ildir ki, Kanadadasınız. İki ölkənin təhsil sistemi arasında hansı fərqləri müşahidə etmisiniz?
Qafqaz Universitetində bakalavr təhsilimi bitirmişəm və razı idim təhsilimdən. Bizim universitetlərdə savadlı kadrlarımız çoxdur. Ancaq elmin əsası araşdırmadır. Təəssüf ki, bizim universitetlərdə araşdırma zəifdir, səbəbi isə yetəri qədər dəstəyin olmamasıdır. Misal üçün burda hər bir professorun şəxsi laboratoriyası var və böyük məbləğdə qrant alırlar, ancaq bizdə ..
– İlk baxışdan Kanada ilə Azərbaycan arasında xeyli fərqlər var. Onlarla hansı dəyərləriniz ortaqdır, hansıları isə hələ ki, qəbul edə bilmirsiniz?
Qaldığım şəhər çox millətlidir, küçəyə çıxanda bir çox ölkədən insan görmək olur və hər birinin öz dəyərləri var. Cənubi Amerika ölkələrinin vətəndaşları ilə ortaq dəyərlərimiz çoxdur, məsələn ailə bağları. Ancaq kanadalı tanışlarımın arasındada çoxdur elələri.
– Maraqlıdır, orda gördüyünüz hansı xüsusiyyətlərin ölkəmizdə olmasını istərdiniz?
Beş il Bakıda qalmışam və ictimai nəqliyyat vasitələrindən istifadə etmişəm. Bir çox hallarda mübahisələrin şahidi olmuşam, ancaq burda şahidi olmamışam. Fiziki qüsurlu şəxslərə hər cür şərait yaradılıb, istər metroda, istər yollarda, bir sözlə, hər yerdə. Tələbələr üçün həm universitet daxili, həmdə xarici iş imkanları çoxdur. Və başqaları..
– Yerli mətbəxə uyğunlaşa bilmisinizmi? Yoxsa hələ də rasionunuzda Azərbaycan mətbəxinə aid təamlar üstünlük təşkil edir?
Burda Kanada restoranı tapmaq çətindir. Bir çox ölkənin restoranları var, favoritlərim Türk və Hindistan mətbəxləridir.
– Kanada da olduğunuz dövr müəyyən qənaətlərə gəlmək üçün az zaman deyil. Kanadalı gənclər hansı prinsiplərlə ailə qurular? Sizcə, sevib evlənirlər yoxsa məntiq evliliyi daha çox populyardır?
Bu sahədə mütəxəssis sayılmıram, ancaq məncə Kanadalılar adətən sevib evlənirlər.
-Yerli əhali ölkəmiz haqda hansı informasiyalara malikdir? Bizə münasibətləri necədir? Maraqlıdır, bizi Şərq, Asiya ölkəsi kimi, yoxsa avropalı kimi qəbul edirlər?
Bir çox insanla söhbətim olub, və onların çoxu ölkəmizi tanımır. Tanıyanlar şərq və ya avropa ölkələrinin insanlarıdır, onlar da Asiya ölkəsi kimi qəbul edirlər.
– Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ münaqişəsidir. Bilirisniz ki, müharibə təkcə cəbhədə getmir. İstənilən müharibə həm də informasiya savaşıdır. Bu baxımdan xaricdə təhsil alan tələbələrimiz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynaya bilər. Ətrafınızdakı gənclərlə bu mövzuda müzakirələriniz olurmu?
Özəlliklə ilk zamanlarda bu mövzu haqda müzakirələrim çox olub və imkan düşdükcə bu mövzuda danışıram. Əlavə olaraq, burda “Azerbaijan Cultural Society of Edmonton” adlı Azərbaycan cəmiyyətimiz var. Bu cəmiyyət il boyu Azərbaycan həqiqətlərini,mədəniyyətini,musiqisini,mətbəxini tanıtdırmaq üçün dərslər,tədbirlər təşkil edir, festivallarda iştirak edir. Bu Avqust ayında Kanadanın ən böyük festivallarindan sayılan “Heritage” festivalında iştirakçı olan 100dən çox ölkədən biri də biz idik və 400 mindən festival iştirakçısına həm həqiqtəlirimizi paylaşdıq,həmdə mədəniyyətimizi,mətbəximizi və incəsənətimizi nümayiş etdirdik.
Söhbətləşdi: Tural Məmmədov