film

Kanallar bu il hansı seriallarla tamaşaçıların qarşısına çıxacaqlar?

Baxış sayı: 740

Telekanallar yeni mövsümün həndəvərindədirlər. Və bu o deməkdir ki, kanallarda həm də yeni serial mövsümünün başlamasına çox az qalıb. Əvvəla onu deyim ki, serial süjet xətti bir-biri ilə bağlı olan və ya olmayan telefilm silsiləsidir. İlk serial – “Farevey Hill” 1946-cı ilin oktyabrından dekabrına kimi efirə gedib. Və qeyd edim ki, canlı yayımlanıb. Təəssüf ki, onun heç bir lent yazısı qalmayıb. Qayıdaq bu günə. Bu gün Azərbaycan teleməkanında müxtəlif teleseriallar tamaşaçıların görüşünə  gəlir. Təbii ki, serialların da öz izləyicisi, auditoriyası var. Bəs kanallar bu il hansı seriallarla tamaşaçıların qarşısına çıxacaqlar?

“Uçurum”da sağ qalanlar

Üç mövsüm ARB kanalı izləyicilərinin sevimlisi olan “Uçurum” serialı bu il  artıq dördüncü mövsümünə başlayacaq. Serialı ərsəyə gətirən yaradıcılardan biri – quruluşçu rejissoru Vüsal Məmmədov deyir ki, reytinq cədvəlinə görə, ən çox izlənilən seriallardan biri olan “Uçurum”un  çəkilişləri artıq bir aydır ki, davam edir və efirə başlamaq üçün ciddi hazırlıqlar gedir: “Bu mövsümdə də yeni süjet xətti,  bir-birindən maraqlı hadisələr, obrazlarla tamaşaçıları yaxşı mənada gərginlikdə və maraqda saxlamaq niyyətindəyik. Ailə-məişət mövzusunda olan serialda günümüzün reallığı ilə səsləşən müxtəlif hadisələr öz əksini tapacaq. Ötən mövsümdən Sevda, Cənnət, Mədət, Nərminə, Aynur, Tofiq və digər sevilən  obrazlar qalsa da, yeni xarakterlər də tamaşaçıları sevindirəcək. Bundan başqa, keçmişdən gələn bir obraz da kabus kimi yeni həyatın üzərinə çökəcək”.

Serialın daimi və yeni tamaşaçıları  “Uçurum”u həftə içi  dörd gün ARB kanalında izləyə biləcəklər.

“Bir qadın”ın taleyi

ATV kanalında gedən  və tamaşaçı istəyi ilə üçüncü mövsümünə qədəm qoyan “Bir qadın” serialının da artıq çəkilişlərinə başlanılıb. Serialı ərsəyə gətirən prodakşının baş prodüseri Yaşar Əhmədovun sözlərinə görə, artıq iki mövsüm tamaşaçılarda xüsusi maraq və rəğbət doğuran “Bir qadın” serialı növbəti mövsümdə də bir-birindən maraqlı və dinamik olaylarla efirdə olacaq. Quruluşçu rejissoru Şahin Qəhrəman olan serialda  Anar Heybətov, Zemfira Əbdülsəmədova, Nuriyyə Əliyeva, Ləman İmanova, Elçin Muradov və başqaları iştirak edir. Çəkilişlərə artıq bir aydır ki, start verilib. Bu mövsüm ötən ilkindən daha gərgin hadisələr, daha fərqli xarakterlərlə efirdə olacaq.  Davud, Zöhrə, Gülzar, Ləman, Arzu kimi sevilən obrazların həyatında hansı dəyişikliklər olacaq? Kimin qarşısında yeni yollar, yeni qismətlər açılacaq? Bunların hamısı yeni mövsümdə “Bir qadın” serialında olacaq. Qeyd edim ki, serial bir-birindən maraqlı bölümləri ilə yeni mövsümdə həftə içi dörd gün ATV kanalında yayımlanacaq.

“Gecə yarısı” havası

ATV kanalında başqa bir yeni layihə  – “Gecə yarısı” da efirdə olacaq. “Gecə yarısı”nın quruluşçu rejissoru Kənan MM bildirir ki, serialın ssenari müəllifləri İlqar Fəhmi ilə Çinarə Nüsrətlidir.  Baş rolların ifaçısı Günəş Mehdizadə,  Tural Əhməd, Reşat Kəsəmənli, Rada Nəsibova və Aysel Yusubova olan serial kriminal-dram janrındadır. Kriminal həvəskarlarını ATV kanalında ekranlara çıxacaq “Gecə yarısı” serialını izləməyə dəvət edirik.  Efir vaxtı oktyabr ayına nəzərdə tutulan serial həftə içi bir gün yayımlanacaq.

Günümüzün serialı

“Space” kanalında da yeni bir serial tamaşaçıların ixtiyarına veriləcək. Komediya janrında olan və artıq sürətlə çəkilişləri gedən serial bu günümüzlə səsləşən pandemiya mövzusunu əhatə edir. İnsanların ancaq internet üzərindən bir-birilə görüşməsi, əlaqə saxlaması əsasında başlarına gələn maraqlı, gülməli və eyni zamanda da düşündürücü hadisələrlə zəngin bir serialdır. Quruluşçu rejissoru Ramin Hacıyev, quruluşçu operatoru Elşən Əliyev olan serialda baş rollarda Məcid Hüseynov və Elnur Hüseynov çəkilirlər. Serialın bir gün – həftə sonu yayımlanması nəzərdə tutulub.

Serial izlə, sağlam ol

“Covid-19” pandemiyasının tüğyan etdiyi bir vaxtda min bir əziyyətlə çəkilişlər edən, ərsəyə yaxşı serial gətirməyə çalışan yaradıcı və texniki heyətlərə uğur və sağlamlıq arzu edirik. Bu mövsüm də seriallar çəkdikləri əziyyətə dəysin. İnsanların daha çox “evdə qal” çağırışı zamanı asudə vaxtının tələbatını ödəyən, əlbəttə ki, daha çox ədəbiyyat və televiziyalardı. İnsanları daha çox sosial məsafə saxlamağa, bayırda az olmağa, mütaliə etməyə, serial izləməyə dəvət edirik.  Milli seriallara baxın, sağlam olun…

 

Xanım Aydın




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir