Karantin dövründə evdə oturarkən hansı idman hərəkətlərini etmək lazımdır? Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Səidə Kərimova bununla bağlı öz tövsiyələrini bölüşür.
Koronavirus (COVİD-19) pandemiyasının qarşısının alınması məsələsi bütün dünyanı qayğılandıran bir nömrəli problemə çevrilib. Ölkəmizdə ciddi karantin rejimi tədbiq olunub və ciddi tədbirlər görülür. Karantinin əsas tələblərindən biri evdə qalmaqdır. Evdə qalmaq koronavirusun yayılmasının qarşısının alınması üçün önəmlidir.
Sosial izolyasiya və evdə qalmaq virusun yayılma riskini azaldır. Evdə qalsanız da, hərəkətsiz və passiv olmayaq. Dr.Səidə Kərimovanın sadə məsləhətləri və tövsiyə etdiyi idman hərəkətləri sizin sağlamlığınızı qorumağa və əhval ruhiyyənizi yüksək saxlamağa kömək edəcək.
Gəlin bir neçə vacib məsələyə diqqət yetirək:
1) Saatlarla hərəkətsiz oturaq vəziyyətdə qalmayın. Bu həm sağlamlığa mənfi təsir edir, həm də onurğa və bel ücün zərərlidir. Çox oturanda bel nahiyəsinə yük çox düşür, onurğa strukturlarına qan təchizati azalır və əzələlər zəifləyir. Oturaq vəziyyətdə işləyirsinizsə, hər 20 dəqiqədən bir durub, 3-5 dəqiqə gəzmək lazımdır.
Siz evdə qalsanız da, tam passiv olmamalısınız. Bədən əzələlərinin stabil, mobil və gücünü lazımi səviyyədə saxlamaq üçün xüsusi trenajorlara ehtiyac yoxdur. Bunun üçün idman xalçası və ya adi xalça kifayət edir. Düzgün gərmə, izometrik və izotonik gücləndirmə hərəkətləri vücüd əzələlərinin tonusu üçün çox xeyirlidir.
2) Qamətinizə fikir verin. Əyri oturub televizora baxmaq və ya başını əyib smartfonu saatlarla işlətmək olmaz. Düz qamətinizi qoruyun ki, ağrı və digər xoşagəlməz hallar olmasın. Bel və boyun əzələləri üçün idman edin. Onlar sadədir və əzələ gərginliyini yaxşı aradan götürə bilir. Düzgün qamət və onurğa sağlamlığı üçün faydalı idman hərəkətlərini siz Mərkəzi Gömrük Hospitalının saytında “Düz qamət -sağlam həyat” rubrikasından öyrənə bilərsiniz.
3) Siz evdən kompüterlə işləyirsinizsə -iş yerinin təşkilinə və erqonomikasına fikir verin. Ev şəraitində kompüterin monitoru göz səviyyəsində, klaviatura yaxın və dirsəkləriniz bədənə yaxın olmalıdır. Başınızı qabağa ya da aşağı əyməyin. Klaviaturadan istifadə etdikdə biləklərinizi bükməyin. Bu barmaqlarda ağrı və keyləşməyə səbəb ola bilər.
4) Pozitiv olmağa çalışın! Bu çətinliklər müvəqqətidir. Hər bir vəziyyətdən bir təcrübə yaranır. Bu da ən azından məsuliyyət və birlik təcrübəsi kimi yadımızda qalacaq. Karantin qaydalarına riayət edin və xəstəliklə mübarizədə həkimlərə dəstək olun!
Biz həkimlər də bu çətin vaxtlarda, sizin dəstəyinizi hiss edib, qürur hissi ilə xidmətinizdə olacağıq.