Bir müddətdir ki, koronavirusla əlaqədar dünyanın əksər ölkələrində karantin rejimi elan edilib. Artıq martın 14-dın ölkəmizdə də xüsusi karantin rejimi tətbiq olunur. Özümüzün və yaxınlarımızın sağlamlığını qorumaq üçün evdə qalmağa məcburuq. Belə bir vaxtda əksər insanlar evdən işləməyə başlayıb. Dünya təcrübəsində distant iş rejimi xeyli müddətdir ki, tətbiq olunur. Amma Azərbyacnda bu ənənə o qədər də geniş yayılmamışdı. Karantin günlərində artıq evdən işləməyə məcburuq. Bəs görəsən bu günlərdə daha effektiv çalışmaq üçün nələri bilməliyik? Hansı qaydalara əməl etmək daha vacibdir?
İşimizə olan sevgimiz dəyişməz olaraq qalmalıdır
“Comunical” şirkətinin rəhbəri, marketinq kommunikasiyaları üzrə mütəxəssis Tural Abbaslı bildirir ki, əsas məsələ evdə oturduğumuz müddətdə daha effektiv şəkildə işləyə bilməkdir: “Aydın məsələdir ki, hər bir insanın psixoloji durumu fərqlidir. Bir çoxları evdə olduğu müddətdə dərin depressiyaya düşür və faydalı iş əmsalı zəifləyir. Bəziləri isə bunu tamamilə normal qəbul edir və öz işini adi qaydada davam etdirir. Belə dövrlərdə vaxt bölgüsü ən vacib məqamlardan biridir. Təəssüf ki, vaxtın düzgün qaydada idarəedilməsi, işçilərin şəxsi inkişafı istiqamətində olan çatışmazlıqlar bu gün özünü biruzə verməkdədir. Bu tip problemlərlə qarşılaşmağın əsas səbəbi məhz bundan qaynaqlanır. Hər birimiz başa düşməliyik ki, biz sadəcə olaraq iş yerimizi dəyişmişik. İş norması, prinsipləri və işimizə olan sevgimiz dəyişməz olaraq qalmalıdır. Avropada distant təhsil və iş mühiti insanlara yad deyil. Çünki onlar artıq bir müddətdir ki, bu təcrübədən yararlanır. Ona görə də onlar fiziki və mental olaraq bu rejimə hazırdır. Bizdə isə bu ənənənə yeni yaranır. Təəssüflər olsun ki, biz bu məslədə geri qalırıq. İnsanlarımız sərt iş rejimi mühitində işləməyə adət edib. Hesab edirəm ki, bu izolyasiya müddətini həm şirkət rəhbərləri, həm də işçilər fürsət kimi dəyərələndirməlidirlər. İnsanlarımız özünüidarəetmədə maariflənməlidir. Hər bir işçi öz məsuliyyətini dərk etməli və yerindən asılı olmayaraq, öz işini icra etməyi bacarmalıdır. Bu müddət ərzində yuxu rejiminə diqqət edilməlidir. Hər kəs özünə və işinə qarşı tələbkar olmalıdır ki, digər ailə üzvlərimiz də bunu başa düşsün. Özümüz üçün iş saatlarını təyin etmək mütləqdir. Həmin müddətdə işdən başqa heç nəyə zaman ayırmaq olmaz. İnsanlar psixoloji olaraq özünü işə kökləməlidirlər. İşə uyğunlaşmaq üçün lazım olan şərait yaradılmalıdır. Yaxşı olar ki özünüzə məxsus iş otağınız olsun. İşə başlamazdan əvvəl etməli olduğunuz işin qrafikini hazırlayıb ona uyğun işləmək daha faydalıdır. Çalışdığınız şirkətlərin digər struktur bölmələri ilə sıx əlaqə yaradılmalıdır. Bunun üçün xüsusi İT kommunikasiya vasitələrindən və sosial şəbəkələrdən istifadə edilə bilər. Müxtəlif telekonfrans proqramları vasitəsilə ünsiyyət saxlaya bilərsiniz. Bu məsələ həm də yeni iqtisadi modelin əsasını qoymuş oldu. Şirkətlər dərk etməlidir ki, 21-ci əsr informasiya texnologiyaları əsridir. Hər kəsin öz işini buna uyğun şəkildə qurması artıq zərurətə çevrilib. Hər bir şirkə öz işçisini fors major hallara qarşı hazır etməlidir. İş məsuliyyəti hər kəsin arasında bölüşüdürülməlidir”.
T.Abbaslı sonda hər kəsi virusla mübarizədə dövlətin apardığı siyasətə dəstək olmağa çağırış etdi: “Digər tərəfədən bu məsələyə mümkün qədər pozitiv tərəfdən yanaşmalıyıq. Koronvirus pandemiyasının yayılması həm də bizə bəzi vacib məqamları bir daha xatırlatdı. Bu günə kimi əksər iş yerlərində əməkdaşlar ofis şəraitində işləyirdi. Şirkət rəhbərləri hamının işinə nəzarət etməyə öyrəşib. Virusun yayılması ilə bizdə də distant iş yəni, evdən işləmək imkanları aktuallaşdı. Günümzdə İT kommunikasiya həlləri, rəqəmsallaşma artıq distant idarəetmə rejimini, evdən işləmək imkanlarını xeyli asanlaşdırır. Hesab edirəm ki, şirkətlərin artıq öz idarəetmə modullarına dəyişiklik etməyin əsl vaxtıdır. Bu məsələ uzun müddətdir gündəmə gəlsə də, bəzi qurumlar hələlik bu addımı atmaq istəmirdi. Amma artıq buna məcburuq. Virusla mübarizə ilə paralel olaraq işlərin davamiyyətini təmin etmək üçün müxtəlif varinatlar var. Əsas məsələ işin formasından və işə yanaşma tərzindən asılıdır. Belə bir məqamda mümkün qədər hər kəs evdə qalmalı, özünü və ətrafını qorumalıdır. Vətəndaşlardan bu çağırışa əməl etmələrini xahiş edirəm. Virusla mübarizədə dövlətin həyata keçirdiyi siyasətə hər birimiz dəstək olmalıyıq”.
Özümüzə iş şəraiti yaratmalıyıq
Sosial psixoloq Əhəd Kazımov evdə olduğumuz müddətdən maksimum şəkildə yararlanmalıyıq: “Effektiv şəkildə işləyə bilməyimiz və psixoloji sağlamlığımız üçün yuxu rejimini qaydaya salmalıyıq. Hər gün eyni vaxtda yatıb oyanmalıyıq ki özümüzdə vərdiş yarada bilək. Sosial izolyasiya bunun üçün əsl fürsətdir. Depressiyaya düşmək laızm deyil. Hamı qəbul etməlidir ki, bu, müvəqqəti bir şeydir. Bu müddət üçün özümə iş qrafiki tərtib etməliyəm. İş rejimi isə işin xüsusiyyətindən asılı olaraq dəyişə bilər. Mütləq deyil ki, 9-6 rejimini tətbiq edəsiniz. Elə iş var ki, gün ərzində 3-4 saat vaxt ayırmaq kifayət edir. Bunun üçün 8 saat işləməyə ehtiyac qalmır. Yəni hər şey işin xüsusiyyətindən və işçi ilə işəgötürən arasında olan münasibətdən asılıdır. Əksər işçilərin öz işini idarə edə bilməsi üçün bir kompüter kifayət edir. Bunun üçün ofisdə oturmağa ehtiyac yoxdur. Elektron poçtlara, gələn zəngləri evdən də cavablamaq olar. Hər birimiz öz işimizdən asılı olaraq özümüzə iş şəraiti yaratmalıyıq. İş masamızın üzərində kompüter, qeyd dəftərçəsi, mobil telefondan başqa heç nə olmamlıdır. Yəni psixologiyamız qəbul etməlidir ki, evdə olsaq da, iş rejimindəyik və işləməliyik”.
“Vaxtm yoxdur” bəhanəsinə yer yoxdur
Marketinq üzrə mütəxəssis Türkan Fərzəliyeva deyir ki, karantindən əvvəl də evdən işlədiyi üçün adaptasiya problemi yaşamır: “Məcburiyyətdən və iş zamanı limitlənməkdən xoşum gəlmədiyi üçün bir müddətdir ki, belə bir qərar almışdım. Düşünürəm ki, bunun öhdəsindən gəlmək və bu müddətdə daha məhsuldar ola bilmək üçün ən ideal zamandır. Gündəlik qrafikə dönə bilmək üçün hər zaman etdiyim işləri etməyə davam edirəm. Yəni hansı saatda işləyirdimsə, hansı saatda yemək yeyirdimsə, kitab oxuyub, idman edirdimsə, eynisini etməyə davam edirəm. Mövcud vəziyyəti daha az düşünmək üçün sosial mediadan və xəbər saytlarından gələn bildirişləri bağlamışam. Hərəkətsiz qalmamağın motivasiyanı düzəltdiyinə inanıram. Karantinin 5-ci günündən sonra evdə 10-15 dəqiqəlik idmanlar etməyə başlamışam. Bu əhvalımı xeyli düzəldib, stress və gərginliyi azaldıb. İşlər bitdikdən sonra film izləmək, kitab oxumaq, ailə ilə vaxt keçirmək üçün bol-bol vaxtımız var. Həmçinin, şəxsi inkişafa dair uzun müddətdir planladığımız nə varsa indi edə bilərik. Çünki artıq “vaxt yoxdur” bəhanəmizə yer qalmır. Məncə, hər kəs bu fürsəti yaxşıca dəyərləndirməlidir”.
Şəbnəm Mehdizadə