sekil

Karantin müddətini fürsətə necə çevirək?

Baxış sayı: 1. 004

Koronavirusla bağlı ölkədə karantin müddəti elan olunub. Bu səbəbdən bir çox sahələrdə çalışan şəxslərin, tələbələrin zamanı evdə keçir. Bundan dolayı sosial şəbəkələrdə film, kitab oxumaqla bağlı paylaşımların sayı da çoxalıb. Eyni zamanda vaxtını yeyib-yatmaqla keçirənlər də az deyil. Ancaq karantin müddəti bir çox şəxslərə çoxdan axtardıqları “boş vaxt” imkanını da vermiş oldu. Nəzərə alaq ki, bu müvəqqətidir və tezliklə bitməsi gözlənilir. Maraqlıdır, qısa müddətlik karantin dövrünü fürsətə necə çevirə bilərik?

 

Memarlıq və İnşaat Universitetinin prorektoru Ülkər Səttarova deyir ki, karantin müddətini tətil, asudə vaxt kimi qəbul etmək olmaz: “Bəzən düşünürlər ki, evdəyəmsə, heç nə etməməliyəm, yaxud özümü inkişaf etdirmək, evdə olan vaxtı faydalı keçirmək üçün şərait, imkan yoxdur. Ancaq bunu doğru yanaşma hesab etmirəm. Məsələn, bizim universitetdə “Elektron universitet” sistemi fəaliyyət göstərir. O sistemi özümüz illər ərzində yaradıb formalaşdırmışıq. Hazırda bütün fənnlər üzrə müharizələri “Elektron universitet” sistemində hər bir tələbənin ixtisasına uyğun olaraq şəxsi kabinetinə yükləmişik. Tələbə istədiyi vaxt orda o mühazirəni götürə bilər. Bundan başqa, bir çox müəllimlərimiz tələbələrlə həftədə 3-4 dəfə görüntülü qrup danışıqları aparırlar. Tələbələr elektron sistemdən götürdükləri mühazirələr, onlar üçün qaranlıq qalan məqamlarla bağlı müəllimlərə suallarını ünvanlayırlar”.

Ü.Səttarovanın sözlərinə görə, əgər tələbənin təhsil aldığı universitet o imkanları vermirsə, bu zaman tələbələr özləri üçün faydalı olan resursları fərqli mənbələrdən tapmağa çalışmalıdırlar: “İnternet resurslarının imkanları bu cəhətdən köməklərinə gələ bilər. Düzdür, Azərbaycan dilində video dərslər, təlimlər azlıq təşkil edir. Ancaq rus-ingilis-türk dillərində digər ölkələrin universitetlərinin saytında onların ixtisasları ilə bağlı olan video dərslər, təlimlərdən yararlana bilərlər. Əsas odur ki, boş qalmasınlar. Dil biliklərini inkişaf etdirmək üçün də internet imkanlarından istifadə edə bilərlər”.

Ü.Səttarova bildirdi ki, karantin müddəti klassik ədəbiyyat nümunələri oxumaq üçün gənclərə fürsət vermiş olur: “Gənclərlə söhbət edəndə, klassik ədəbiyyat oxumamalarına səbəb kimi vaxt olmadığını bəhanə gətirirlər. Gənc nəslin əsas problemlərindən biri də klassik ədəbiyyatları oxumamaqlarıdır. Ancaq öz ixtisaslarından əlavə özlərini başqa yöndən də inkişaf etdirmək üçün də kitablar oxumalıdırlar. Bəzən gənclərə klassik ədəbiyyat oxumlarını məsləhət görəndə, “vaxt yoxdur” deyirdilər. Bax indi o vaxt yaranıb”.

 

Kouç, təlimçi Elçin Əzimli bildirdi ki, karantin müddəti bir çoxumuzun arzusunda olduğu “boş vaxt” imkanı yaratmış olub: “Ailəylə vaxt keçirmək, kitab oxumaq, öz inkişafı üçün mövcud imkanlardan istifadə etmək və s. bu tipli istiqamətdə suallara çox adam “vaxt yoxdur” kimi cavablar verirlər. Mən bunu əksər hallarda bəhanə kimi qəbul edirəm. Çünki düşünürəm ki, niyyəti olan insan hər şeyə vaxt tapır. Amma əgər problem həqiqətən də vaxt çatışmazlığıdırsa, indi bizə vaxt bolluğu verilib. Bəziləri darıxdıqlarından bunu öldürməyə, vaxtı necəsə keçirməyə çalışır. Bəzi insanlar isə o vaxtı həqiqətən dəyərləndirirlər. Ola bilər ki, onlar bəhanələrində haqlı idilər, çox işləyirdilər və istədikləri keyfiyyətli vaxtı tapa bilmirdilər. İndi niyyəti olanlar üçün fürsət dolu zaman var”.

E.Əzimli deyir ki, karantin müddətində hər kəs kitab oxumalı, filmə baxmalı deyə bir şey yoxdur: “İnsan bu vaxtı öz ehtiyaclarına əsasən keçirsə, daha faydalı olar. Mən indi kitab oxuyuram, amma sırf kitab oxuyum deyə yox. Bu kitabı oxumaq istəyirdim. Hər zaman kitab oxumağa vaxt ayırırdım, indi bu cəhətdən zamanım daha boldur. Yaxud faydalı, maraqlı olduğunu eşitdiyim filmlər var idi, onları izləyirəm. Kitab oxumaq, filmə baxmaq standarta çevrilib. Amma bunları vaxtı öldürmək yox, dəyərləndirmək üçün istifadə etməliyik. Oxuyuruq, amma nə? Yüngül ədəbiyyat var, onlar sadəcə baş qatmaq üçündür. Bir də ciddi ədəbiyyat var. O ədəbiyyatlar ki insana nə isə qatır, bir müddət sonra unudulacaq şeylər deyil. Filmlər də eyni şəkildə. İnsanın ehtiyacına, maraq dairəsinə baxır. Həqiqətən nə istədiyini bilməlidir. Biz başqalarına baxıb nəyisə təkrarlamamalıyıq. İnsan ehtiyacı içində hiss etməlidir. Bəzən insanlar işlərindən hobbilərinə vaxt ayıra bilmirlər, indi onunla doya-doya məşğul ola bilərlər. Yaxud hansısa bacarığını inkişaf etdirmək istəyib, amma iş-gücü buna imkan verməyib, indi edə bilər”.

E.Əzimli qeyd etdi ki, karantin müddətində vaxtını yeyib-yatmaqla keçirənlər üçün rutin həyata qayıtmaq heç də asan olmayacaq: “İndi insanların özlərini inkişaf etdirmələri üçün çox yaxşı fürsətlər var. İnsan adi vaxtda necə yaşayırsa, kanartin müddətində də elə davam edir, sonra da çox güman ki elə olacaq. Lakin bu karantin müddəti müəyyən vərdişləri dəyişmək üçün fürsət ola bilər. Evdə qalmaq passiv həyat kimi qəbul edilməməlidir. Yeyib-yatanların sonra aktiv həyata uyğunlaşmaqları asan olmayacaq. Həyatlarının qiymətli vaxtını itirirlər”.

 

“Sat Group”un rəhbəri Azad Qəhrəmanov deyir ki, həm özümüz, həm də işimizlə bağlı düşünmək, planlamaq, analiz etmək üçün yaxşı fürsət var: “İşləyən adamların bəzən çoxdan yığılıb qalmış planları olur. Hansı ki “vaxtım olsaydı, edərdim” deyirdilər. Bax indi o olanların yerinə yetirilməsi üçün yaxşı fürsətdir. Məsələn, düşünmək, planlamaq, analiz etmək üçün ən gözəl vaxtdır. Xüsusilə də iş adamlarının periodik olaraq nəyisə təhlil etməyə ehtiyacları olur. Məhsullarını təhlil edə bilərlər. Məhsulumun keyfiyyəti necədir? Yeni nə hazırlayıb təqdim edə bilərəm? Yaxud müştərilərimizlə necə effektiv işləyə bilərik? Öz işlərini hərtərəfli analiz edə, yoxlaya bilərlər. Marketinq, satış, işçilərlə münasibət, işçilərin effektivkiyi, maliyyə və s tərəfləri təhlil etmək üçün əla imkandır. Götür-qoy edə bilsinlər, hesablarını yenidən etsinlər. Beləliklə, bu dövrü itirməmiş olurlar. Onsuz da şirkətlər uzun müddət özlərini təhlil etmədikləri halda böhran öz-özünə də baş verir, ciddi problemləri yarana bilir. Şirkətlər arada dayanıb təhlil aparmağa məcburdular. İndiki məcburi dayanmadır, onsuz da başqa bir işlə məşğul ola bilmərik, ona görə şirkətlər özlərini təhlil edə bilərlər. İnsanlar da həmçinin”.

A.Qəhrəmanovun sözlərinə görə, karantindən sonra bazarda ciddi dəyişiklik olacaq və şirkətlər indiki müddəti o dəyişikliyə hazırlaşmağa sərf etməlidirlər: “Bu dövrdə dayanan, yaxud həyacandan, qorxudan səhv addımlar atan şirkətlər itirəcəklər. Kimlər ki, vəziyyəti təhlil edib maksimum ziyanı aradan qaldırmağa çalışacaq, onlar qazanacaqlar. Karantindən sonra bazarda dəyişiklik olacaq. Böhran vaxtı başqasının müştərisini qazanmaq da asan olur. Çünki belə dönəmlərdə şirkətlərin müştəriləri ilə münasibətlərində problemlər, soyuma əmələ gəlir. Bu müddətdə rəqibimiz müştərisi ilə yaxşı ünsiyyət qurmursa, biz onun müştərisini qazana bilərik. Bu baxımdan belə imkanlar da var. Yerində dayanan bata bilər.

Bununla bağlı bir misal çəkmək istəyirəm. İki qurbağa südün içinə düşür. Biri deyir ki, onsuz da boğulacağıq, heç nə etmir. O biri isə hey tullanıb-düşür, axıra qədər cəhd edir. O biri boğulur. Bu biri tullanıb düşdükcə süd çevrilib qatıq olur. O da qatığın üstündə qalib xilas olur. İndi vəziyyət təxminən belədir. Təbii ki bazar kiçiləcək, dövriyyə azalır, insanların alıcılıq qabiliyyəti  aşağı düşür. Amma indi əsas məsələ sağ qalmaqdır. Əgər bazarda 10 rəqibin var idisə, indi bunun 4-5-i sıradan çıxacaq. Çalış ki qalanlardan olasan. Çünki sonra bazar o 5 nəfərin arasında bölüşdürüləcək. Bu mənada indiki dövrü passiv keçirmək olmaz. Fasilədə itiririk, itirməmək üçün doğru istifadə etmək lazımdır. Təkmilləşmək, inkişaf etmək, planlamaq, təhlillər aparmaq, hədəflər qoymaq üçün vaxtımız var”.

 

Aygün Əhmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir