KOKLUK

Karantin rejimində kökəlmənin qarşısını necə alaq? – MÜTƏXƏSSİS YANAŞMASI

Baxış sayı: 840

Karantin rejiminə əməl etməli olduğumuz müddətdə qida rasionuna nəzarət etmək çətinləşir. Stress, narahatlıq və məşğuliyyətin olmaması bizi daha çox yeməyə sövq edə bilər. Amma yemək istəyinə uzun müddət nəzarət etməmək təhlükəlidir. Bu, həm köklüyə, həm də sağlamlığınızın pozulmasına gətirib çıxara bilər.

Bu baxımdan evdə qaldığımız müddətdə piylənmənin baş verməməsinə maksimum şəkildə əməl etmək lazımdır. Bunun üçün düzgün və sağlam qidalanma önəmlidir.

Karantin müddətində piylənmənin baş verməməsinə dair fikirlərini bölüşən dietoloq Şəfa Yadigarova bildirib ki, ilk növbədə yuxu rejiminə ciddi riayət olunmalıdır:

“Çünki insanlar gec yatmasalar, axşam saatlarında yeməyə tələbat olmayacaq. İnsan gec yatdıqda istər-istəməz nəsə yeyir və piylənmə baş verir. Hazırda hər birimiz evdəyik və kifayət qədər az hərəkət edirik. Əzələlərin hərəkətliliyi azalıbsa, deməli kalorini azaltmaq lazımdır. Bu, əsas amillərdən biridir. Kalorini azlatmalıyıq ki, kilo almayaq. Bunun üçün axşamlar tez yatmaq lazımdır ki, gecə yeməyə tələbat olmasın”.

 

Dietoloq vurğulayır ki, kökəlməmək üçün mütləq su balansına da ciddi riayət olunmalıdır:

“Səhər yuxudan durduqda 250-300 ml su içmək lazımdır. Su qəbul etdikdə yeməyə tələbat azalır. Ümumiyyətlə, hər dəfə yeməkdən öncə ya bir dilim limonla, ya da sadə şəkildə 1 stəkan ilıq su içmək məsləhətlidir. Yeməkdən 1 saat öncə 250 ml su içdikdə yemək az yeyiləcək. Çünki beyində susuzlama və aclıq mərkəzi yan-yanadır. Hazırda karantin dövründə insanlarımız depressiyadadır, şirniyyat yeyirlər, yüngül kalorili çərəzlərdən istifadə edirlər. Nəticədə isə kilo alırlar. Kilo aldıqda özlərinə baxıb yenidən depressiyaya düşürlər. Bu zaman düşünürlər ki, karantin nə vaxt bitəcək. Belə düşüncə onlarda əlavə depressiyaya yaradır”.

 

Ş.Yadigarova qeyd edir ki, karantin müddətində evdə yüngül idman hərəkətləri etmək lazımdır:

“Mən də evdə yüngül əşyalarla idman hərəkətləri edirəm. Kim nəyi bacarırsa, evdə nə varsa, onunla idman edə bilər. Heç nə yoxdursa belə, 2 ədəd boş butulkanın içini su ilə doldurub qantel əvəzi istifadə etmək olar. Eyni zamanda evin içində tez-tez gəzmək də olar. Hazırda çölə 2 saat çıxmaq icazə ilə olur. Həmin 2 saat ərzində harasa gedəndə tez addımlarla getmək və hava almaq lazımdır. Çünki beyinin oksigenə ehtiyacı olur. Havaya çıxa bilmədikdə isə eyvanda hava almaq məsləhətlidir”.

Dietoloqun sözlərinə görə, çörək və un məhsullarını azaltmaq daha münasibdir:

“Məlumdur ki, xəmir qlükozadır və qaraciyərdə toplanaraq yağ yaradır. Həmin yağı yandıra bilmirik. Şirniyyatları və un məmulatlarını qəti şəkildə qida rasionundan çıxartmalıdırlar. Yeyirlərsə, maksimum 1-2 parça çörəyi səhər yeməyində yeyə bilərlər. Günorta və axşam isə çörək istifadəsi məsləhət deyil. Ürəkləri çox şirniyyat istəyirsə, onu quru meyvələrlə, meyvə ilə və 75 faizdən yuxarı qara şokoladla əvəz edə bilərlər. Amma bu qidaları axşam ekran qarşısında oturub yemək olmaz. Şirniyyat əlavəsi olduqda acı kofeyə darçın əlavə edərək içmək olar”.

 

Ş.Yadigarova axşam saatlarında tərəvəzlərdən bol istifadəni məsləhət görür:

“Məsələn, mən axşamlar qatıq istifadə edirəm. 1 yumurtanı bişirib ağına qatıq, göyərti və xiyar əlavə edirəm. Çox yüngül və ləzzətli axşam yeməyi olur. Çalışmaq lazımdır ki, axşam yeməyində hətta faydalı karbohidratlardan istifadə olunmasın. Qreçka, bulqur kimi məhsulları axşam yox günorta yemək daha yaxşıdır. Gün ərzində çörək yeyilibsə, karbohidrat qəbul etmək məsləhət deyil. Çünki onlar bir-birini əvəz edir. Həmçinin yaşıl çay istifadəsi də lazımdır. Çaylara darçın, zəncəfil və itburnu əlavə etmək olar. Çünki itburnunun tərkibində çoxclu vitamin C var”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir