12670577_181068118927041_8622290878276020240_n

“Kasıb” yapon toyları, “Gyakutai”, “Tualet Allahı” və… – AZƏRBAYCANLI TƏLƏBƏ İLƏ MÜSAHİBƏ

Baxış sayı: 10. 788

“Gencaile.az”ın budəfəki “Tələbə bileti”ndə  Əlibəy Məmmədovun adı yazılıb. Həmsöhbətimiz uzaq şərqdən suallarımızı cavablandırıb. O, gündoğar ölkədə – Yaponiyada Hokkaydo Universitetində təhsil alır. Ə.Məmmədovla təmtəraqlı tərzdə ifadə etsək, çoxspektrli söhbət etmişik. İnanırıq ki, sizin üçün maraqlı və xaricdə, xüsusilə Yaponiyada təhsil barədə düşünənlər üçün isə həm də faydalı olacaq. 

Yaponiyada hansı təhsil ocağında təhsil alırsınız? Təhsilin hansı pilləsindəsiz?

İlk öncə müsahibə təklifinə görə öncədən minnətdarlığımı bildirmək istəyirəm. İnanıram ki, xaricdə təhsilə marağı olan yeniyetmələrimiz, gənclərimiz, ölkə xaricində dövlətimizin mənafeyini qorumağa həvəsi olan soydaşlarımız üçün maraqlı söhbət alınacaq. Mən hal-hazırda Yaponiyanın 5 ən qədim imperator universitetlərindən biri olan Hokkaydo Universitetində doktorantura pilləsində təhsil alıram və tədqiqatlarımı davam etdirirəm. Universitetimizdə 18 min nəfər tələbə var ki, onun 2 min nəfəri xaricidir. Artıq 4 il yarımdır ki, bu universitetdə Yaponiya hökümətinin dövlət təqaüdləri hesabına təhsil alıram. 2011-ci ildə Yaponiyanın Bakıda yerləşən səfirliyində keçirilən imtahanda birinci yeri əldə etdiyimə görə, Yaponiya hökümətinin ümumi 6 illik olan təqaüd proqramını qazanmışam. 2012-ci ilin Aprel ayından Hokkaydo Universitetindəyəm. İlk 1 ili tədqiqatçı tələbə kimi başa vurmuş, yapon dilində natiqlik qabiliyyətimin inkişafı və elmi işimin mövzu seçimi ilə məşğul olmuşam. 2013-ci ilin Aprel ayından 2015-ci ilin mart ayınadək magistratura pilləsində təhsilimi davam etdirmişəm. Elmi işimi “Kuril adaları problemi və ictimai rəy” mövzusunda, yapon dilində yazdım. Onun əsasında ilk 28 səhifəlik elmi məqaləm 2016-cı ilin mart ayında Yaponiyanın məşhur “Sərhəd Araşdırmaları” jurnalında yapon dilində çapdan çıxdı.

– Təhsil aldığınız istiqamət hansıdır?

– Siyasi elmlər üzrədir. 2015-ci ilin Aprel ayından etibarən doktorantura pilləsindəyəm və Ərazi problemlərində ictimai rəyin mövqeyi mövzusu üzərində işləyirəm. Mənim üçün maraq kəsb edən ərazi problemləri əsasən 3-dür. “Cənubi Kuril adaları problemi”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”, “Şrilanka vətəndaş müharibəsi”. Bu üç problemi müqayisəli şəkildə tədqiq edib, araşdırıb, analiz etdikdən sonra doktor işimi təhvil verməyi planlaşdırıram.

– Bu münaqişələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi arasında hansısa prinsipial fərqlər varmı? Və bir də maraqlıdır, elmi işinizdə Azərbaycanın mövqeyini nə qədər müdafiə edə biləcəksiniz? Elmi rəhbər, elmi şura sizin mövqeyi qəbul etməsə, nə edəcəksiniz? Baxmayaraq ki, beynəlxalq təşkilatlar Azərbaycan ərazilərinin işğal edildiyini təsdiqləyir, ancaq biz görürük ki, bəzi məqamlarda ikili standartlar var, xalqların öz müqəddəratını təyinetmə hüququ ilə ərazi bütövlüyü prinsipi üz-üzə qoyulur.

– Siz olduqca maraqlı məqama toxundunuz. Bu mövzu ətrafında çox danışmaq olar amma çalışacam qısa məlumat verim. Ümumi mənzərə fonunda hər üç münaqişə fərqli dövlətlərdə, fərqli şərtlər altında, fərqli dövrlərdə baş vermişdir. Hər üç münaqişənin təbiəti bir-birindən fərqlənir. Ərazi problemlərində görünən mənzərə odur ki, elm adamları daha çox dövlət başçıları və xarici işlər nazirliyi səviyyəsində olan görüşlərin təhlili ilə məşğuldurlar. Əlbəttə, bu çox vacibdir və ətraflı şəkildə təhlil olunmağa ehtiyac vardır. Amma bununla belə, hesab edirəm ki, adi insanlar və məcburi köçkünlərin də mövqelərini elmi səviyyədə işıqlandırmağa ehtiyac vardır. Nədənsə adi insanlar, məcburi köçkünlərin düşüncələri, onların məsələyə münasibəti, mövqeləri pərdə arxasında qalır. Düşünürəm ki, bu, o qədər də yaxşı qarşılanacaq hal deyildir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə Şrilankada 27 il davam etmiş vətəndaş müharibəsinin arasında oxşarlıqlar çoxdur. Şrilankada milliyətcə Tamillər öz (ilk öncə rəsmi dil ətrafında yaranmış münaqişə) hüquqlarının tapdandığını qeyd etməklə, terrorist bir qruplaşma yaratmış, Şrilankanın şimal və şimal-şərq ərazilərini faktiki olaraq zəbt etmiş və müstəqilliklərini elan etmişdirlər. Şrilanka höküməti isə əsasən milliyətcə şinhallardan ibarətdir. Bu mübarizə 4 dəfə kəskinləşdikdən sonra nəhayət 2009-cu ildə Şrilankanın hökümət qüvvələri hücuma keçərək, tamillərin terrorist qruplaşmasını darmadağın etmiş və rəhbərlərini öldürmüşlər. Hökümət yalnız bundan sonra bütün ölkədə hakimiyyətini tam bərpa etmişdir. Şrilanka misalı çox nadir bir misaldır ki, hökümət müharibə yolu ilə ərazi problemini tam həll edib. Dağlıq Qarabağ münaqişəsində də hərb yolu ilə həll edilə bilər. Azərbaycan milli ordusu da Şrilanka höküməti kimi hücuma keçib qondarma rejimi məhv etmək iqtidarındadır. Sadəcə, bunun üçün zaman yetişməlidir. Şrilankadakı tamillər kimi, Azərbaycanda da yerli ermənilər qondarma rejim qurmuşlar. Belə olan halda Azərbaycanın hüququ vardır, hərb yolundan istifadə etməyə. Amma bu o qədər də asan görünnmür. Böyük dövlətlərin varlığı, informasiya müharibəsi və s. məsələyə təsir göstərən amillərdəndir. Gələn ay Şrilankaya elmi səfərə gedəcəm. Yerli insanlar və siyasi dairələrlə görüşüb, məsələnin Qarabağla müqayisəsi üzrərində işləyəcəm.13936516_286713395029179_1199692323_n

Azərbaycanın mövqeyini müdafiə etməklə bağlı məsələyə gəldikdə isə, onu qeyd edə bilərəm ki, bir çox tədbirlərdə və canlı efirlərdə ölkənin mövqeyini müdafiə etmişəm və etməkdəyəm. Elm dünyasına gəldikdə isə artıq tərəfsiz olub, 3-cü şəxs kimi məsələyə yanaşmaq gərəkir. Tərəf tutan şəxs elm adamı ola bilməz. Məsələni tamamilə obyektiv analiz etmək gərəkir. Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə aydın məsələdir ki, bu torpaqlar hüquqi cəhətdən bizimdir və Siz də qeyd etdiyiniz kimi bütün böyük dövlətlər və beynəlxalq təşkilatlar bunu tanıyıb. Hal-hazırda da Azərbaycan torpaqları kimi göstərilir. İkili standartlar məsələsi hər zaman gündəmdədir. Bilirsiz, beynəlxalq aləm heç zaman gəlib bizi müdafiə etməyəcək və ya əksinə erməniləri. Biz özümüz gedib onları savadlı şəkildə məlumatlandırmalıyıq ki, onlarda maraq oyansın məsələ haqqında. Onlar sadəcə bir məqsədə qulluq edirlər, bölgədə sülh olsun. Fərq etməz torpaq kimin olursa-olsun. Ona görə biz informasiya müharibəsi ilə ciddi şəkildə məşğul olmalıyıq.

– Əlibəy, bu ölkəyə ilk gəlişinizdə hansı hisləri keçirdiniz? Azərbaycandan çox uzaqda, fərqli mədəniyyətin ilk təsirini necə hiss etdiniz?

Yaponiyaya ilk dəfə gəlişim 2011-ci ilin avqust ayına təsadüf edir. O zaman da səfirlikdə keçirilmiş ayrı bir proqram üzrə təqaüd əldə etmişdim və təxminən 15-gün Yaponiyanın qərb regionlarında təcrübələrdən keçmişdim. Əsas etibarilə, Osaka, Kyoto, Nara, Hiroşima, Fukuoka və Naqasaki şəhərlərində yapon dili və mədəniyyəti kurslarında iştirak etmişdim. O zaman bu proqram üzrə dünyanın 63 ölkəsindən 66 nəfər xarici tələbə iştirak edirdi.

– Amma Yaponiyanın ilk təsirindən danışmadınız…

– Bilirsiz, mən 2005-ci ildən etibarən çox sayda yaponla ünsiyyətdə olmuşam. Ona görə müəyyən qədər təsəvvürlərim var idi. Eyni zamanda Yaponiya elə bir ölkədir ki, burada hər gün nəyəsə heyran olursan. İlk dəfə gəldikdə isə insanların həddindən artıq gülərüz olması diqqətimi çəkdi. Hər dəfə mağazaya daxil olanda və çıxanda, fərq etməz nəsə aldız ya yox, işçilər hamısı bir ağızdan yüksək səslə “Xoş gəldiniz” “Yenə yolunuzu gözləyəcəyik” deyib gülümsəmələri məndə ayrıca bir təəssürat yaratmışdır. Eyni zamanda Yaponiyanın tualet mədəniyyəti məni heyran qoymuşdu. Burada hətta “Tualet Allahı” adlı mahnı da var. Yadınıza salın, Yaponiya səfirliyinin Beyləqanda tualet tikdirmək məsələsini. Bəzi insanlar bunu lağ-lağı obyektinə çevirmişdilər, amma bu ən yüksək mədəniyyət hesab olunmalıdır. Hər evin mədəniyyəti, təmizliyi onun tualetindən başlamalıdır. Yaponiyada hər addım başında tualetə rast gəlinir. Hər mağazada tualet vardır. Özü də təmənnasız insanların xidmətindədir. Bakıya tez-tez yaponlarla səfərlərimiz olur. Onlar hər zaman qeyd edirlər ki, Bakıda əziyyət çəkirik tualetsizlikdən. Məcbur hər kəs otelə qayıdır bundan ötrü. Yaponiya həddindən artıq təmiz ölkədir. Təmizliyinə mat qalır insan. Heç kim zibili yerə atmaz, maşında yola atmaz. Hər kəs özü ilə daşıyır və zibil qabına atır.13936746_286712461695939_868654243_n

Əlavə olaraq məni heyran edən Yaponiyanın “onsen”-ləri oldu. “Onsen” isti bulaq deməkdir. Eyni zamanda ingilis dilində buna “public bath” yəni “ictimai hamam” da deyirlər. Burada kişilər və qadınlar tam çılpaq vəziyyətdə isti bulaqlara daxil olurlar. Buna Yaponiyada “çılpaq bədənlərin qovuşması” deyirlər. Qeyri-adi səslənsə də, bu Yaponiya mədəniyyətinin bir hissəsini təşkil edir. Xarici vətəndaşlar da çox həvəslə Onsene gedirlər. Onu da qeyd edim ki, kişilər və qadınlar ayrı-ayrı zallarda hamama daxil olurlar.

Burada Nara şəhərində, Hiroşima prefekturasına aid Miyajima adasında marallar küçələrdə adi insanlarla birlikdə gəzirlər. Mən heyran olmuşdum bu mənzərəyə. Onu da deyim ki, turizm sahəsi çox inkişaf edib və buradan kifayət qədər Yaponiya büdcəsinə pul gedir. Hokkaydo adasında maşın sürərkən isə, tez-tez qarşıya “ehtiyatlı olun, yola maral çıxa bilər” “ehtiyatlı olun yaxınlıqda ayı var” kimi nişanları xaricilərə qeyri-adi gəlir.

– Ailəniz, yaxınlarınız üçün ilk dövrlərdə xüsusilə darıxırdınız yəqin ki…

 İlk dəfə 15 günlük gələndə düzünü desəm, sevinc hissi o qədər idi ki, darıxmaq heç yadıma düşməmişdi. Yapon dilini öyrənməyə başladığımdan 6 il keçəndən sonra nəhayət Yaponiyanı görmək, buranın insanları ilə təmasda olmaq şansı əldə etmək hissini sözlə ifadə etməkdə çətinlik çəkirəm. Amma 6 illik proqram üzrə gələndə ilk öncə bir az evdəkilər üçün darıxmaq var idi, əlbəttə, amma o qədər də güclü hiss etmədim. Uşaq vaxtlarımdan məni müstəqil tərbiyələndiriblər deyə, darıxmaq hissim o qədər də güclü deyil. Getdiyim yerə qısa zamanda alışıram. Özü də əgər bu yer arzuların məkanı Yaponiyadırsa. Digər tərəfdən isə hər il bir neçə dəfə Vətənə qayıtmaq şansım olduğuna görə darıxmağa vaxt tapa bilmirəm.

– Deyirlər ki, yaponlar çox utancaqdır, hətta salam verərəkən də bir-birinin üzünə baxmırlar. Siz nə hiss etmisiniz?

Doğru buyurursuz. Yaponiyalılar haqqında dünyada çox geniş yayılmış bir fikirdir. Mən də razıyam. Hətta özləri belə xaricilərlə müzakirələr zamanı bu fikrə diqqəti yönəldirlər. Özüm də dəfələrlə şahidi olmuşam. Əlbəttə, bunun həm müsbət, həm də mənfi tərəfləri vardır.  Danışıqlar zamanı da gözlərini yayındırmaqları da var.

– Bizdə elə təəssürat var ki, uzaq şərq ölkələrinin sakinləri ilan-qurbağa yeyir. Doğrudanmı, elədir?

– Hər dəfə Azərbaycana geri dönəndə və ya həmvətənlərimizlə söhbət əsnasında bu mövzuya gəlib çıxırıq. Belə bir fikir var, amma doğru deyil. Yaponiya mətbəxində ilan-qurbağa, it-pişikdən istifadə olunmur. Qeyd edim ki, Yaponiya mətbəxi çox dietik və sağlam hesab olunur ki, bu da onların uzunömürlülüyünün bir sirri kimi qəbul edilməkdədir. Çiy balıq əti yeməkləri bir az bizdə qeyri-adi qarşılana bilər. Amma çiy balıq ətinin də bir ayrı ləzzəti var. Bir maraqlı faktı nəzərinizə çatdırım. Yaponiya bir zəhərli balıq növü var ki, onu sadəcə ən bahalı restoranlarda verirlər və kifayət qədər qiymətlidir. Onu hazırlamaq üçün aşbazlar xüsusi hazırlıqlar keçirlər, yüksək səviyyəli sertifikat əldə etmək üçün. Çünki bu balıq çox zəhərlidir və yanlış bişirilərsə, müştəri ölə bilər. Bu balığın adı Fuqu-dur. Avropanın bir çox ölkələrində də kifayət qədər yüksək səviyyəli restoranlarda bu mətbəxə tələbat görülməkdədir.13942481_286713901695795_885702370_n

– Bizimlə yaponlar arasında hansı oxşar və fərqli cəhətlər diqqətinizi çəkib?

– Yaponlarla azərbaycanlılar arasında kifayət qədər oxşar və fərqli xüsusiyyətlərin olduğunu düşünürəm. İlk öncə oxşar cəhətlər haqqında danışım. Böyük-kiçiyə, özündən təhsilcə, vəzifəcə böyüyə hörmət, adət-ənənələri qoruyub saxlamaq baxımından oxşarıq. Şəhərlərimiz arasında da Tokyo ilə Bakı şəhərinin müqayisəsini aparmaq olar. Hər iki şəhər öz qədimiliyi və müasir çalarları ilə göz qamaşdırır. Hər iki şəhəri həm mühafizəkar, həm də yenilikçi adlandırmaq olar.

Fərqli cəhətləri barədə danımaq olar, məsələn bir fakt mənim üçün də maraqlı gəldi – bu Yaponiyalıların içki məclisləri ilə (Nomikai) ilə bağlıdır. Bizim adət-ənənələrimizə görə qadınların spirtli içki içməsi o qədər də xoş hal sayılmır. Yaponiyada isə içki içməyən qadına xoş baxmırlar. Yemək süfrəsi arxasında qadınlar kişilərə spirtli içki süzməlidirlər, bu bir növ mədəniyyət hesab olunur. Yaponiyada bir çox məşhur böyük iş adamları, böyük şirkət rəhbərləri, öz şirkət büdcələrindən hətta böyük məbləğdə vəsait ayırırlar bu məclislər üçün. Məqsəd isə öz işçisini daha da yaxından tanımaq, onun əslində necə bir insan olmasının fərqinə varmaqdan ibarətdir. Belə məclislərdə adi işçilərin də öz rəhbərləri ilə danışmağa və hətta zarafatlaşmağa şansları olur. Normalda deyə bilmədiklərini birbaşa rəhbərlərinin üzünə deyirlər. Ümumiyyətlə fikir vermişəm, Yaponiyada içki içənlər daha çox irəli gedirlər və yaxşı imicə malikdirlər. Bizdə isə bu məsələ bir qədər fərqlidir.

– Sıravi yaponlar necə dolanır? Əhalinin dolanışıq səviyyəsi necədir?

– Baxmayaraq ki, son illər Yaponiya iqtisadiyyatının vəziyyəti o qədər də ürəkaçan deyil, əhalinin dolanışığı normaldır. Ümumiyyətlə, Yaponiyanın ən zəngin vaxtları 70-ci illərin sonundan 90-cı illərədək olan dövr hesab edilir. İndiki 60-80 yaşlı insanlar Yaponiyanın ən zəngin insanları hesab olunurlar. Ən inkişaf etdiyi dövrdə maaşlar da yüksək səviyyədə idi. İndi isə artıq gənc nəsildə belə bir narahatçılıq var ki, onlar təqaüdə çıxanda bunu ala bilməyəcəklər. Çünki dövlətin buna imkanı olmayacaq. Digər tərəfdən isə təhsilə kifayət qədər pullar ayırırlar. Bəzən insan düşünür ki, bu qədər də olmaz. Amma bu Yaponiya dövlətinin təhsilə və o sahədə çalışan insanlarına olan hörmətinin bir təcəssümüdür.

– Qərblilərin çöldə, restoranlarda yemək ənənəsi var. Yaponlar necə, evdə  qidalanmağa üstünlük verir, yoxsa necə?

– Səhv etmirəmsə, Yaponiya dünyada restoranlarının sayına görə birinci yerdə olmalıdır. Bunu dəqiqləşdirməyə ehtiyac var. Yaponiyada da restoran mədəniyyəti çox inkişaf etmişdir. Həddindən artıq yaxın bir insan olmasan, səni heç zaman evlərinə dəvət etməyəcəklər. Hər zaman restorana dəvət edirlər. Bizimlə daha bir fərqi qeyd edim. Azərbaycanda restoranlar saray formasında çox cah-cəlallı tikilir və belə yerlər daha baha olur. Yaponiyada isə ən balaca, bəzən sadəcə 4-6 nəfərin daxil ola biləcəyi qədər kiçik olan yerlər ən bahalı restoranlar sırasında öndə gəlir. Yaponiya mədəniyyəti ilə, buradakı yaşamla bağlı kifayət qədər məlumatı olmayan şəxs buraya gəlib bu mənzərənin şahidi olsa, şoka düşər. Daha bir maraqlı məsələyə toxunum. Yaponiyanın ən qədim şəhərlərindən biri olan, qədim paytaxtı Kyoto şəhərində belə restoranlar daha çoxdur. Bu restoranlara çox vaxt “yeni insanları” (ichigensama) buraxmırlar. Sadəcə öz tanıdıqları, daimi müştəriləri üçün işləyirlər. Restoran hətta boş olsa belə, içəri girməyə icazə olmur. Əgər onların tanıdığı insanla gəlsən, o zaman problemsiz ötüşür.

– Əlibəy, yaponların toylarında və yas mərasimlərində olmusunuzmu? Onlarda bu mərasimlər necə təşkil olunur?

– Mədəniyyətlərimiz arasında daha bir fərq özünü məhz toy mərasimlərində göstərir. Bizim toylar bildiyiniz kimi, çox səsli-küylü, yemək-içməklə bol keçir. Bir sözlə, vur-çatlasın olur. Amma Yaponiyada toy mərasimləri çox sakit abı-havada keçir. Özü də axşam 6-7-dən sonra deyil günorta 1-2-də başlayır. Yemək-içmək az olur. Bir azərbaycanlının doya biləcəyi qədər süfrə açılmır. Bununla belə “yer pulu” kifayət qədər baha olur. Əsas etibarilə bəylə gəlinin valideynləri və onların üzərində əməyi keçmiş bir neçə şəxs (əksər hallarda müəllimləri) söz alıb, nitq söyləyirlər. Sonda isə bəy və gəlin öz üzərlərində əməyi olan şəxslərə təşəkkürünü bildirdikdən sonra, məclis bağlı elan edilir. Rəqs etmək olmur. Amma çox hallarda rəsmi hissə başa çatdıqdan sonra gənclər ikinci, üçüncü məclis adı altında digər restoranlara yeyib-içməyə gedirlər. Amma yenə də rəqs etməyə az rast gəlinir. Mən daha çox öz toy mərasimlərimizə üstünlük verərdim.13978016_286747478359104_119349456_o

– Yaponlarda da bizim kimi analar oğullarına qız seçməyə çalışır, yoxsa başqa dəyərlər hakimdir? Ümumiyyətlə, bizə bir qədər yaponların sevgi, nikah, evlilik ənənələri barədə danışa bilərsinizmi?

– Belə ailələr var təbii ki. Amma ümumi tendensiyada bir qədər fərqlər də görülməkdədir. Yaponiyada evlilik yaşı artmaqdadır. Bunun özü də uşaqların olmamasının əsas başlıca səbəblərindən biri kimi göstərilməkdədir. Yaponiyada yaşlı nəslin sayı artır, uşaqlar isə azalır. Bu səbəbdən əhalinin sayında azalma var. Son zamanlar Yaponiyada xarici nikahlar bir növ dəbdədir. Televiziya ulduzları arasında da “hafu”-ların sayı əhəmiyyətli dərəcədə artmaqdadır. “Hafu”-valideynlərindən birinin xarici olan ailədə dünyaya gələn övlada deyilir. Yapon xanımları xüsusilə övladlarının yaraşıqlı olması üçün digər millətlərə meyli olurlar. Bu haqda bir çox verilişlər də hazırlanmışdır. Yapon kişilərində isə, mən deyərdim ki, mühafizəkarlıq daha güclüdür. Daha çox öz millətindən olan xanımlara üstünlük verirlər. Buna baxmayaraq, son vaxtlar yapon kişilərlə digər millətin xanımları arasında olan nikahlara da rast gəlinir. Təmiz sevgi əsasında qurulan evliliklər də var. Belə olmayanları da var. Bir çox xarici vətəndaşlar Yaponiyada qalmaq xətrinə, viza və ya vətəndaşlıq xətrinə nikaha girirlər ki, bu da öz növbəsində bir çox sosial problemlərin yaranmasına gətirib çıxarır.

– Uşaqların tərbiyəsi ilə bağlı yaponları sərt, mühafizəkar xalq kimi xarakterizə edirlər. Hətta o qədər ki, uşağın fiziki cəhətdən cəzalandırmasının adi hal olduğu deyilir. Doğrudanmı, belədir?

– Yaponiyada uşağın fiziki cəhətdən cəzalandırılması hallarına rast gəlinir. Doğru buyurduz. Televiziyada da tez-tez işıqlandırılır bu məsələ. Buna Yaponiyada “Gyakutai” deyirlər. Azərbaycanla başlıca fərqi qeyd edəcəm. Təbii ki, bunu hamıya aid etmək olmaz, amma ümumi mənzərə belədir. Azərbaycanda valideynlər övladlarının hər zaman yanlarında olmalarını, böyüyüb onlara baxmalarını tələb edirlər və bu istiqamətdə tərbiyələndirirlər. Xüsusilə qız uşaqlarına qarşı daha sərt reaksiya görürük – həm ailələrdə həm də cəmiyyətdə. Bu bizdə belə qəbul olunub və adi hal kimi qiymətləndirilir. Mən bunu bir növ “Valideynlərin eqo”-su kimi qiymətləndirirəm. “Sənə baxıb böyütmüşəm, buna görə əvəzində sən də mənə baxmalısan”. Bir növ qarşılıq umulur, sərt desəm. Buna görə öz həyatlarını qurban verən gənclərimiz də az deyil. Yaponiyada isə uşaqları müstəqil şəkildə böyütməyə meyililik vardır. Əksər ailələrdə fərq etmək qız və ya oğlan övladı 16-18 yaşlarında evlərindən çıxıb müstəqil şəkildə yaşamağa, işləyib özlərini saxlamağa, öz ayaqları üzərində durmağa çalışanlar daha çoxdur. Burada tərbiyə bu yöndədir. Hər kəs özünü saxlamağa çalışır. Valideynlər də elə işləyirlər ki, yaşlaşanda övladlarından iqtisadi cəhətdən asılı olmasınlar. Mən düşünürəm ki, Azərbaycanda da belə bir sistemə keçmək pis olmazdı. Hər kəs öz ayaqları üzərində dursun və özünə baxa bilsin. Heç kimdən heç nə ummadan. Belə insanlarımızın sayının artması mənim ən böyük arzularımdan biridir.13940917_286710191696166_1166854608_n

– Qayıdaq təhsilə. Yaponların elm və təhsildəki uğurları nə ilə bağlıdır?

– Yaponiyada elmə hörmət çox yüksək səviyyədədir. Yaponiyada müəllimlərin maaşları nazirlərinin maaşları səviyyəsindədir. Yaponiyalılar təhsil almağı, oxumağı sadəcə olaraq sevirlər. Bu, əsas səbəbdir. Yaponiyada kitab mağazalarına girəndə özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Bizim restoranlarımız ölçüsündə, gözəlliyində Yaponiyanın kitabxanaları, kitab mağazaları vardır. Budur, əsas inkişafın təməli. Kitab mağazalarında o qədər insan olur ki, hər kəs ayaq üstə oxuyur. Metroya girirsən hər kəs otura-otura və ya ayaq üstə, fərq etməz yenə də oxuyur. Bizdə öndə gedən universitetlərimizin önü tələbələrin dünyada bərk gedən, ən bahalı maşınları ilə dolub-daşır. Yaponiyanın ən öndə gedən universitetlərinin qarşısı isə tələbə və müəllimlərin velosipedləri ilə dolub daşır. Budur fərqimiz. Budur Yaponiyanın təhsilinin inkişafının əsas səbəbi.

– Orta məktəblər necə təhsil verir? Sistemin əsas prinsipləri hansılardır?

– Düşünürəm ki, normal səviyyədədir. Bununla belə son zamanlar pullu ailələr övladlarını ingilis dilli beynəlxalq məktəblərə qoymağa can atırlar. Yaponiya məktəblərində uşaqlar bir qədər içlərinə qapanmış olurlar. Beynəlxalq məktəblərdə isə onlara daha çox liderlik öyrədilir. Eyni zamanda Tokyoda olan orta məktəblərdə əlavə büdcə ayrılır beynəlxalq dərslər üçün. Xarici tələbələr öz ölkələri haqqında ətraflı məlumatlar verməklə öz ölkələri haqqında müsbət imic formalaşdırmağa çalışırlar.

– Ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılmasında, şübhəsiz ki, xaricdə təhsil alan tələbələrimizin də rolu əhəmiyyətlidir. Bu istiqamətdə hansısa işlər görə bilmisinizmi?

– Bu sahədə bir çox işlərimiz olub. Xüsusilə 2014-cü il May ayının 15-də Hokkaydo Universitetinin Xarici Tələbələr Assosasiyasına prezident seçildikdən (2015-ci ilin Aprel ayında yenidən seçildim) sonra bir çox əlavə hüquqlara yiyələndim. Bunun vasitəsilə əsasən Hokkaydoda və mərkəzi şəhəri Sapporoda Azərbaycanı bir çox mötəbər yerli və beynəlxalq tədbirlərdə tanıtmaq imkanım oldu. Bunlar barədə mediamızda kifayət qədər ətraflı məlumatlar verilmişdir və təkrarçılığa yol vermək istəmirəm. Amma burada xüsusi qeyd etmək istədiyim, Sapporo Beynəlxalq Qar Fiqurları Festivalında iki il ard-arda təmsil olunmağımızdır ki, bu da birbaşa mənim həmin assosasiyaya prezident seçilməyimlə bağlı idi. 2015-ci ildə Fevral ayında festivalda Azərbaycan Qız Qalası və milli geyimli həmvətənlərimizin qardan hazırlanmış fiqurları ilə təmsil olunmuşdu. 2016-cı ildə isə Heydər Əliyev Mərkəzi və milli geyimli həmvətənlərimizin qardan olan fiqurları ilə. İki il ərzində 5 milyondan çox insan, yerli və xarici turistlər tərəfindən ziyarət olunmuş və Azərbaycan haqqında bir çox insanlar biliklər əldə etmişdir. Onlardan çoxu Azərbaycana getmək istədiklərini, mədəniyyətimizi öyrənmək istədiklərini xüsusilə qeyd edirdilər. Bundan başqa Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, Xocalı faciəsi ilə bağlı bir çox elmi konfranslarda iştirak edib, çıxışlar etmişəm. Həm Yaponiyada, həm də Amerika Birləşmiş Ştatlarında. Bunun sayəsində əsasən elm adamları olmaqla bir çox insanların diqqəti məsələyə yönəlmişdir. Əlavə olaraq isə, Yaponiyanın paytaxtı Tokyo şəhərində yerli internet televiziya kanalında (World Investors TV) dəfələrlə qonaq qismində dəvət olunub Azərbaycanla bağlı fikirlərimi bölüşmüşəm. Əsas mövzular Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü, 20 Yanvar faciəsi, Müstəqillik günü, Bayraq günü, Konstitusiya günü, milli bayramlarımız və s. olmuşdur.  Onu da qeyd edim ki, bu ilin iyun ayının 16-da bu günə qədər olan diaspora fəaliyyətimi bir adda cəmləşdirmək məqsədilə, Yaponiyalı biznesmenlərlə birlikdə “Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyası”-nın əsasını qoymuşuq. Hal-hazırda sədr vəzifəsini icra etməkdəyəm.13987880_286748221692363_1596119537_o

– Və ən nhayət, sonuncu sual: vətənə qayıtmağı düşünürsünüzmü? Yoxsa təhsil aldığınız ölkədə qalıb işləməyi düşünürsünüz?

– Bu bir qədər siyasi sualdır (gülür-V.M.). Hər bir məsələnin öz zamanı var. Bununla belə, suala uzatmadan konkret cavab verməyə çalışacam. Mən belə hesab edirəm ki, mənim Yaponiyada qala-qala Azərbaycan üçün, eyni zamanda Azərbaycan və Yaponiya arasında olan mədəni, iqtisadi və siyasi əlaqələrin genişlənməsi naminə görə biləcəyim işlər daha çoxdur. Bu səbəbdən Yaponiyada məskən salmaqla Azərbaycanın adını ən yüksək zirvələrdə səsləndirmək mənim bir növ mənəvi borcumdur. Bunun üzərində artıq bir neçə ildir ki, işləməkdəyəm və müəyyən dərəcədə uğurlarımız da vardır. Eyni zamanda, dövlətim üçün kadr olaraq lazım olaramsa, Bakıda işləməkdən də həzz alaram. Əsas görülən və görüləcək işlərdir, məkan üçün isə hər yer uyğun ola bilər. Əsas məqsəd Azərbaycançılıq ideyasının inkişaf etdirilməsi, Azərbaycan adının hər yerdə uca tutulmasıdır. Ölkə haqqında müsbət fikir, rəy yaratmaqdır. Mən bunu digər müsahibələrimdən birində də qeyd etmişdim ki, xaricdə olan hər bir vətəndaşımız özünü bir səfir, konsul kimi aparmalıdır. Dövləti onun insanları ilə tanıyırlar. Biz ölkəmizin güzgüləriyik. Ona görə də hər addımımızı ciddi şəkildə düşünüb daşınmalıyıq.

Söhbətləşdi: Vüsal Məmmədov13987880_286748221692363_1596119537_o




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir