Azərlotereya

Kasıbın 1 manatına da göz dikən “Azərlotereya” – “Poz-Qazan” bəlası

Baxış sayı: 645

Son zamanlar məşhurlaşmış bir bəla haqqında danışmaq istəyirəm. Bu bəla birdən-birə, lap elə koronavirus kimi yayıldı, mutasiyaya uğradı, məmə deyəndən-pəpə deyənə qədər hamıya yoluxdu. Hara baxırsan, harada olursansa, hərlənib-fırlanıb qabağına çıxır. Haqqında danışacağımız bu bəla “Poz Qazan” adlı bir lotereyadır.

“Poz Qazan” Azərlotereya ASC-nin buraxdığı, “daha əyləncəli” və “daha həyəcanlı” ani kartlardır. Pozursan və qazanırsan. Yox, yox, əsasən, pozursan və qazanmırsan. Pozursan və bədbəxt olursan. Pozursan və kül olur həyatının başına.

İnsanın xislətində “az qoyub-çox götürmək” istəyi var. Xüsusən, pulu çox sevən bir millət kimi biz hər sahədə bunu tətbiq edirik. Pirə, ocağa 1 manat qoyub Allahdan 100 000 manat istəyirik. Dilənçiyə 20 qəpik verib, bir illik dua ehtiyatını tamamlamağını arzulayırıq. Az büdcə ilə böyük biznes quran adam görəndə ağzımızın suyu axır. Azərbaycanda bu cür şeylər çox məşhurdur. Hər nəysə, bu misalları yazdım ki, əziz oxucunun gözünün qarşısında konkret bir mənzərə canlansın, oxu hara atdığımı görsün.

Fikir vermisinizsə, əksər “Poz Qazan” köşklərinin qarşısında, əsasən, yaşı 30-dan çox olan adamlar olur. Ümumiyyətlə, yaşı 30-dan çox olan azərbaycanlı adamların əksəriyyəti həyatda uğur qazana bilməyiblər. Evdə arvad sıxır, işdə müdir sıxır, qohumlar arasında hörmətin olmur, dostların səni saya salıb öz məclislərinə çağırmırlar, uşaqların səndən utanırlar, sənin fikrini ciddiyə alan olmur, səndən bir söz soruşmurlar, heç Allahın da sevimli bəndələri arasında girmirsən, hara getsən olmur, nə etsən alınmır, necə yaşasan əmələ gəlmir.

 

Əlac qalır “Poz Qazan”a.

Yaşı 30-dan çox olan, həyatda heç bir uğur qazana bilməyən insanlar özlərini bu cür təsdiq etmək istəyirlər. Şans, bəxt yolu ilə. Onsuz da, yaş 30-u ötdü və əldə-ovucda heç nə qalmadısa, başlayırsan “Allaha təvəkkül” rejimində yaşamağa. Harda bəxt, şans və bu tipli asan yolla, durduğun yerdən varlana bilənəcək şey görsən özünü sınamaq istəyirsən. Bəlkə, bu bədbəxt tale bir dəfə də sənin üzünə gülər… Bəlkə, fələyin çərxini tərs çevirərsən. Nə bilmək olar?

 

Qayıdaq “Poz Qazan”a.

Mən xatırlayıram ki, “Poz Qazan” çoxdan var idi. Amma o vaxtlar indiki kimi məşhur deyildi. Birdən-birə necə oldusa, hər kəs pozub-qazanmağa başladı. Həqiqətən, hər metronun çıxışında, adam çox olan yerlərdə, tünlüklərdə, keçidlərdə, dayanacaqların yanında bir “Poz Qazan” köşkü var. Özü də “Poz Qazan” satan adamlar, demək olar, hamısı bir-birinə oxşayır.

Qara rəngli, orta-boy, jilet geyinmiş, kirli saqqallı, qalın papaq taxmış adamlar, dayanmadan camaata elə hey balaca dördkünc kağızlar satır, aldıqları manatları da, şüşə köşklərinin altındakı karton qutulara atırlar. Hərdən elə bilirəm ki, əslində, bütün “Poz Qazan”ları bir nəfər satır, amma o hər yerdədir.

“Poz Qazan” mərcin müxtəlif növlərindən biridir. Təxminən, qumarın fəst-fud formasıdır. Ayaq üstü, aldın, pozdun, atdın, çıxdın-getdin. Dünyamız da sürətli həyata təkamül edir deyə, insanlar daha əvvəlki kimi televizorların qabağında, qələmlə oturub, “latatron fırlanır və 9 xətt aşağıda” deyən ruskiy-yazıçnı qızlara qulaq asmırlar.

Orta əsrlərdə katolik kilsəsi günahlardan arınmağa, cənnətə düşməyə görə pulla qəbzlər satırmışlar. Adı da “indulgensiya”, yaxud “Cənnət qəbzləri” imiş. Çox qəribədir ki, “Poz Qazan”la “İndulgensiya”lar aşağı-yuxarı eyni şeylərdir. Hər iksi də insanlara ümid vəd edir, səadət sözü verir, varlanmaq şansı gətirir, rahatlıq vəd edir.

Bu cür gedişat məni çox kədərləndirir. Sən demə, insan bütün dövrlərdə eyni imiş. O, həyatı boyu həmişə kiçik bir ümid axtarışında olur və beləcə ümid edə-edə ölüb gedir. Orta əsrlərdə cənnətə getmək üçün qəbz alan insanla, müasir dövrdə 1 manata “Poz Qazan” alıb varlanmaq istəyən insanın arasında heç bir fərq yoxdur.

Mən heç kimi günahlandırmaq istəmirəm.

“Poz Qazan” köşklərinin yanında yığışan tünlüyü görəndə bərk kədərlənirəm. Balaca ürəyim yenə sıxılır. Cinsindən asılı olmayaraq köşkün qabağında yığışıb, başlarını aşağı salaraq dəlicəsinə nəsə pozan adamlara yazığım gəlir. Hətta bəzi adamlar, əsasən də, qadınlar utana-utana orda dayanıb, milyoner olmalarını gözləyirlər. Hamı varlanmaq istəyir, hamı rahat yaşamaq arzusundadır. Heç kim həyatından məmnun deyil. Bu şeylərə kədərlənməyən, üzülməyən insanın ürəyi daşdan olmalıdır.

Yazıq insanlar başa düşür ki, orta-statistik bir maaşla heç vaxt istədiklərinə nail ola bilməyəcəklər. Başa düşürlər ki, haram pul yemədən, böyük oğurluqlar etmədən heç cür varlanmaq olmur. Anlayırlar ki, belə həyatla ancaq bir ev və bir maşın almaq üçün bütün həyatlarını fəda edəcəklər.

Amma yenə olan kasıba olur. Böyük oyunlardan, böyük pullardan bəxtə-xuda bir faiz payına düşər, ya yox. Onun üçün də nə qədər stress, əsəb, həyəcan keçirməlidir, risk etməlidir.

Kasıb insan özünü tanımalıdır və nəfsinin cilovunu heç vaxt buraxmamalıdır. Buraxdınsa, batacaqsan.

Gözümün qabağında, bir oğlan “bir manat-bir manat” deyə-deyə o qədər pozdu ki, ayılanda gördü 500 manata yaxın bir məbləğ gedib, ortada da heç nə yoxdur. Bu an onun alnına baxdım və mənə elə gəldi ki, o poza-poza öz alın yazısını da pozub qurtarıb. Bundan sonrakı taleyini də pozub. Allahın yazdığını da kasıblıq üzündən silib. Əliağa Vahid demiş, “Üzü dönsün görüm o ağuya qalmış çörəyin…”

Əziz, kasıb və “Poz Qazan” oynayaraq özünü bədbəxt edən azərbaycanlılar! Oynamayın, a kişi. Oynamayın. Birincisi, ona görə ki, bu işlər şans, bəxt məsələsidir. Yüz də bir faiz qazanmaq ehtimalı var. Və əgər itirmək şansınız qazanmaqdan 99% çoxdursa, bu halda, ancaq özünüzü məhv edəcəksiniz.

İkincisi, hamımız, sübhənallah-əlhəmdulillah müsəlmanıq. Dinimizdə də bu işin ən böyük günah olduğu vurğulanır. Haramdır. Açıq-aşkar camaatın gözü qabağında, Allahın dediklərini, qulaqardına vurmayın. Rəşid Məhmudov demiş, “lotusuzmu əəə, siz?” Adam da Allahın dediyini eləməz?

Üçüncüsü, sizə bir hikmətli məsəllə bu söhbətin necə boş məsələ olduğunu göstərəcəyəm. Dəqiq yadımda qalmayıb, amma əsas məzmunudur.

Bir gün hansısa xəlifənin yanına bir falçı gəlir ki, bəs mən hər kəsin nə vaxt öləcəyini bilirəm. Xəlifə də tez əmr verir ki, aparın bunun boynunu vurdurun. Bilsəydi, bura gəlməzdi. Əlqərəz, yəni ki, varlansaydılar onu satanlar, onu sizə sırıyanlar, onu hazırlayanlar varlanıb, milyonçu olardılar.

Dördüncüsü, hozuluq eləməyin. Hansı “Poz Qazan” köşkünün ətrafına baxırsan, minlərlə zibil, kağız toplanır. Heç olmasa, onları yerə atmayın, ətrafı zibilləməyin. Çox biabırçı vəziyyət yaranır. Onları süpürənləri düşünün, başqa insanları narahat edəcəyinizi fikirləşin. Bir sözlə, xahiş edirəm, pozub-qazanmadığınız, pozub bədbəxt olduğunuz manatlıq qəbzləri yerə atmayın.

Burda bir haşiyə çıxmaq istəyirəm. BNA-ya müraciət edəcəm. Bu mənlə BNA arasında olan məsələdir. İstəsəniz buranı oxumayın.

“Əziz, BNA. Xahiş edirəm, hər dayanacağa “Bakı-kart”a pul yükləmək üçün aparatlar qoyun. Mən bezmişəm, avtobusun içinə girib camaatdan bir gediş dilənməkdən”.

Davam edirik. Beşincisi.

Beşinci olaraq, bir xatirəmi qeyd etmək istəyirəm. Tələbəlik dövründə bir dostum dəhşətli dərəcədə TopAz-a qurşanmışdı. Özü də çox yaxın idik. İndi də eləyik. Hər gün daha da batırdı, daha da borca girirdi, daha çox itirirdi. Hər gün bir az ölürdü.

Biz də ödənişli əsaslarla oxuyurduq. Bir dəfə üçüncü kursda filan idik, dostum gəlib mənə dedi ki, “ödənişin hamısını basdım iki “kafsentə” (əmsala)”. Bir sözlə 1600 manat TopAz-da yandı getdi. Dostum bu söhbətdən sonra universiteti atdı, hər şeyin başın buraxıb, yerləşdi rayona. 3 ildir ki üzə çıxmır, Bakıya ayaq basmır.

Yəni ki, mərc, qumar insanı bədbəxt edən, böyük bəlalardan biridir. Bacardığınız qədər nəfsinizə, iradənizə sahib durun və bu cür şeylərdən uzaq olun.

 

Vüqar Babazadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir